• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib

    27 Avqust 2019

    Muxtar respublika gömrük orqanları tərəfində əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son vaxtlar xarici bazarlarda saxta yollarla hazırlanmış yuyucu və təmizləyici vasitələrə, məktəbli ləvazimatlarına və digər mallara daha çox rast gəlinməsi bu cür məhsullara qarşı mübarizəni daha da aktual edir.
    Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsində saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə mövzusunda təlim keçirilib. Sözügedən təlimi Türkiyə Respublikasında fəaliyyət göstərən “Esfor” şirkətindən dəvət olunmuş mütəxəssislər aparıblar. Qeyd edək ki, saxta mallara qarşı mübarizə sahəsində 19 illik təcrübəsi olan bu şirkət dünyanın 190 firması ilə əməkdaşlıq edir.
    “Esfor” şirkətinin rəhbəri Cengiz Gümüştüz qurumun iş prinsipi, yoxlamaların aparılması üçün istifafə edilən cihazlar, beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verib. Şirkətin eksperti Merve Eraslan “Procter&Gemble”, “Adel” və “Faber-Castell” şirkətlərinə aid olan malların orjinal və saxta olanının ayırd edilməsi üsullarını diqqətə çatdırıb, bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb. Təlimçilər özləri ilə bərabər gətirdikləri nümunələrin timsalında malların orjinal və ya saxta olmasını müəyyən etməyi praktik olaraq izah ediblər.
    Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının da iştirak etdiyi təlimin sonunda sertifikatlar paylanılıb.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən saxta və keyfiyyətsiz idxal mallarına qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və işdə tətbiqi məqsədilə gələcəkdə də bu cür təlimlərin təşkili nəzərdə tutulub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi