• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Vətəndaş məmuniyyətinin artırılması və xidməti intizamla bağlı təlimlərə start verilib

    11 Fevral 2020

    Muxtar respublika gömrük orqanı əməkdaşları üçün vətəndaşlarla işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, vətəndaş müraciətlərinə baxılması qaydası və qanunvericiliyin izahı ilə bağlı növbəti təlimlərə başlanılıb. Mərhələli şəkildə bütün gömrük orqanı əməkdaşlarının cəlb olunacağı təlimdə ilk olaraq Sədərək, Culfa və Şahtaxtı Gömrük İdarələrindən ümumilikdə 54 nəfər iştirak edib.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Rahil Tahirli qeyd edib ki, vətəndaş məmnuniyyəti, ünsiyyət qurma bacarıqları, şikayət və narazılıq yaradan davranışlarla mübarizə mövzusunda təlimlərin davam etdirilməsi xidmət səviyyəsinin yüksəldilməsinə, gömrük orqanlarının nüfuzunun artırılmasına və gömrük əməkdaşlarına etimadın yüksəldilməsinə xidmət edir. Vurğulanıb ki, dövlət idarəçiliyində vəzifənin yerinə yetirilməsi qədər vəzifənin necə yerinə yetirilməsi də mühüm əhəmiyyətə malik məsələlərdən biridir. Məhz vətəndaş məmnuniyyətinin səviyyəsi dövlət orqanı əməkdaşları tərəfindən vəzifələrin necə yerinə yetirilməsi ilə birbaşa bağlıdır. Bu isə əsasən vətəndaş müraciətləri, müraciətlərin araşdırılması və təhlili zamanı ortaya çıxır.
    Sonra 2019-cu il ərzində gömrük orqanlarına edilmiş müraciətlərin təhlili, daha çox müraciət edilən sahələr üzrə izahat işlərinin hansı qaydada aparılması, vətəndaşların müraciət hüququ, hüquq və vəzifə anlayışı, vətəndaşla münasibətlərin idarə olunması, mübahisə və münaqişələrə qoşulmama, adekvat tədbir seçmə bacarığı, gömrük əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyən, gömrük orqanlarının işini pozmağa cəhd edən vətəndaşlara qarşı qanunvericilik çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib və müzakirələr aparılıb.
    Komitənin hüquqşünası Vüsal Həsənov və Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin inspektoru Turqut Abbasov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarından irəli gələn məsələlər, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatının müəyyən edilməsi, şəxsi istifadə və istehlak anlayışı, malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi, avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı məlumat veriblər.
    Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi barədə məlumat verən Komitənin Daxili təhlükəsizlik bölməsinin rəisi Fərhad Hüseynəliyev şəxsi heyət tərəfindən xidməti intizama əməl olunmasının vacibliyini önə çəkib. Bildirilib ki, hər bir gömrük orqanı əməkdaşı öz vətəninə, konstitusiyaya və gömrükçü andına sadiq olmalı, xidmətdə və gündəlik həyatda qanunun aliliyini, insanların hüquq və azadlıqlarını, demokratik prinsipləri, mənəvi-əxlaqi dəyərləri, etik normaları rəhbər tutmalı, xidməti vəzifəsinin icrası ilə bir araya sığmayan, gömrük orqanı əməkdaşının adına xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi