• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib

    23 Yanvar 2020

    Gömrük orqanlarının yeni internet saytının və (036) 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyasının təqdimatı olub

    Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində təşkil olunan tədbirdə komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, infrastrukturun müasir tələblər səviyyəsində qurulması, iş prosesinin tamamilə avtomatlaşdırılması gömrük rəsmiləşdirmələrinin və malların buraxılışının sürətli formada həyata keçirilməsinə imkan yaradır. Qarşıda duran əsas məqsəd gömrük orqanları tərəfindən biznes subyektlərinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaqdır.
    Muxtar respublikamızda sahibkarlıq sahələrinin qorunması və inkişafının stimullaşdırılması istiqamətində gömrük orqanları tərəfindən görülən işlərdən danışan komitə sədri xarici ticarətin asanlaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər barədə də ətraflı məlumat verib.
    Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov muxtar respublikamızda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində görülən işlərdən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən danışıb. Qeyd olunub ki, qısa idxal bəyannaməsinin tətbiqi ilə ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsinə, risk dərəcələrinin müəyyən olunmasına, gömrük nəzarətinin daha çevik formada həyata keçirilməsinə şərait yaranıb.
    Elektron gömrük xidmətləri barədə məlumat verən Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov qeyd edib ki, malların və nəqliyyat vasitələrinin bəyan edilməsinin, gömrük ödənişlərinin elektronlaşdırılması, gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma, idxal-ixrac əməliyyatları, malların nomenklaturası və tarif dərəcələri ilə bağlı məlumatların elektron qaydada əldə edilməsi gömrük işinin kağızsız texnologiya əsasında tətbiqinə imkan verir. Bunun üçün də biznes subyektləri gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə bu sahədə biliyi, təcrübəsi olan, innovativ layihələrdən faydalanmağı bacaran mütəxəssisləri cəlb etməli, gömrük təmsilçiliyi xidmətindən geniş istifadə olunmalıdır.
    Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni internet saytının və (036) 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi əvəzi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, www.dgk.nmr.az saytı müasir dizaynı, funksionallığı və məlumat bazasının zənginliyi ilə seçilir. Xarici iqtisadi fəaliyyət iştirakçıları, səyahətçilər və digər maraqlı şəxslər sayta daxil olmaqla gömrük işinə dair ən son yeniliklər, qanunvericilik aktları, gömrük orqanlarının fəaliyyəti barədə dolğun məlumatlar əldə edə və elektron xidmətlərdən faydalana bilərlər. Sayt vasitəsilə gömrük orqanlarına elektron qaydada müraciət etmək imkanı vardır. Saytın “Naxçıvan Muxtar Respublikası” bölməsində doğma Naxçıvanımızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı əks etdirilir.

    Vətəndaşlar muxtar respublika gömrük orqanlarının (036) 234 nömrəli informasiya-sorğu xidmətinə zəng etməklə gömrük əməliyyatları, həmçinin, gömrük ekspertizası barədə məlumat əldə edə, gömrük təmsilçiliyi ilə əlaqə yarada, gömrük sahəsində hüquqpozma faktları ilə bağlı məlumat verə bilərlər. Digər məsələlərlə bağlı operatorla əlaqə yaratmaq da mümkündür. Gömrük sərhədini keçən vətəndaşlar info-köşklərdə quraşdırılmış telefonlar vasitəsilə (036) 234 nömrəsinə birbaşa zəng edə biləcəklər.
    Təqdimatlardan sonra diskussiya təşkil olunub. Xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin gömrük işinə dair qaldırdığı məsələlər müzakirə olunub, təkliflər dinlənilib, gömrük işinin asanlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinı verilmiş Dünya iqtisadiyyatı ixtisası tələbələrindən ibarət startap komandasının üzvləri də iştirak edib.
    Sonda tədbir iştirakçılarına gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, sahibkarlıq subyektlərinin muxtar respublikamızın iqtisadi həyatındakı rolunun artırılması istiqamətində əsas tövsiyyələri özündə əks etdirən Məlumat vərəqələri paylanılıb.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi