• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük əməkdaşları Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər

    31 Yanvar 2021

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 19 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən Naxçıvanda keçirilən “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi yanvar ayının 30-da Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.
    Ziyarət zamanı məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il 22 may tarixli sərəncamı ilə yaradılıb. 2002-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub.  Bildirilib ki, Azərbaycanın görkəmli rəssamı Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulub, 1922-ci ildə Naxçıvan şəhərində vəfat edib. Vurğulanıb ki, 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla bədii sənət xəzinəmizə dəyərli nümunələr bəxş edib. Muzeydə 1300-ə yaxın eksponat mühafizə olunur ki, bunların da 61-i rəssamın orijinal əsərlərdir.
    Bildirilib ki, muzey tarixi binada yerləşir. Ötən əsrin əvvəllərində inşa edilən bina ilk vaxtlar Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. Ümummilli liderimiz Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil alıb və məktəbi əla qiymətlərlə bitirib. Ona görə də ümummilli liderimizin xatirəsinin əbədiləşdirilməsi üçün binaya xatirə lövhəsi vurulub və muzeydə Heydər Əliyev xatirə otağı yaradılıb.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi