• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    İxtisasartırma təlimləri səmərə verir

    21 Aprel 2021

    Muxtar respublika gömrük orqanı əməkdaşlarının  təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində növbəti təlimə yekun vurulub.
    12-17 aprel tarixlərində keçirilən təlimdə əməkdaşların nəzəri bilikləri ilə yanaşı, praktik vərdişlərinin təkmilləşdirilməsi də diqqətdə saxlanılıb. Təlimin proqramına uyğun olaraq sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, əlamətlərə görə riskin müəyyən olunması, qaçaqmalçılıq fəaliyyətinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər tədris olunub. Əməkdaşlar müxtəlif nəqliyyat vasitələrində (TIR, minik avtomobili və avtobus) gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün məşğələlərə cəlb olunublar. Aşkarlanmış predmentlərin sayına görə yekun dəyərləndirmə aparılıb.
    Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli təlim iştirakçıları ilə görüşüb. Nəqliyyat vasitələri üzərində gömrük baxışının səmərəliliyinin artırılması məqsədilə gömrük orqanlarında Müayinə qruplarının formalaşdırıldığını qeyd edən komitə sədri keçirilən təlimlərin səmərə verdiyini, son vaxtlar aşkarlanan hüquqpozma hallarının sayında artım olduğunu önə çəkib.
    Sonra sertifikatlar təqdim olunub. Təlimdə iştirak edən 11 əməkdaşın hər biri yüksək nəticə göstərib.
    Qeyd edək ki, fevral ayından başlayaraq keçirilən təlimlərin əsas məqsədi gömrük sərhədini keçən nəqliyyat vasitələri üzərində gömrük baxışının və gömrük yoxlamasının keyfiyyətinin artırılmasından, riskin düzgün qiymətləndirilməsindən, daha çevik və effektiv gömrük nəzarətinin təşkilinə nail olmaqdan ibarətdir.

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi