• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Muxtar respublikada gömrük xidməti müasir tələblər səviyyəsində qurulub

    23 Fevral 2020

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasından 28 il ötür

    Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi maraqlarının və manafelərinin qorunması, milli və müstəqil gömrük xidmətinin formalaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirib. O illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb. Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarəedilməsinin təşkili olub. Ümummilli lider Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi yaradılıb.
    Ulu Öndərimizin ölkəmizə rəhbərliyi dövründə gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülüb, gömrük orqanları mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gömrük sisteminin beynəlxalq standartlar səviyyəsində hərtərəfli inkişafı təmin olunub.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib. Ötən dövrdə muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçib, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi təmin olunub. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilib və iş vaxtı 16 saata çatdırılıb. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin fasiləsiz olaraq fəaliyyət göstərməsi blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Resbublikasının digər bölgələri arasında gediş-gəlişin, avtonəqliyyat əlaqələrinin və mal dövriyyəsinin müntəzəm şəkildə həyata keçirilməsinə şarait yaradıb. Naxçıvan-Bakı-Naxçıvan maşrutu üzrə hərəkət edən avtobusların sərhədkeçmə prosesi zamanı gömrük yoxlamasının tam sadələşdirilməsi ilə sərnişinlərin təyinat yerinə daha tez çatması təmin edilib.
    Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub. Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun şəkildə inşa olunan modern kompleksdə yüklərin, avtonəqliyyat vasitələrinin və sərnişinlərin keçidini təmin edəcək inzibati binanın, anbarların mövcud olduğu yüklərin rəsmiləşdirilmə binasının və sürətli keçidə xidmət edəcək yeni infrastrukturun inşası başa çatdırılıb, kompleksin qısa vaxtda istifadəyə verilməsi üçün işlər sürətləndirilib.
    Bu gün muxtar respublika gömrük xidmətində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı, Sədərək və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrində quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə, yük nəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Ötən il gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılan ““B-SKAN” rentgen-baxış qurğuları ilə şübhəli şəxsin üzərində gizlətdiyi predmentləri asanlıqla müəyyənləşdirmək olur. Dövlətimizin qayğısı ilə muxtar respublikanın sərhəd keçid məntəqələrində minik nəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen tipli avadanlıqların qurulması istiqamətində də işlər görülür. Qeyd edək ki, Almaniya istehsalı olan bütün bu yoxlama-baxış qurğuları dünyanın inkişaf etmiş ölkələrinin gömrük sistemlərində tətbiq olunan ən müasir müayinə sistemləridir.
    Muxtar respublika gömrük sistemində innovativ layihələrdən geniş istifadə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinə, ticarətin asanlaşmasına, gömrük sərhədindən sərnişin və mal dövriyyəsinin sürətlənməsinə, çevik idarəetmənin tətbiqinə və şəffaflığın təmin olunmasına imkan yaradır. Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarə olunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Gömrük sərhəd-buraxılış məntəqələrindən muxtar respublika ərazisinə idxal və ya tranzit rejimində daxil olan yüklü nəqliyyat vasitələri xüsusi mexaniki kilidlə – GPS sistemi ilə təmin olunur, müəyyən edilmiş marşrut üzrə təyinat gömrük orqanına vaxtlı-vaxtında çatdırılma nəzarətdə saxlanılır.
    İndi sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vahid elektron sistem vasitəsilə həyata keçirilir. Gömrük bəyannamələri və digər mal-müşayiət sənədləri gömrük orqanlarına elektron imza vasitələri ilə imzalanmaqla tam elektron mühitdə təqdim edilir. Elektron hökümətə inteqrasiya və onlayn xidmətlərin arealı ilbəil genişləndirilir. Rəsmiləşdirmə zamanı əvəlcədən bəyanetmə, elektron növbə və elektron ödəniş sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi bir neçə dəqiqə ərzində başa çatdırılır.
    “Bir pəncərə” prinsipinin təkmilləşdirilməsi, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi gömrük nəzarətinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə, fiziki gömrük yoxlamalarının minimuma endirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilməsinə münbit zəmin yaradır. Ötən ilin fevral ayından tətbiq olunan “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən xaric iqtisadi fəaliyyət iştirakçıları öz idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsini gömrük orqanına gəlmədən həyata keçirə, gömrük əməkdaşının iştirakı olmadan mallarını sərhəddən öz anbarına və ya öz anbarından sərhəd gömrük orqanına göndərə bilir. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” olduğunu nəzərə alaraq qeyd etmək yerinə düşər ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə yerli məhsulların xarici bazarlara daha tez və keyfiyyətli şəkildə çatdırılmasına və onların rəqabət qabiliyyətliliyinin yüksəlməsinə münbit şərait yaradır.
    Gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq edilən ən mühüm layihələrdən biri də “Sərhəd keçmə vaxtının ölçülməsi” sistemidir. Bu sistem sərhəd keçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə, gömrük prosedurlarının yerinə yetirilməsini, mal və nəqliyyat vasitələrinin hərəkətini ləngidən səbəbləri aşkarlayıb aradan qaldırmağa imkan verir. 
    Gömrük xidməti muxtar respublikamızın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Büdcə öhdəliyi hər il artıqlaması ilə yerinə yetirilir, dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artır. 
    Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. Son üç ildə muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən ümumilikdə 310 kiloqrama yaxın narkotik vasitənin aşkarlanması Naxçıvan gömrükçülərinin bəşəri bəla olan narkomaniyaya və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində böyük nailiyyətidir.
    Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, o cümlədən ixrac potensialının artmasına da əlavə stimul verir. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Keyfiyyət göstəricilərinin təyini ilə bağlı məhsullardan alınan prob və nümunələrin ekspertizası, həmçinin geni dəyişdirilmiş məhsulların analizi həyata keçirilir. 
    Muxtar respublikanın iqtisadi inkişafı, sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər xarici ticarət əlaqələrinin genişləndirilməsinə və ixrac potensialının gücləndirilməsinə şərait yaradır. Artıq Naxçıvan Muxtar Respublikası dünyanın 60-dan çox ölkəsi ilə ticarət əməliyyatları aparır, ixracın həcmi ilbəil artır. Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri regionda ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.
    Gömrük orqanları iqtisadi təhlükəsizliyi təmin etməklə yanaşı, sahibkarlığın stimullaşdırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, muxtar respublikamızın tranzit potensialının güclənməsinə və turizmin inkişafına öz töhfəsini verir. Bu məqsədlə biznes subyektləri ilə vaxtaşırı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılmış müasir köşklər vasitəsilə fiziki şəxslər, o cümlədən turistlər sadələşdirilmiş elektron bəyannaməni doldurur, elektron ödəmə həyata keçirə bilir, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar. Gömrük əməkdaşları bəyannamələrin tərtib edilməsində vətəndaşlara yardım göstərirlər. Gömrük sərhəd-buraxılış məntəqələrində quraşdırılan monitorlarda Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialı ilə bağlı video-çarxlar nümayiş etdirilir.
    Xarici ölkələrdə qeyd alınan yoluxucu xəstəliklərin muxtar respublikamza keçməsinin qarşısının alınması üçün bütün sərhəd keçid məntəqələrində vaxtaşırı olaraq dezinfeksiya işləri aparılır, xaricdən gələn bütün avtonəqliyyat vasitələri sensorla işləyən dezobaryerlərdən keçir. Sərhəddi keçən şəxslərinin bədən temperaturu termal kamera və elektron termometrlər vasitəsilə nəzarətdə saxlanılır.
    Muxtar respublika gömrük sistemində aparılan uğurlu islahatlar gömrük orqanlarının təkcə nəzarət deyil, xidmət funksiyasını da ön plana çıxarır. Gömrük qanunvericiliyinə riayət etməyənlərə qarşı qətiyyətli mübarizə aparmaqla yanaşı, qanuni ticarətlə məşğul olanlara asan və əlverişli imkanlar yaratmaq, vətəndaşlara, biznes subyektlərinə, turistlərə xidmət edən orqana çevrilmək indi əsas hədəflərdən biridir. Gömrük orqanı əməkdaşlarının bilik və bacarığının artırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsi məqsədilə keçirilən ixtisasartırma təlimləri bu baxımdan xüsusilə əhəmiyyətlidir.
    Gömrük orqanları müxtar respublikamızda həyata keçirilən könüllülük və startap hərakatlarında da fəal iştirak edir. Cənab Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası tələbələrinə startap layihələrinin hazırlanmasında köməklik göstərilməsi üçün Komitədə İnnovasiya Mərkəzi, Ekspert şurası və İnnovasiya laboratoriyası fəaliyyət göstərir. “İdeyadan başlanğıca” devizi altında startap layihələri hazırlayan tələbələr “Könüllü gömrükçü” dəstəsində təmsil olunurlar.
    Dahi rəhbər Heydər Əliyev gömrük orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən qeyd etmişdir ki, “biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”. Bu gün əminliklə deyə bilərik ki, muxtar respublika gömrük sistemi öz fəaliyyətini bu prinsiplər əsasında quraraq dogma Naxçıvanımızın dinamik inkişafına xidmət edir. Gömrük işi sahəsində muxtar respublikamızda yaradılan hərtərəfli şərait qarşıya qoyulmuş vəzifələrin bundan sonra da uğurla icra olunmasına imkan verəcəkdir.


    Rahil TAHİRLİ,
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi