• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub

    26 İyul 2022

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və 2022-ci ilin birinci yarısı ərzində görülmüş işlər müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.
    Vurğulanıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində yük maşınlarının sıxlığının aradan qaldırılmasına, idxal və ixrac istiqamətində yüklərin rəsmiləşməsinin sürətlənməsinə xidmət edəcək Sədərək Ticarətin Asanlaşması Mərkəzinin tikintisinə başlanılıb. Tranzit nəqliyyat vasitələrinin muxtar respublika ərazisindən sürətli və təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi üçün yeni yolun çəkilişi başa çatdırılıb.
    Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib. Risk amilləri əsasında yeni profillərin formalaşdırılması ilə gömrük xidmətində risklərin idarə olunması işinin səmərəliliyi artırılıb. Komitənin Hədəf Mərkəzi vasitəsilə gömrük orqanlarında iş prosesinə və gömrük müayinələrinə nəzarət gücləndirilib.
    Komitə sədri bildirib ki, muxtar respublika gömrük orqanları 2022-ci il ilin birinci yarısında 18 milyon manat vəsait toplayaraq büdcə öhdəliyini 109 % yerinə yetirib. Toplanmış gömrük ödənişləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% çox olub.
    Vurğulanıb ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə gücləndirilib. Gömrük orqanları tərəfindən 2022-ci ilin altı ayı ərzində 101 inzibati, 9 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə 802 kq narkotik vasitə və psixotrop maddənin muxtar respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.
    Muxtar respublikamızda qəbul olunmuş Dövlət Proqramlarından, Ali Məclisin sessiyalarından, keçirilən müşavirələrdən irəli gələn vəzifələrin icrası istiqamətində işlər davam etdirilib. Daxili bazarın xarici təsirlərdən qorunması, yeri istehsalın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi istiqamətində əlavə tədbirlər görülüb, muxtar respublikaya gətirilən malların keyfiyyətinə ciddi nəzarət edilib. Cari ilin altı ayı ərzində keyfiyyəti standartlara cavab vermədiyindən 12 tondan artıq qida məhsulu və yuyucu vasitələr saxlanılaraq müvafiq tədbirlər görülüb.
    Hesabat dövründə malların gömrük rəsmiləşməsinin asan və sürətli formada həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının ixracına köməklik göstərilməsi, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən ixracatçıların sayının artırılması ilə muxtar respublikanın ixrac potensialının gücləndirilməsinə dəstək verilib.
    Gömrük orqanlarında kadr potensialının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması məqsədilə ixtisaslaşma və təkmilləşmə proqramlarının həyata keçirildiyini vurğulayan komitə sədri “Risk meyarları əsasında avtonəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi”, həmçinin, "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar" mövzularında təlimlərin gömrük işinin və gömrük nəzarətinin keyfiyyətinin artırılması baxımından səmərəli olduğunu, bu il keçirilən təlimlərdə ümumilikdə 155 əməkdaşın iştirak etdiyini qeyd edib.
    Komitə sədri vurğulayıb ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında verilmiş tapşırıqlara uyğun olaraq muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər davam etdiriləcək, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyalar düzgün təhlil olunaraq müvafiq tədbirlər görüləcəkdir. Həmçinin,  gömrük keçid məntəqələrində xidməti davranışın düzgün qurulması və nizam-intizamın möhkəmləndirilməsi diqqətdə saxlanılacaqdır.
    Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti baş leytenantı Turqut Abbasovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması, Audit bölməsinin rəisi, gömrük xidməti kapitanı Rəşad Bayramovun audit yoxlamaları nəticəsində qarşıya çıxan nöqsanlar və onların aradan qaldırılmasına dair təkliflər ilə bağlı məruzələri dinlənilib.
    Kollegiya iclasına yekun vuran Komitə sədri hərtərəfli dövlət qayığısı ilə əhatə olunan gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, biznes subyektləri və vətəndaşlarla işin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, qonşu ölkələrin milli valyutalarında kəskin dəyişikliklər zamanı daxili bazarın qorunması üçün əlavə tədbirlərin görülməsi, gömrük işi sahəsində elektron xidmətlərdən istifadənin artırılması və gömrük rəsmiləşməsinin daha da sürətlənməsi, kadrların ixtisaslaşması və peşəkarlığının artırılması istiqamətində təlimlərin davam etdirilməsi, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı konkret tapşırıqlar verib.
    Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi