• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması mövzusunda təlimlərə yekun vurulub

    04 May 2021

    Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması” mövzusunda təşkil olunan təlimlərə yekun vurulub. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində keçirilən təlimlərə nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışının səmərəliliyini artırmaq məqsədilə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış Müayinə qruplarında yer alan əməkdaşlar cəlb edilib.
    Mərhələli formada üç ay davam edən təlimlərdə nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının daha effektiv şəkildə həyata keçirilməsi, sürücü və sərnişinlərin sorğu-sual edilməsi, nəqliyyat vasitələrinin gizli saxlanc yerləri, riskin qiymətləndirilməsi, qaçaqmalçılıq əlamətlərinin aşkarlanması, yol-nəqliyyat və mal-müşayiət sənədləri əsasında düzgün eyniləşdirmənin aparılması, nəqliyyat vasitələrinin yoxlanılmasında istifadə olunan texniki nəzarət vasitələri və onlardan səmərəli istifadə üzrə dərslər tədris olunub. Seminar-məşğələləri mövzular üzrə Komitənin əməkdaşları – Mahir Orucov, Əkrəm Məmmədov, Emin Eylazov və Rahil Tahirli aparıblar. Əməkdaşlar nəqliyyat vasitələri – TIR, soyuduculu yük maşını, minik avtomobili və avtobusda gizlədilmiş şərti qaçaqmalçılıq predmentlərini texniki nəzarət vasitələrindən də istifadə etməklə aşkarlamaq üçün praktik məşğələlərə cəlb olunublar. Praktik məşğələlərin nəticələrinə görə yekun qiymətləndirmələr aparılıb.
    Mayın 4-də son təlimin iştirakçıları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının tranzit potensialından səmərəli istifadə, ticarətin asan, sürətli və təklükəsiz şəkildə həyata keçirilməsi üçün gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının keyfiyyətinin artırılması, riskin düzgün qiymətləndirilməsi üzrə təkmilləşmə tədbirləri bundan sonra da davam etdiriləcək. Keçirilən təlimlərin səmərə verdiyini qeyd edən Komitə sədri son vaxtlar aşkarlanan hüquqpozma hallarının sayında artım olduğunu vurğulayıb.
    Onu da qeyd edək ki, təlimlərdə iştirak etmiş 84 əməkdaşın 44-ü yüksək, 40 əməkdaş isə məqbul nəticə göstərib və müvafiq sertifikatlar alıblar.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi