• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrükçülərdən sərhədçilərə bayram sovqatı

    29 Dekabr 2020

    Əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, hərbi hissələrə sovqat aparmaq, yardımlar göstərmək dövlət-xalq-ordu birliyini təcəssüm etdirir. Bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub.
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edən Komitə sədri, gömrük xidməti general-leytenenatı Səhət Həbibbəyli vurğulayıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir. Bu bayram günlərində muxtar respublikamızda dövlət-xalq-ordu birliyinin, həmrəyliyin bir daha şahidi oluruq.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev dövlətimiz tərəfindən ordumuzun maddi-texniki təminatının ən yüksək səviyyədə həll edildiyini vurğulayıb. Qeyd olunub ki, bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluqçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya əvəzsiz mənəvi dayaqdır.
    Əsgər Xəzər İbrahimov göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
    Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub.
    Qeyd edək ki, Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrinin kollektivləri də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə müxtəlif hərbi hissələrdə olub, əsgərlərimizə bayram sovqatı aparıblar.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi