• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Altı namizədə ixtisas attestatı verilib

    24 Mart 2020

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi üçün keçirilmiş test imtahanının nəticələri məlum olub. 11 namizədin iştirak etdiyi imtahanda suallar gömrük işi, valyuta münasibətləri, bank işi, vergi və ödənişlər, statistika və xarici iqtisadi fəaliyyət, audit və risk analizləri, gömrük işinə aid mülki, inzibati, cinayət və digər hüquq sahələrini əhatə edib.
    İmtahan nəticələrinə əsasən, “Naxçıvanterminalkomplek” Biriliyinin 6 əməkdaşına Dövlət Gömrük Komitəsi tərəfindən ixtisas attestatı verilib. İxtisas attestatı almış mütəxəssislər gömrük təmsilçisi adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququ əldə ediblər.
    Qeyd edək ki, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə tənzimlənir. Muxtar respublikamızda gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin formalaşdırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli biznes mühitinin yaradılmasına, şəffaflığın təmin olunmasına, gömrük əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, gömrüklə biznes subyektləri arasında körpü rolu oynayan təmsilçilik institutunun dəstəklənməsinə xidmət edir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi