• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Risk meyarları əsasında avtonəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi üzrə təlimlərə yekun vurulub

    22 İyul 2022

    Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Risk meyarları əsasında avtonəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi” mövzusunda təşkil olunan təlimlərə yekun vurulub. Naxçıvan gömrük sistemində təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlər ötən il bu istiqamətdə keçirilmiş təlimlərin keyfiyyətcə ikinci mərhələsi olub. Mərhələli formada üç ay davam edən təlimlərdə Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Şəhər Gömrük idarələrində yaradılmış Müayinə qruplarında yer alan 100 əməkdaşlar cəlb edilib.
    Təlimlərin nəzəri hissəsində əvvəlcədən təsdiq olunmuş proqram əsasında müxtəlif mövzularda tədris aparılıb. Sonra yük, avtobus və minik nəqliyyat vasitələrinin risk meyarları əsasında müayinəsi, texniki nəzarət vasitələrindən də istifadə etməklə nəqliyyat vasitələrində gizlədilmiş şərti predmentlərin axtarışı və qiymətləndirilməsi üzrə praktik məşğələlər keçirilib. Praktik məşğələlər nəqliyyat vasitələrinin müayinəsi üçün müəyyən olunmuş minimal vaxt çərçivələrində aparılıb.
    Təlimlərin ikinci və üçüncü günlərində tədris olunan mövzular üzrə əməkdaşların bilik və bacarıqlarının real iş prosesində praktiki yoxlanılması və qiymətləndirilməsi həyata keçirilib.
    Real iş prosesində sürücülərin sorğu-sual edilməsi, sənədlərlə eyniləşdirmə, riskin qiymətləndirilməsi, qərar qəbul etmə, eyni zamanda, texniki nəzarət vasitələrindən düzgün və səmərəli istifadə ayrıca qiymətləndirilib.
    Ümumilikdə praktik məşğələlər zamanı və real iş prosesində aparılan müayinələrin nəticələrinə görə yekun qiymətləndirmələr aparılıb.
    İyul ayının 22-də təlimdə yüksək nəticə göstərən əməkdaşlarla görüş iştirakçıları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli muxtar respublika gömrük sistemində ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramının gömrük işinin keyfiyyətinin artırılması, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının tranzit potensialından səmərəli istifadə, ticarətin asan, sürətli və təklükəsiz şəkildə həyata keçirilməsi üçün gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan nəqliyyat vasitələri üzərində gömrük baxışı və gömrük yoxlamasının keyfiyyətinin artırılması, riskin düzgün qiymətləndirilməsi üzrə təkmilləşmə tədbirləri bundan sonra da davam etdiriləcək. Keçirilən təlimlərin səmərə verdiyini qeyd edən Komitə sədri son vaxtlar aşkarlanan hüquqpozma hallarının sayında artım olduğunu vurğulayıb. Təlimlərdə öyrədilmiş bilik və bacarıqların gündəlik iş prosesində tətbiqinin əhəmiyyətini qeyd edən Komitə sədri tövsiyyə və tapışırıqlarını verib.
    Komitənin Hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli təlimlərin yekunu ilə bağlı məlumat verərək bildirib ki, təlimlərin nəzəri və praktik məşğələr də daxil olmaqla real iş prosesində keçirilməsi əməkdaşların işə münasibətinin, sürücülərlə ünsiyyət və rəftarının, risk meyarlarının düzgün analizinin real müstəvidə qiymətləndirilməsinə imkan yaradıb. Gələcəkdə müayinə qruplarında xidmət edən bütün əməkdaşların yüksək səviyyəyə çatdırılması üçün təkrar təlimlərin keçirilməsi nəzərdə tutulub.
    Sonda təlimdə yüksək nəticə göstərən əməkdaşlara sertifikatlar təqdim edilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi