• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Muxtar respublika gömrük orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

    30 İyul 2020

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin birinci yarısı ərzində görülmüş işlər müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.
    Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb, Sədərək Gömrük İdarəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri aparılıb. Gömrük orqanlarında əl yüklərinin və vətəndaşların üzərlərinin yoxlanılması üçün 3 ədəd Almaniya istehsalı olan yeni rentgen-baxış qurğularının quraşdırılması gömrük nəzarətinin sürətli və tələbolunan formada həyata keçirilmə imkanlarını artırıb.
    Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, gömrük orqanlarının yeni internet saytı və 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyası istifadəyə verilib, vətəndaş müraciətlərinin qeydiyyatı və cavablandırılması elektronlaşdırılıb.
    Komitə sədri qeyd edib ki, hesabat dövrü ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 100,39 % əməl olunub. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 131 % çox olub. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 18,97 faizini təşkil edib.
    Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 0,5 % artıb. İxrac əməliyyatları əsasən Gürcüstan Respublikası, İran İslam Respublikası, Ukrayna Respublikası, Türkiyə Respublikası, Əfqanıstan Respublikası, Tacikistan Respublikası, Belçika Krallığı, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Yəmən Respublikası ilə həyata keçirilib.
    Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan Komitə sədri əlverişli coğrafi mövqeyə malik olan Naxçıvan Muxtar Respublikası üzərindən tranzit keçidin təhlükəsiz, sürətli və səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edib.
    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, Culfa və Sədərək gömrük keçid məntəqələrində nəqliyyat vasitələri üçün iki yeni dezinfeksiyaedici qurğu quraşdırılıb, muxtar respublika ərazisinə daxil olan bütün nəqliyyat vasitələri dezobaryerlərdən keçirilib. Məsafədən hərarətin ölçülməsinin təmin edilməsi məqsədilə sərnişin keçid zallarına yeni termal kameralar qoyulub, əməkdaşlar portativ termometrlərlə, tələb olunan tibbi ləvazimat və dezinfeksiyaedici məhlullarla təmin olunub, gömrük nəzarət zonaları mütəmadi olaraq dezinfeksiya edilib.
    İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması ilə əlaqadar ixrac olunan mallar üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin təşviqi həyata keçirilib, gömrük rəsmiləşdirilməsi üçün çəkilən xərclər minimuma endirilib. Muxtar respublikada qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
    Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu vurğulayan komitə sədri bu məqsədlə 60 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını qeyd edib.
    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən də danışan Komitə sədri tədiyyə növləri üzrə vergi və rüsumların vaxtında toplanaraq büdcəyə köçürülməsinə nəzarətin artırılacağını, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrasının təmin ediləcəyini, muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixraca yönəldilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini, daxili bazarın qorunması istiqamətində tədbirlərin davam etdiriləcəyini və xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələrin gücləndiriləcəyini vurğulayıb.
    Kollegiya iclasında Komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rafael Əliyevin 2020-ci ilin birinci yarısı ərzində dövlət büdcəsinin proqnoz göstəricilərinin icra vəziyyəti, Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Audit bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Məmməd Adıgözəlovun aparılmış audit yoxlamalarının nəticələri barədə məruzələri dinlənilib.
    Kollegiya iclasına yekun vuran Komitə sədri gömrük işinin keyfiyyətinin yüksəldilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, işə tələbkarlığın artırılması, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı konkret tapşırıqlar verib.
    Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi