• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    “İxrac ili”ndə ixraca gömrük dəstəyi artırılır

    30 Sentyabr 2020

    2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan olunmuş, Ali Məclis Sədrinin 06 mart 2020-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. “İxrac il”ində gömrük orqanları tərəfindən muxtar respublikamızda ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilmişdir. Cari ildə muxtar respublikanın xarici ticarət dövriyyəsində ixracın həcmi artmış, ixrac əməliyyatları əsasən Gürcüstan Respublikası, İran İslam Respublikası, Ukrayna Respublikası, Türkiyə Respublikası, Əfqanıstan Respublikası, Tacikistan Respublikası, Belçika Krallığı, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Yəmən Respublikası ilə aparılmışdır.
    "İxrac ilin"ndə muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracına əlverişli şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanlarından alınmış məlumatlar əsasında təhlillər aparılmış, daxili bazarın tələbatından artıq istehsal edilən malların ixraca yönəldilməsi üçün müvafiq gömrük prosedurları daha da sadələşdirilmiş, ixracın stimullaşdırılması üçün gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsi barədə maarifləndirmə işləri aparılmış, xarici ölkələrə və Azərbaycan Respublikasının digər bölgələrinə yerli kənd təsərrüfatı məhsullarının aparılmasına müvafiq köməklik göstərilmişdir.
    Ailə təsərrüfatlarının fəaliyyəti üçün muxtar respublikaya gətirilən bütün növ xammal, avadanlıq, qablaşdırma ləvazimatları və materialların güzəştli şərtlərlə və sadələşmiş qaydada buraxılışının təmin olunması bu sahədə keyfiyyətli məhsul istehsalının və ixrac imkanlarının artmasına səbəb olmuşdur. Gömrük orqanları tərəfindən ailə təsərrüfatı məhsullarının ixrac istiqamətində aparılmasına müvafiq şərait yaradılmışdır. Azərbaycan Respublikasının digər bölgələrinə aparılan, həmçinin qonşu ölkələrə ixrac edilən ailə təsərrüfatı məhsullarına gömrük prosedurlarının sadələşdirilmiş qaydada tətbiqi təmin edilmiş, qonşu ölkələrin gömrük xidməti nümayəndələri ilə keçirilən görüşlərdə Naxçıvan məhsullarının xarici dövlətlərə buraxılışı üçün əlverişli şəraitin yaradılmasına və prosedurların sadələşdirilməsinə nail olunması istiqamətində müvafiq işlər görülmüşdür.
    Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması məqsədilə ixrac əməliyyatları zamanı tətbiq olunan gömrük ödənişləri azaldılmış, gömrük ödənişlərinin hesablanması və alınması üzrə elektron sistemin tətbiqi genişləndirilmişdir. Türkiyə Respublikası Prezident Adminstrasiyasının 4 mart 2020-ci il tarixli 2252 saylı qərarına əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan 76 adda yerli məhsulun Türkiyə Respublikasına güzəştli qaydada ixracı üçün xarici ticarət iştirakçıları ilə maarifləndirmə işi həyata keçirilmiş, gömrük rəsmiləşdirilməsinin sürətli və maneəsiz həyata keçirilməsinin təmin edilməsi üçün Dilucu və İğdır Gömrük Müdirlikləri ilə danışıqlar aparılmışdır.
    Yerli istehsal məhsullarının ixracı zamanı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin təşviqi diqqətdə saxlanılmış, Komitənin rəsmi internet səhifəsindən istifadə etməklə müvafiq məlumatlandırma və izahat işləri aparılmışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə dair icazə verilmiş biznes subyektlərinin idxal-ixrac əməliyyatları zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi risk qiymətləndirilməsi əsasında daha çevik şəkildə həyata keçirilmiş, ixracda yükləmə əməliyyatları, idxalda isə malların boşaldılması zamanı məmur-sahibkar təması minimuma endirilmiş, Naxçıvan məhsullarının xarici bazarlara daha tez və keyfiyyətli şəkildə çatdırılmasına münbit şərait yaradılmaqla onların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər görülmüşdür. İxrac istiqamətində yerli məhsul istehsal edən biznes subyektlərinin siyahısı hazırlanmış, onlara “Yaşıl dəhliz” buraxılış sisteminin üstünlükləri barədə müvafiq məlumatlar verilmişdir.
    Yerli istehsal sahələrinin ixrac potensialını stimullaşdırmaq məqsədilə idxal olunan bütün növ xammal, avadanlıq, qablaşdırma ləvazimatları və materialların güzəştli şərtlərlə və sadələşmiş qaydada buraxılışının təmin olunması muxtar respublikada keyfiyyətli məhsul istehsalının və onların ixrac imkanlarının artmasına səbəb olmuş, rəqabətədavamlı məhsul istehsalının dəstəklənməsi istiqamətində müvafiq işlər görülmüşdür.
    Qeyd edək ki, "İxrac ili"ndə gömrük orqanları tərəfindən ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində görülən məqsədyönlü işlər və yaradılan şərait muxtar respublikada yeni istehsal sahələrinin və ailə təsərrüfatlarının yaradılmasına, istehsal müəssisələrinin öz fəaliyyətini genişləndirməsinə səbəb olmuşdur. 

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi