• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Əməkdaşımıza “Smiths Detection” şirkətinin sertifikatları verilib

    21 Noyabr 2019

    Almaniyanın Visbaden şəhərində yerləşən “Smiths Detection” şirkəti tərəfindən gömrük əməkdaşları üçün texniki təlim seminarları təşkil olunub. 11-15 noyabr tarixlərində keçirilən seminarlarda Azərbaycan Gömrük Xidməti nümayəndələri ilə birgə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Əkrəm Məmmədov da iştirak edib. Təlimlər minik nəqliyyat vasitələrinin skan olunması üçün nəzərdə tutulan “CİP 300” markalı stasionar tipli rentgen nəzarət qurğularının istifadə qaydaları və qurğuya texniki xidmətin göstərilməsi ilə bağlı olub.

    Qeyd edək ki, gömrük nəzarətinin sürətli və effektiv həyata keçirilməsini təmin edən “CİP 300” markalı stasionar rentgen nəzarət qurğularının cari ilin sonuna qədər quraşdırılaraq Azərbaycan Respublikasının gömrük orqanlarının istifadəsinə verilməsi nəzərdə tutulub. Bu rentgen qurğusunun istismarı zamanı üç əməkdaşın xidmətindən istifadə olunur. Bunlardan biri qurğunun giriş hissəsində duraraq skana cəlb olunan nəqliyyat vasitəsinin sürücüsünü təlimatlandırdıqdan sonra prosesin başlaması üçün operatora məlumat verir, digəri skan prosesini təsdiq edərək alınan rentgen təsvirlərini analiz edir, üçüncü əməkdaş isə operatorun verdiyi qərar əsasında nəqliyyat vasitəsinin buraxılışını təmin edir.

    Təlim çərçivəsində istehsalat zamanı yaranan radiasiya fonundan qorunmanın yolları, radiasiya mühitinə mütəmadi nəzarətin həyata keçirilməsinin vacibliyi izah olunub.

    Təlimin sonunda əməkdaşımız Əkrəm Məmmədova beynəlxalq dərəcəli təlimçi (CİP 300 Train the trainer) və servis sertifikatları təqdim olunub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi