• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Muzeylərlə tanışlıq davam etdirilir

    10 Oktyabr 2020

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi oktyabrın 10-da “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Xan sarayında məlumat verilib ki, bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.
    Diqqətə çatdırılıb ki, bu iqamətgah Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Muzeyin 9 ekspozisiya zalı var. Burada 2000-ə yaxın eksponat yerləşdirilib ki, onlardan 236-sı muzeydə nümayiş etdirilir.
    Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
    Bildirilib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd xalqımızın mifoloji və dini baxışlarını özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğ edilməsidir. 80 eksponatla fəaliyyətə başlayan mədəniyyət müəssisəsində hazırda 400-dən çox eksponat sərgilənir. Burada mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr, daşla bağlı məişət əşyaları qorunub nümayiş etdirilir. 

    Həmin gün Sədərək Gömrük İdarəsinin kollektivi isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar.  

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi