• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Təlim kursunu başa vuran 8 əməkdaşa sertifikat təqdim edilib

    26 Aprel 2021

    Gömrük işinin müasir tələblər səviyyəsində qurulması sərhəd keçid məntəqələrində effektiv gömrük nəzarətinin təşkilinə əsaslanır. Təsadüfi deyil ki, gömrük sərhədini keçən nəqliyyat vasitələri üzərində gömrük baxışının və nəzarətinin keyfiyyətinin artırılması, risklərin düzgün və operativ qiymətləndirilməsi gömrük orqanı əməkdaşlarından müvafiq bilik və bacarıqlar tələb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi gömrük orqanı əməkdaşlarının təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təlimlərə cəlb olunmasını daim diqqət mərkəzində saxlayır. Bu ilin fevral ayından başlayan və mərhələli şəkildə təşkil olunan təlimlər də bu sahədə həyata keçirilən tədbirlərdəndir.

    Təlimlərdə əməkdaşlar nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər keçirilir. Həmçinin əməkdaşlar praktiki baxımdan müxtəliftipli nəqliyyat vasitələrində şərti olaraq gizlədilmiş qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlanması üçün praktik məşğələlərə cəlb olunurlar. Aşkarlanan predmentlərin sayına görə yekun qiymətləndirmə aparılır. 
    Növbəti belə təlim 19-24 aprel tarixləri arasında keçirilib və təlimdə 8 əməkdaş iştirak edib. Aprelin 26-da təlim iştirakçıları ilə keçilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti polkovniki İsmayıl Məmmədov təlimlərdə qazanılan nəzəri və praktik biliklərin gömrük işinin səmərəli təşkili və gömrük nəzarətinin keyfiyyətinin artırılması baxımdan əhəmiyyətli olduğunu bildirib.
    Sonra təlimdə iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub. Əməkdaşlardan 6-sı təlimi yüksək, 2-si məqbul nəticələrlə başa vurub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi