• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Dövlət Gömrük Komitəsinin kollektivi Qarabağlar Türbə Kompleksini ziyarət edib

    01 Avqust 2022

    Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi Qarabağlar Türbə Kompleksini ziyarət edib.
    Məlumat verilib ki, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi Naxçıvan ərazisində türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən sayılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  müvafiq Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki bu abidə kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək 2018-ci ilin iyul ayında istifadəyə verilib. Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb.
    Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Binadakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğuliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsərləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi