• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    İnkişaf edən gömrük xidməti

    24 Fevral 2022

    Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə muxtar respublikanın iqtisadi təhlükəsizlik sisteminin formalaşdırılması, gömrük və ticarət münasibətlərinin qurulması istiqamətində kompleks tədbirlər həyata keçirib. Naxçıvanda milli və müstəqil gömrük xidmətinin əsası məhz həmin dövrdə qoyulub. O illərdə İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt gömrük sərhəd buraxılış məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanda səmərəli xarici iqtisadi fəaliyyətin təşkili, idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin təmin edilməsi məqsədilə atılmış ən mühüm addımlardan biri də gömrük orqanlarının vahid mərkəzdən idarəedilməsinin təşkili olub. Ümummilli lider Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi  yaradılıb.
    Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gömrük orqanları mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gömrük sisteminin beynəlxalq standartlar səviyyəsində hərtərəfli inkişafı təmin olunub.
    Ali Məclis Sədri cənab Vasif Talıbovun Naxçıvan gömrüyünün müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verib. Ötən dövrdə muxtar respublika gömrük sistemi böyük inkişaf yolu keçib. Qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənib. Sədərək və Culfa gömrük sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi təmin olunub. Şahtaxtı-Poldəşt gömrük sərhəd buraxılış məntəqəsinə beynəlxalq status verilib və iş vaxtı 16 saata çatdırılıb. Gömrük sərhəd buraxılış məntəqələrinin fasiləsiz və səmərəli fəaliyyəti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Resbublikasının digər bölgələri və qonşu ölkələr  arasında gediş-gəlişin, nəqliyyat əlaqələrinin və mal dövriyyəsinin müntəzəm şəkildə həyata keçirilməsinə şarait yaradıb.
    Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılıb. 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olub.
    Naxçıvan gömrük sisteminin modernləşməsi çərçivəsində Sədərək gömrük sərhəd buraxılış məntəqəsi üçün yeni, müasir infrastuktur qurulub. Tikintisinə 2014-cü ilin oktyabrında başlanılan yeni gömrük kompleksinin inşası 2021-ci ildə tamamlanıb. Ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə inzibati bina, sürətli keçid üçün VIP və CIP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir. Giriş və çıxış istiqamətlərinin hər birində 6 hərəkət zolağı yaradılıb. 3 zolaq avtobus və minik nəqliyyat vasitələri, 1-i tranzit olmaqla 2 zolaq yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolaq isə sürətli keçid üçün nəzərdə tutulub.
    Təbii ki, gömrük xidmətinin səmərəli fəaliyyətinin təmin olunmasında  yaradılan müasir infrastrukturun və əlverişli iş şəraitinin rolu böyükdür. Hazırda Naxçıvan Muxtar Respublikasında mövcud olan gömrük infrastrukturu xidmətin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Aparılan islahatlar çərçivəsində gömrük keçid məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə, Sədərək gömrük keçid məntəqəsinin buraxılış qabiliyyəti isə üç dəfə artırılıb. Nəticədə əvvəlki illərlə müqayisədə artan nəqliyyat axınının gömrük nəzarətindən daha asan və sürətli keçidi üçün lazımi şərait yaradılıb, gömrük xidmətinin əsas hədəflərindən biri olan beynəlxalq yükdaşımaların və ticarətin asanlaşdırılması təmin olunub.
    Bu gün muxtar respublika gömrük xidmətində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı, Sədərək və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrində quraşdırılan rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn mallara, nəqliyyat vasitələrinə və sərnişinlərə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Gömrük sərhəd buraxılış məntəqələrində minik nəqliyyat vasitələri də rentgen qurğusundan keçirilməklə yoxlanılır, Azərbaycan gömrüyündə ilk dəfə olaraq nəqliyyat vasitələri maşınaltı yoxlama-baxış sistemindən istifadə olunmaqla vizual müayinə edilir, gömrük sərhəddindən keçən şəxslərin üzərində olan əşyaları müəyyənləşdirmək üçün “Body-Scan”lardan istifadə olunur. Qeyd edək ki, Almaniya istehsalı olan bütün bu rentgen-nəzarət qurğuları dünyanın inkişaf etmiş ölkələrinin gömrük sistemlərində tətbiq olunan ən müasir müayinə sistemləridir.
    Muxtar respublika gömrük sistemində innovativ layihələrdən geniş istifadə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsinə, ticarətin asanlaşmasına, gömrük sərhədindən sərnişin və mal dövriyyəsinin sürətlənməsinə, çevik idarəetmənin tətbiqinə və şəffaflığın təmin olunmasına imkan yaradır. Gömrük orqanlarında bütün proseslər informasiya texnologiyalarına əsaslanan həllərin tətbiqi ilə həyata keçirilir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi gömrük xidmətinin bütün fəaliyyət sahəsini əhatə edir. Sənədləşmə kağızsız texnologiya əsasında aparılır.
    İndi malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vahid elektron sistem vasitəsilə həyata keçirilir, elektron gömrük xidmətlərinin arealı ilbəil genişləndirilir. Gömrük bəyanamələrinin təqdim edilməsi, qəbulu, yoxlanılması və təsdiq edilməsi kimi mürəkkəb proses gömrük məmuru ilə heç bir təmas olmadan onlayn qaydada həyata keçirilir. Şəffaflığı təmin etmək məqsədilə gömrük bəyannamələrini rəsmiləşdirəcək inspektorlar sistem tərəfindən təsadüfi üsulla seçilir. Mal sahibləri elektron qısa idxal bəyannaməsini gömrük təmsilçiliyi xidmətindən yararlanmaqla da təqdim edə bilirlər. Bunun üçün “Naxçıvanterminalkompleks” Birliyi tərəfindən muxtar respublikanın bütün gömrük sərhəd buraxılış məntəqələrində təmsilçilik xidməti göstərilir. Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişləri bank və ya elektron ödəmə terminalları vasitəsilə ödənilir. Gömrük sisteminin rəqəmsallaşdırılmasının nəticəsidir ki, əvvəlki dövrdə gömrükçülərin və sahibkarların təxminən iki gün vaxt sərf etdiyi rəsmiləşmə prosesi indi uzağı 1 saat ərzində yekunlaşdırıla bilir.
    Gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq edilən ən mühüm layihələrdən biri də “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemidir. Bu sistem sərhəd keçmədən buraxılışa qədər olan müddəti ölçməyə, gömrük prosedurlarının tam şəkildə yerinə yetirilməsini təmin etməyə, mal və nəqliyyat vasitələrinin hərəkətini ləngidən səbəbləri aşkarlayıb aradan qaldırmağa imkan verir. 
    Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən tətbiq edilən Yaşıl dəhliz buraxılış sistemi xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri üçün dövlət tərəfindən yaradılmış münbit şəraitin bariz nümunəsidir. Yaşıl dəhliz buraxılış sistemindən istifadə hüququ əldə edən xaric iqtisadi fəaliyyət iştirakçıları öz idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsini gömrük orqanına gəlmədən həyata keçirə, gömrük əməkdaşının iştirakı olmadan mallarını sərhəddən öz anbarına və ya öz anbarından sərhəd gömrük orqanına göndərə bilir. Bu isə sahibkara vaxta və vəsaitə qənaət etməyə, həmçinin ticarət əməliyyatlarını asan və sürətli formada yerinə yetirməyə imkan verir. 2021-ci ildə muxtar respublika gömrük oranlarında həyata keçirilən ixrac əməliyyatlarının 58 faizi “Yaşıl dəhliz” iştirakçılarının payına düşüb.
    Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından və proqram təminatlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarə olunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Gömrük sərhəd buraxılış məntəqələrindən muxtar respublika ərazisinə idxal və ya tranzit rejimində daxil olan yüklü nəqliyyat vasitələrinə risk meyarları əsasında qlobal mövqetəyinetmə sistemi – GPS qoşulur və bu sistem vasitəsilə təyinat gömrük orqanına çatdırılma nəzarətdə saxlanılır. Maşrut xəttindən kənara çıxma, yolda uzunmüddətli ləngimə və GPS-ə müdaxilə halları baş verdikdə yaxınlıqdakı mobil gömrük qruplarına məlumat verilir.  
    Təbii ki,  elm və texnologiyanın, sənayenin sürətli inkişafına paralel olaraq qloballaşan dünyada zaman və vaxt məhfumları ən önəmli amillər sırasındadır. Dünya ölkələrində istehsal edilən məhsulların hər kəs üçün əlçatan olması isə ticarət və nəqliyyatın asan və sürətlə həyata keçirilməsindən asılıdır.  Bu baxımdan,  son illərdə  beynəlxalq müstəvidə gömrük işinin fəlsəfəsinin dəyişməsi də məhz bu amillə bağlıdır. İndi gömrük orqanları mənsub olduğu ölkənin önəmli gəlir mənbələri olmaqla yanaşı,  həm də beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə, malların və nəqliyyat vasitələrinin qısa vaxt ərzində, az məsrəflə mənzil başına çatdırılmasına xidmət göstərir. Tam məsuliyyətlə demək olar ki, muxtar respublika gömrük xidməti bu yeni missiyanı layiqincə yerinə yetirir. Bu isə tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın tranzit bölgə kimi əhəmiyyətini və istifadəsini artırır.
    Həyata keçirilən islahatlar nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olan Naxçıvan gömrüyü muxtar respublikamızın iqtisadi mənafeyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu ildən-ilə artır, gömrük işinin iqtisadi göstəriciləri yüksəlir. Büdcə öhdəliyi  hər il artıqlaması ilə yerinə yetirilir.  2021-ci ildə dövlət büdcəsinə köçürülmüş gömrük ödənişlərinin həcmi son beş illə müqayisədə 4 dəfə çoxdur.
    Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarının qarşısının alınması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Naxçıvan Muxtar Respublikası beynəlxalq narkomaşrut üzərində yerləşdiyindən gömrük orqanları daim narkotik qaçaqmalçılığı cəhdləri ilə qarşı-qarşıyadır. Qaçaqmalçılar tərəfindən müxtəlif gizlətmə üsullarından, hətta bu vaxta qədər beynəlxalq təcrübədə aşkarlanmamış metodlardan istifadə olunur. Son illər müasir texniki nəzarət vasitələrinin işdə səmərəli tətbiqi, gömrük əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində görülən tədbirlər, keçirilən təlimlər, risk profillərinin təkmilləşdirilməsi, kinoloji xidmətin keyfiyyətinin artırılması daim gömrükçüdən öndə olmağı düşünən qaçaqmalçıları qabaqlamağa imkan verir.
    Qaçaqmalçılıqla mübarizə sahəsində görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir. Son beş ildə muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən 22 cinayət faktı üzrə ümumilikdə 900 kq-dan artıq, təkcə 2021-ci ildə isə 4 cinayət faktı üzrə 567 kq-a yaxın narkotik vasitənin aşkarlanması Naxçıvan gömrükçülərinin bəşəri bəla olan narkomaniyaya və transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində böyük nailiyyətidir.
    Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması, ailə təsərrüfatçılarının dəstəklənməsi istiqamətində görülən işlər muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə və ixrac potensialının artmasına stimul verir. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunur. Keyfiyyət göstəricilərinin təyini ilə bağlı məhsullardan alınan prob və nümunələrin ekspertizası, həmçinin geni dəyişdirilmiş məhsulların analizi həyata keçirilir. 
    Muxtar respublikanın iqtisadi inkişafı, sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər xarici ticarət əlaqələrinin genişlənməsinə və ixrac potensialının güclənməsinə şərait yaradır. Artıq Naxçıvan Muxtar Respublikası dünyanın 70-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır. Qonşu İran və Türkiyənin gömrük xidmətləri ilə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri regionda ticarət və gömrük münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.
    Gömrük orqanları iqtisadi təhlükəsizliyi təmin etməklə yanaşı, sahibkarlığın stimullaşdırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, muxtar respublikamızın tranzit potensialının güclənməsinə və turizmin inkişafına öz töhfəsini verir. Muxtar respublikaya gəlib-gedən vətəndaşlara gömrük nəzarətinin və gömrük xidmətlərinin göstərilməsi dünya standartlarına uyğun həyata keçirilir. Sərnişinlərin rahat və sürətli keçidini təşkil etmək üçün iki kanallı sistem – yaşıl və qırmızı kanal buraxılış sistemləri tətbiq olunur. Gömrük orqanlarına bəyan ediləsi malı olmayan sərnişinlər yaşıl kanal buraxılış sistemindən istifadə edə bilərlər. Gömrük xidmətinin həyata keçirdiyi ən mühüm layihələrdən biri də sürətli keçid xidmətidir. Minik nəqliyyat vasitəsinin sürücüsü öncədən və yaxud gömrük keçid məntəqəsinin qarşısında olarkən müvafiq şəkildə onlayın növbə götürməklə qısa vaxtda gömrük yoxlamasından keçərək yola salınır.
    Muxtar respublika gömrük sistemində aparılan uğurlu islahatlar gömrük orqanlarının təkcə nəzarət deyil, xidmət funksiyasını da ön plana çıxarır. Gömrük qanunvericiliyinə riayət etməyənlərə qarşı qətiyyətli mübarizə aparmaqla yanaşı, qanuni ticarətlə məşğul olanlara asan və əlverişli imkanlar yaratmaq, vətəndaşlara, biznes subyektlərinə, turistlərə xidmət edən orqan funksiyasını inkişaf etdirmək indi əsas hədəflərdən biridir. Gömrük orqanı əməkdaşlarının bilik və bacarığının artırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsi məqsədilə keçirilən ixtisasartırma təlimləri bu baxımdan xüsusilə əhəmiyyətlidir.
    Dahi rəhbər Heydər Əliyev gömrük orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən qeyd etmişdir ki, “biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici-iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin”. Bu gün əminliklə deyə bilərik ki, 30 illik yubileyini qeyd edən muxtar respublika gömrük sistemi öz fəaliyyətini bu prinsiplər əsasında quraraq dogma Naxçıvanımızın dinamik inkişafına xidmət edir. Gömrük işi sahəsində muxtar respublikamızda əldə olunan uğurlar, yaradılan hərtərəfli şəraitdən səmərəli istifadə, əldə edilən təcrübə deməyə əsas verir ki, gömrük orqanları doğma Naxçıvanımızın iqtisadi qüdrətinin artırılmasına, iqtisadi və milli təhlükəsizliyin təmin olunmasına, dövlətimiz tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət tədbirlərinin dəstəklənməsinə bundan sonra daha böyük töhfələr verəcəkdir. 

    Rahil TAHİRLİ,
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi