• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər davam etdirilir

    17 Dekabr 2019

    Gömrük orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və əməyinin stimullaşdırılması istiqamətində tədbirlər davam etirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən növbəti ixtisasartırma kurslarına cəlb edilmiş gömrük əməkdaşları üçün yoxlama imtahanları keçirilib. İmtahanlarda Komitənin müvafiq şöbələri tərəfindən əməkdaşların gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən istifadə qaydalarını, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə bilikləri, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarını hansı səviyyədə mənimsədikləri yoxlanılıb.

    Yoxlama imtahanlarından uğurla çıxmış əməkdaşlara sertifikatların təqdim olunması məqsədilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli dövlətimizin yüksək diqqət və qayğısı ilə gömrük orqanlarının fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını önə çəkib. Qeyd olunub ki, gömrük xidmətinin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də gömrükçülərin bilik və bacarıqları ilə yanaşı peşə vərdişləri də günün tələblərinə cavab verməli, hər bir gömrük əməkdaşı dövrün çağrışlarına uyğun şəkildə formalaşmalı,  xidməti vəzifələr yüksək peşəkarlıqla icra olunmalıdır. Komitə sədri vurğulayıb ki, ixtisasartırma təlimlərinin məqsədi gömrük orqanı əməkdaşlarının praktik bacarığının artırılmasından, xidmətin keyfiyyətinin yüksəldilməsindən, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsindən ibarətdir.

    Qeyd edək ki, 2019-cu il ərzində ümumilikdə 83 gömrük əməkdaşı ixtisasartırma təlimlərinə cəlb olunub, imtahanlardan uğurla çıxmış əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə bütün gömrük əməkdaşlarının bu cür təlimlərə cəlb olunması, əvvəlcədən təsdiq olunmuş proqram üzrə tədrisin aparılması və qiymətləndirilməsi nəzərdə tutulub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi