Dövlət Gömrük Komitəsinin kollektivi Hüseyn Cavidin ev-muzeyini ziyarət edib
Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi Hüseyn Cavidin ev-muzeyini ziyarət edib.
Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Azərbaycanın görkəmli filosof-şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyi onun anadan olmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin imzaladığı 1981-ci il 21 iyul tarixli qərara əsasən yaradılmışdır.
Muzeyin fonunda 9 mindən çox eksponat qorunub saxlanılır ki, hazırda bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıclığı barədə təssürat yaradır.
“Matəm otağı” adlanan otaqda Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirilən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.
Muzeyi ziyarət zamanı kollektivə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. Represiya qurbanı olan şairin nəşinin 1982-ci ilin noyabr ayında uzaq Sibirdən doğma yurduna - Naxçıvana gətirilməsi ulu öndər Heydər Əliyevin Hüseyn Cavid yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin, təəssübkeşliyin növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə dahi rəhbərin himayəsi ilə Naxçıvan şəhərində görkəmli dramaturqun məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.
Komitənin Mətbuat xidməti