• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Dövlət Gömrük Komitəsinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib

    01 Noyabr 2021

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət ediblər.
    Muzeyin bələdçisi məlumat verərək  bildirib ki,  böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 31 dekabr 1998-ci il tarixli Sərəncamı ilə - onu doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılıb. Şərq memarlıq üslubunda tikilmiş həmin ev 19-cu əsrə aiddir. Dövlətimiz tərəfindən Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşılıb. Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilir.
    Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi iki ekspozisiya zalı və foyedən ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri muzeyin qiymətli eksponatları sırasındadır.
    Vurğulanıb ki, böyük ədəbin Naxçıvan şəhəri ilə yanaşı, Tiflis şəhərində də ev-muzeyi fəaliyyət göstərir. Həmçinin, Mirzə Cəlilin vaxtilə müəllimlik etdiyi Nehrəm qəsəbəsində və Cəlilkənd kəndində xatirə muzeyləri var. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi