• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Zərərli bioloji aktiv əlavələrə qarşı gömrük nəzarəti gücləndirilib

    05 Noyabr 2021

    Muxtar respublika gömrük orqanları tərəfindən insanların həyat və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə xaricdən gətirilən malların, o cümlədən ərzaq və qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur, bu cür malların muxtar respublikaya buraxılışı gömrük laboratoriyasının rəyi əsasında həyata keçirilir. Son dövrlərdə arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrdən, arıqlama çaylarından istifadənin artması bu sahədə gömrük nəzarəti tədbirlərinin gücləndirilməsini aktual edir.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq rəyinə əsasən arıqlamaq üçün istifadə olunan, ancaq insan sağlamlığına mənfir təsir edən bioloji aktiv əlavələrin muxtar respublikaya gətirilməsinin qarşısı alınır. Bu cür hallara qarşı mübarizə məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçıları, karqo şirkətləri və sərhədi keçən vətəndaşlar maarifləndirilir, arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrin insan sağlamlığına mənfi təsirləri izah olunur.
    Bu istiqamətdə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari ildə 75 kq müxtəlif markalı bioloji aktiv əlavələr, 16 kq arıqlama çayları saxlanılaraq geri qaytarılması təmin olunub. Üç adda 746 ədəd bioloji aktiv əlavə isə yandırılaraq məhv edilib.
    Vətəndaşların nəzərinə çatdırırıq ki, arıqlamaq üçün istifadə olunan bioloji aktiv əlavələrin insan sağlamlığına mənfi təsirləri nəzərə alınaraq onlardan istifadə etməkdən çəkinməli, bu cür məhsullar muxtar respublikaya gətirilməməlidir. Sağlam qidalanma, düzgün və aktiv həyat tərzi, idmanla məşğul olmaq arıqlamaq üçün ən yaxşı vasitələrdir. Muxtar respublika gömrük orqanları tərəfindən insanların həyat və sağlamlığının qorunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi