• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Futzal üzrə “Gömrük kuboku” uğrunda birinciliyə yekun vurulub

    27 Dekabr 2019

    “Şahtaxtı Gömrük İdarəsi” yarışın qalibi olub

    Muxtar respublika gömrük orqanları arasında futzal üzrə “Gömrük kuboku” uğrunda birincilik keçirilib. Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 28-ci ildönümünə həsr olunan turnirdə 8 komanda mübarizə aparıb. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasının tələbələri də “Könüllülər” komandası adı altında birincilikdə iştirak edib.
    Yarımqruplarda keçirilən oyulardan sonra ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə adlayıblar. Yarımfinal qarşılaşmalarında “Sədərək Gömrük İdarəsi” “Culfa Gömrük İdarəsi”ni, “Şahtaxtı Gömrük İdarəsi” isə ““Naxçıvanterminalkompleks” Birliyi” komandasını məğlum edərək həlledici oyuna vəsiqəni təmin ediblər.
    Final qarşılaşmasından öncə keçirilmiş üçüncülük uğrunda oyunda “Naxçıvanterminalkompleks” Birliyinin futzalçıları seviniblər: 4:14.
    Final matçı gərgin mübarizə şəraitində keçib. Oyunun birinci hissəsi “Sədərək Gömrük İdarəsi”nin 4-3 hesablı qələbəsi ilə başa çatsa da, çempionluğu bayram edən tərəf “Şahtaxtı Gömrük İdarəsi” olub: 10:5.
    Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd olunub ki, gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədi ilə keçirilən yarışlar ənənəvi xarakter alıb. İl ərzində şahmat, stolüstü tennis, peyntbol və atıcılıq idman növləri üzrə də müxtəlif yarışlar keçirilib.
    Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. “Şahtaxtı Gömrük İdarəsi” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Rəhim Əliyev (Culfa Gömrük İdarəsi) “Ən yaxşı qapıçı”, Cavid Xəlilov (“Naxçıvanterminalkompleks” Birliyi) “Ən yaxşı müdafiəçi”, Orxan Məmmədov (Sədərək Gömrük İdarəsi) “Ən texnikalı oyunçu”, yarış ərzində 27 qol vuran Azər Əsgərov (“Naxçıvanterminalkompleks” Birliyi) “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlandırılıb.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi