• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Təlim kursunu bitirmiş daha 9 əməkdaşa sertifikat verilib

    19 Mart 2021

    Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində davam etdirilən “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təlim kurslarını bitirmiş daha 9 əməkdaşa sertifikat verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli gömrük sərhədindən keçən nəqliyyat vasitələrinin müayinəsi, malların və sənədlərin düzgün eyniləşdirilməsi, riskin müəyyən olunması, qaçaqmalçılıq predmentlərinin aşkarlanması, müayinə zamanı texniki nəzarət vasitələrindən səmərəli istifadənin gömrük nəzarətinin keyfiyyətinin artırılmasına xidmət etdiyini deyib. Vurğulanıb ki, gömrük sərhədindən keçidin sürətli və təhlükəsiz olması gömrük əməkdaşlarından yüksək peşəkarlıq, təcrübə və ixtisaslaşma tələb edir. 
    Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

    Qeyd edək ki, fevral ayının 1-dən mərhələli formada təşkil olunan təlimlərin proqramında nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər yer alır. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, minik avtomobili və avtobusda gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunurlar. Yekun qiymətləndirmə praktik məşğələlərin nəticələrinə görə aparılır. 

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi