• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    2020-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

    15 Yanvar 2021

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci il ərzində görülmüş işlər müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.
    Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb, Sədərək Gömrük İdarəsi üçün qurulan müasir kompleksdə son tamamlanma işləri aparılıb. Gömrük orqanlarında əl yüklərinin və vətəndaşların üzərlərinin yoxlanılması üçün Almaniya istehsalı olan 14 ədəd yeni rentgen-baxış qurğusunun, Culfa və Sədərək Gömrük idarələrində minik avtonəqliyyat vasitələrinin müayinəsi üçün rentgen-baxış qurğularının, Azərbaycan gömrük sistemində ilk olan maşınaltı izləmə sistemlərinin quraşdırılması gömrük nəzarətinin sürətli və tələbolunan formada həyata keçirilmə imkanlarını artırıb.
    Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, gömrük orqanlarının yeni internet saytı və 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyası istifadəyə verilib, vətəndaş müraciətlərinin qeydiyyatı və cavablandırılması elektronlaşdırılıb.
    Komitə sədri bildirib ki, muxtar respublika gömrük orqanları 2020-ci il ərzində 24 milyon 956 min manat vəsait toplayaraq büdcə öhdəliyini 101,1 % yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 21,4 faizini təşkil edib.
    Muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 72 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1,9 % artıb. İxrac əməliyyatları əsasən Gürcüstan Respublikası, İran İslam Respublikası, Türkiyə Respublikası, Əfqanıstan Respublikası, Yəmən Respublikası, Amerika Birləşmiş Ştatları, Oman Respublikası, Rusiya Federasiyası, İraq Respublikası və Türkmənistan Respublikası ilə həyata keçirilib.
    Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan Komitə sədri qeyd edib ki, 1 cinayət tərkibli fakt üzrə tranzit olaraq Almaniyaya yük aparan nəqliyyat vasitəsindən 24 kq narkotik vasitə - tiryək aşkar olunub.
    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılıb, Culfa və Sədərək gömrük keçid məntəqələrində nəqliyyat vasitələri üçün iki yeni dezinfeksiyaedici qurğu quraşdırılıb, muxtar respublika ərazisinə daxil olan bütün nəqliyyat vasitələri dezobaryerlərdən keçirilib. Məsafədən hərarətin ölçülməsinin təmin edilməsi məqsədilə sərnişin keçid zallarına yeni termal kameralar qoyulub, əməkdaşlar portativ termometrlərlə, tələb olunan tibbi ləvazimat və dezinfeksiyaedici məhlullarla təmin olunub, gömrük nəzarət zonaları mütəmadi olaraq dezinfeksiya edilib.
    İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. Muxtar respublikamızda “İxrac ili” olan 2020-ci ildə 4 yerli istehsal şirkətinə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
    Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu önə çəkən komitə sədri bu məqsədlə 70 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını qeyd edib.
    Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Emin Eylazovun İş prosesinin avtomatlaşdırılması istiqamətlərində 2020-ci ildə görülmüş işlərlə bağlı məruzələri dinlənilib. “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Namiq Şıxəliyev Birliyin illik fəaliyyəti ilə bağlı hesabat verib.
    Kollegiya iclasına yekun vuran Komitə sədri gömrük işinin keyfiyyətinin yüksəldilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, işə tələbkarlığın artırılması, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı konkret tapşırıqlar verib.
    Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi