• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşları üçün attestasiya imtahanı keçirilib

    16 Noyabr 2020

    Gömrük orqanlarının əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə keçirilən imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 60 faizini düzgün cavablandıran şəxslər müvafiq keçid balını toplamış sayılıblar.
    İmtahan bitdikdən dərhal sonra iştirakçılara nəticələrə dair arayış təqdim edilib. Test imtahanında qeydiyyatdan keçən 49 nəfərdən 48-i imtahanda iştirak edib, onlardan 34-ü müvafiq keçid balını toplayaraq attestasiyadan müvəffəqiyyətlə keçib.
    Mövcud vəziyyətlə əlaqədar olaraq attestasiya imtahanında tibbi maskadan istifadə edilib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.
    Qeyd edək ki, imtahan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən  keçirilib. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmaqla yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakları da təmin edilib.
    Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında da yerləşdirilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi