• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Kollegiya iclası keçirilib

    10 Yanvar 2020

    Muxtar respublika gömrük orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn vəzifələr və 2019-cu il ərzində görülmüş işlər müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər genişləndirilərək davam etdirilib. 
    Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Gömrük İdarəsi üçün 18 hektar ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir kompleksin inşasının qısa vaxta başa çatdırılması üçün işlər sürətləndirilib. Gömrük orqanlarında 13 ədəd Almaniya istehsalı olan yeni rentgen-nəzarəti qurğusunun, vətəndaşların üzərlərində olan malların aşkarlanmasına imkan verən 2 ədəd müasir “B-skan” aparatının quraşdırılması gömrük nəzarətinin sürətli və mükəmməl formada həyata keçirilməsinə imkan yaradıb.
    Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, bütün gömrük orqanlarında “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” tətbiq olunmağa başlanılıb. Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş vaxtı 4 saat artırılaraq 16 saata çatdırılıb. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti tam sadələşdirilib.
    Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılması xarici ticarət iştirakçılarının işini daha da asanlaşdırıb. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmiş biznes subyektlərinin fəaliyyəti araşdırılaraq iki müəssisəyə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə üçün icazə verilib.
    Komitə sədri qeyd edib ki, 2019-cu il ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 115,44 % əməl olunub. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 12,88 faizini təşkil edib.
    Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları əsasən İran İslam Respublikası, Türkiyə Respublikası, Gürcüstan, Rusiya Federasiyası və Yəmən Respublikası ilə həyata keçirilib.
    2019-cu il ərzində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 2 cinayət faktı üzrə ümumilikdə 8,2 kq narkotik vasitə aşkarlanıb.
    İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2019-cü ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqadar xaricdən ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
    Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu vurğulayan komitə sədri bu məqsədlə 40 tona yaxın ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını, 20 tona yaxın malın isə məhv edildiyini qeyd edib.
    Muxtar respublika gömrük sistemində peşəkar inkişaf proqramının uğurla icra olunduğunu önə çəkən Səhət Həbibbəyli gömrük əməkdşalarının bilik və bacarıqlarının artırılması, təkmilləşdirmə kurslarının və attestasiyaların təşkili istiqamətində görülən işlərdən də danışıb. Əsas məqsəd gömrük sistemini xarici fəaliyyət iştirakçılarına və vətəndaşlara xidmət edən orqana çevirməkdir,-deyən komitə sədri gömrük orqanlarında nizam-intizama nəzarətin gücləndirildiyini, öz vəzifələrini layiqincə yerinə yetirməyən əməkdaşlar barəsində lazımi tədbirlərin görüldüyünü, işin keyfiyyətinin artırılması üçün ciddi islahatların həyata keçirildiyini önə çəkib. Qeyd olunub ki, il ərzində 28 əməkdaş işdən azad olunub, 202 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
    Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Əməliyyat və təhqiqat şöbəsinin rəis əvəzi, gömrük xidməti mayoru Mahir Orucovun hüquqpozmalara qarşı mübarizə, Naxçıvan Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti mayoru Sərxan Abbasovun gömrük ekspertizası və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətlərində 2019-cu il ərzində görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib. “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Namiq Şıxəliyev hesabat məruzəsi ilə çıxış edib.
    Komitə sədri gömrük işinin keyfiyyətinin artırılması, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, nizam-intizama ciddi əməl edilməsi, büdcə öhdəliyinin və qarşıya qoyulmuş digər vəzifələrin vaxtında icra olunması ilə bağlı konkret tapşırıqlar verib.
    Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi