• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Startap layihələrinin təqdimatı keçirilib

    24 İyun 2021

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iqtisadi sahədə startap layihələrinin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Komitə sədrinin müavini, gömrük xidməti polkovniki İsmayıl Məmmədov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, hami təşkilat olaraq Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan tələbələrinə “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasında köməklik göstərmək və onların dəyərləndirməsini həyata keçirmək məqsədilə birgə tədbirlər planı təsdiq olunub, Komitədə İnnovasiya Mərkəzi, Ekspert şurası və İnnovasiya laboratoriyası yaradılıb. Tələbələrlə müxtəlif seminar və görüşlər keçirilib, onlara gömrük orqanlarının fəaliyyəti, gömrük sistemində tətbiq olunan innovativ layihələr barədə ətraflı məlumatlar verilib. Startap komandalarında təmsil olunan tələbələrdən ibarət ilk “Konüllü gömrükçü” dəstəsi formalaşdırılıb.
    Komitənin İnnovasiya Mərkəzinin Ekspert Şurasının rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, muxtar respublikamızda müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olur. İqtisdi sahədə innovativ layihələrin hazırlanması ilə bağlı görülmüş işlərin nəticəsi olaraq bu vaxta qədər ümumilikdə 6 layihə üzərində iş aparılıb, gələcək perspektivi, iqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq “E-logistics” və “VeloTour” layihələri “Startap Naxçıvan” portalına təqdim olunub. “E-logistics” layihəsi “Sürət Karqo” şirkətinin fəaliyyətində tətbiq olunmağa başlanılıb.
    Sonra Naxçıvan Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisası tələbələrinin hazırladıqları iki yeni layihənin təqdimatı olub. IV kurs tələbəsi Nəsir Ələkbərli işçi bazası tələbələrdən formalaşdırılmaqla İKT sahəsində xidmətlərin göstərilməsini nəzərdə tutan “CODELAB”, II kurs tələbəsi Səlim Məmmədli isə turizm sahəsində elektron bələdçi - “E-GUİDE” layihələrini təqdim ediblər. Təqdimatlar zamanı layihələr üzrə müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Hər iki layihə üzrə təkliflər nəzərə alınmaqla təqdimatların təkmilləşdirilərək Startap Naxçıvan” portalına təqdim olunması qərara alınıb.
    Sonda startap komandalarının kapitanlarına pul mükafatları təqdim olunub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi