• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    İqtisadi inkişafda gömrük xidmətinin rolu və yeni startap layihələri mövzusunda praktik məşğələ keçirilib

    22 Dekabr 2021

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İqtisadi inkişafda gömrük xidmətinin rolu və yeni startap layihələri” mövzusunda praktik məşğələ keçirilib. Sədərək Gömrük İdarəsində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş “Dünya iqtisadiyyatı”, eləcə də “Beynəlxalq ticarət və logistika” ixtisaslarında təhsil alan və startap komandalarında təmsil olunan tələbələri iştirak edib.
    Komitənin İnnovasiya Mərkəzinin rəhbəri, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin Naxçıvanda startap hərakatının genişlənməsi, innovasiyaların dəstəklənməsi, kadr hazırlığı işinin səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, gömrük işinin müxtəlif sahələrinə dair praktik seminarların təşkili, gömrük orqanlarının fəaliyyəti ilə tanışlıq və keçirilən görüşlər tələbələr tərəfindən iqtisadi sahədə startapların hazırlanıb təqdim olunmasına, könüllülük fəaliyyətinin təşviqinə marağı artırır. İqtisadi sahədə innovativ layihələrin hazırlanması ilə bağlı görülmüş işlərin nəticəsi olaraq bu vaxta qədər 6 layihə üzərində iş aparılıb, uğurlu layihələr mükafatlandırılıb və “Startap Naxçıvan” portalına təqdim olunub. Universitetdə cari tədris ilindən açılan “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri də yeni startaplar üzərində işləyirlər.
    “İqtisadi inkişafda gömrük xidmətinin rolu” mövzusunda çıxış edən Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəis əvəzi, gömrük xidməti leytenantı Turqut Abbasov muxtar respublika gömrük orqanlarının fəaliyyəti, gömrük işinin səmərəli təşkili, gömrük nəzarəti və rəsmiləşdirilməsi, vətəndaşların, malların və nəqliyyat vasitələrinin gömrük keçidi, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulanıb ki, dövlətimiz tərəfindən yaradılan hərtərəfli şərait, müasir infrastruktur və möhkəm maddi texniki baza gömrük orqanlarının öz vəzifə və funksiyalarını günün tələbləri səviyyəsində yerinə yetirməyə, gömrük işinin keyfiyyətinin artırılmasına imkan yaradır.
    Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Emin Eylazov gömrük xidmətinin təkmilləşməsi və iş prosesinin sürətlənməsində avtomatlaşmanın rolundan danışıb. Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşməsinə və ticarətin asanlaşmasına gətirib çıxarıb. Gömrük xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi, elektron kargüzarlıq və elektron sənəd dövriyyəsi, kadr uçotu işinin elektron idarə olunması, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi, sərhədkeçmə vaxtının ölçülməsi, sürətli keçid sistemi və digər elektron xidmətlər gömrük sistemində uğurla tətbiq olunan innovativ layihələrdir. Bununla belə, daim yeniləşmə tələb olunan gömrük işində yeni texnoloji innovasiya layihələrinin tətbiqi hər zaman aktualdır.
    Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin dekanı, dosent Əşrəf Ələkbərov qeyd edib ki, ali təhsil olcağı ilə gömrük xidməti arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və birgə tədbirlər planının həyata keçirilməsi tələbələr üçün səmərəli innovasiya mühitinin formalaşması və innovativ təkliflərinin dəyərləndirilməsi üçün əlverişli şərait yaradır. Tələbələr yaradılan şəraitdən səmərəli istifadə etməli, təşəbbüskar və yenilikçi olmalıdırlar.
    Sonra gömrük işinin müxtəlif sahələri və yeni startap layihələri ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallara cavablar verilib.
    Tələbələr Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin müasir infrastrukturu və iş fəaliyyəti ilə də tanış olublar. Tanışlıq zamanı bu gömrük orqanının tarixi, sərhədi keçən nəqliyyat vasitələrinin qeydiyyatı, müayinə prosesi, gömrük nəzarəti zamanı tətbiq olunan texniki nəzarət vasitələri, rentgen-baxış quruğuları, sərnişin keçid zallarında gömrük işinin təşkili, malların bəyan olunması və rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib və gömrük əməkdaşlarının iş prinsipi əyani şəkildə izah olunub.

     

     

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi