• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    İqtisadi sahədə startap layihələrinin təqdimatı olub

    11 Dekabr 2019

    Naxçıvan Muxtar Respublıkasının Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı və dəyərləndirilməsi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası istiqamətində görülən işlərdən danışıb.
    Qeyd olunub ki, hami təşkilat olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə tədbirlər planı təsdiqlənib və qarşılıqlı faydalı əməkdaşlıq təmin edilib. “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasına köməklik göstərmək və onların dəyərləndirməsini həyata keçirmək məqsədilə Komitədə İnnovasiya Mərkəzi və Ekspert şurası yaradılıb. Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alan tələbələri ilə müxtəlif seminar və görüşlər keçirilib, onlara gömrük orqanlarının fəaliyyəti, gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və iş prosesində istifadə olunan texniki nəzarət vasitələri ilə bağlı məlumatlar verilib. Görülən işlərin nəticəsidir ki, artıq tələbələr yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən layihələri - startapları təqdim etməyə başlayıblar.
    Komitənin İnnovasiya mərkəzinin ekspert şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, muxtar respublikamızda müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına stimul verir. Son illər gömrük sistemində prosedurların sadələşdirilməsi və ticarətin asanlaşdırılması məqsədilə innovativ layihələrdən geniş istifadə olunur. Gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, kargüzarlıq işinin avtomatlaşdırılması, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunması, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, elektron gömrük xidmətləri və Hədəf Mərkəzi gömrük xidmətində uğurla tətbiq olunan innovativ layihələrdir. Bununla belə, gömrük sistemində yeni texnoloji innovasiya layihələrinin tətbiqi üçün geniş imkanlar və böyük potensial vardır.
    Sonra Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasının IV kurs tələbələrindən – Fərhad Əsgərov “E-Logistic” və “Velotour” Elxan Musayev “Customs mobile” və Həsən Həsənov “Termal suspect” adlı layihələrlə bağlı təqdimat ediblər. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Gələcək perspektivi, sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq Fərhad Əsgərovun təqdim etdiyi layihələr daha cəlbedici hesab olunub və elektron logistika ilə bağlı layihə “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan olunaraq mükafatlandırılıb.
    Tədbirə yekun vuran komitə sədri startapların real iş prosesinə uyğunlaşdırılması üçün layihə müəllifi olan tələbələrin gömrük orqanlarında “Könüllü gömrükçü” kimi işləməsinə şərait yaradılacağını və ən fəal tələbələrə sertifikatlar veriləcəyini vurğulayıb. Komitənin İnnovasiya mərkəzinə elektron logistika və velotur layihələri ilə bağlı təqdimatların təkmilləşdirilməsi, qəbul olunmuş layihələr üzrə işlərin qısa vaxta yekunlaşdırılaraq “Startap Naxçıvan” portalına təqdim olunması ilə bağlı tapşırıqlar verilib.
    Sonra tələbələr komitədə yeni yaradılmış İnnovasiya laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, laboratoriya startap komandalarının və “Könüllü gömrükçü” dəstəsinin tərkibində təmsil olunan tələbələr üçün lazımi şəraitin yaradılması məqsədilə qurulub. Burada internetə çıxşı olan kompüterlər qoyulub, gömrük işinə və iqtisadiyyata aid yeni kitablar alınaraq tələbələrin istifadəsinə verilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi