• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    106 kq-dan artıq narkotik vasitə aşkarlanıb

    07 Fevral 2022

    Naxçıvan gömrükçüləri tərəfindən daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.
    Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Polşa Respublikasına dekorativ daş yükü və hamam ləvazimatı aparan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH601/76AAJ764 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk məlumatı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 51 ədəd duş kabin üçün plastik vanna altlığında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 102 kiloqram 740 qram olan narkotik vasitə - heroin aşkar edilib.
    Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisinə tranzit giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76AAH493/76AAK425 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2 ədəd duş kabin üçün plastik vanna altlığında gizlədilmiş ümumi çəkisi 4 kiloqram 230 qram olan narkotik vasitə - heroin aşkar olunub. Oxşar gizlətmə üsulundan istifadə edilməklə törədilmiş hər iki qaçaqmalçılıq əməli üzrə aşkarlanmış narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 970 qram təşkil edib.
    Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq hər iki şəxs barəsində cinayət işi açılıb.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi