• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illik yubileyi qeyd olunub

    24 Fevral 2022

    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində olublar.
    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən yubiley tədbirini giriş sözü ilə açan Komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan gömrük xidmətinin keçdiyi inkişaf yolundan danışıb. Vurğulanıb ki, 24 fevral 1992-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.
    Ötən dövrdə muxtar respublika gömrük sisteminin müasir tələblər səviyyəsində qurulması, xidmətin səmərəli təşkili istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb.
    Vurğulanıb ki, həyata keçirilən islahatlar nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olan Naxçıvan gömrüyü muxtar respublikanın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib. Dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artıb, gömrük işinin iqtisadi göstəriciləri yüksəlib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş gömrük ödənişlərinin həcmi son beş illə müqayisədə 4 dəfə çox olub.
    Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, əməkdaşların peşəkarlığının artırılması, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, risk profillərinin təkmilləşdirilməsi nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndiyini önə çəkən Komitə sədri son beş ildə muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən 22 cinayət faktı üzrə ümumilikdə 900 kq-dan artıq, təkcə 2021-ci ildə isə 4 cinayət faktı üzrə 567 kq-a yaxın narkotik vasitənin aşkarlandığını qeyd edib.
    Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən ticarətin və beynəlxalq daşımaların asan və sürətli formada həyata keçirilməsi istiqamətində görülən işlər Naxçıvanın tranzit potensialından daha geniş istifadəyə imkan yaradıb. Bu gün muxtar respublikanın 70-dən çox ölkəylə ticarət əməliyatları apardığını qeyd edən Komitə sədri “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri üçün dövlət tərəfindən yaradılmış münbit şəraitin bariz nümunəsi olduğunu, 2021-ci ildə muxtar respublika gömrük oranlarında həyata keçirilən ixrac əməliyyatlarının 58 faizinin “Yaşıl dəhliz” iştirakçılarının payına düşdüyünü önə çəkib.
    Göstərilən etimada, hərtərəfli dövlət qayğısına və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edən Səhət Həbibbəyli gömrük orqanları tərəfindən vətəndaşlara, o cümlədən biznes subyektlərinə göstərilən gömrük xidmətlərinin səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb və kollektivə uğurlar arzulayıb.
    Naxçıvan gömrük xidmətində ən çox iş stajına malik olan Culfa Gömrük Postunun böyük inspektoru, gömrük xidməti mayoru Nüşabə Sadıxova 33 ildir xidmət etdiyi gömrük orqanlarının keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, bu gün gömrük işinin bütün sahələrində əldə olunan nailiyyətlər əvvəlki illərlə müqayisəyə gəlməyəcək səviyyədədir.
    Komitənin Əməliyyat və təhqiqat şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Sərxan Mustafayev gömrük sistemində kadr islahatları və gəncləşmə mövzusunda çıxış edib. Qeyd olunub ki, son illərdə muxtar respublika gömrük sistemində struktur və infrastruktur islahatları ilə paralel olaraq kadr islahatları da uğurla aparılır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, bu gün Naxçıvan gömrük sistemi özünün güclü, peşəkar və gənc kadr potensialı ilə seçilir.
    Sonra Komitənin İnzibati idarəetmənin təşkili bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri barədə məlumat verib. Komitənin Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Mahir Orucov qaçaqmalçılıqla mübarizə sahəsində əldə olunan nailiyyətlərə görə “İlin gömrükçüsü” elan olunaraq mükafatlandırılıb. Xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına da təltiflər təqdim olunub.
    Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “İnkişaf edən gömrük xidməti” adlı filmə baxıblar.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi