• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkı tikilir

    08 Sentyabr 2022

    Dövlətimiz tərəfindən həyata keçirilən kompleks tikinti-quruculuq tədbirləri çərçivəsində muxtar respublikamızın gömrük infrastrukturu yenidən qurulmuş, gömrük işinin səmərəli təşkili üçün müasir xidmət şəraiti yaradılmışdır. Hazırda Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkının tikilməsi gömrük işi sahəsində görülən quruculuq işlərinin davamıdır.
    7,3 hektar sahəni əhatə edən yeni TIR parkı nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edəcək mərkəz rolunu oynayacaqdır. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə Sədərək dövlət sərhədindən buraxılış məntəqəsindəki əməliyyatların bir hissəsi bu mərkəzdə yerinə yetirilə biləcək. Bu məqsədlə inşa olunan xidmət binasının uzunluğu 24 metr, eni isə 12 metrdir. Burada gözləmə zalı və rəsmiləşdirilmə bölməsi, yeməkxana, qazanxana, anbar və texniki işçilər üçün otaqlar yaradılıb. Binada inşaat  işləri  yekunlaşıb. Su, kanalizasiya, elektrik xətləri quraşdırılıb, istilik və havalandırma sistemləri qurulub. Hazırda TIR parkının ərazisi asfaltlanır, yeni işıqlandırma dirəkləri qurulur, səkilərə daş düzülür, çəpərləmə və yaşıllaşdırma tədbirləri görülür. İşlər yekunlaşdıqdan sonra 700-dən artıq yük nəqliyyat vasitəsi əraziyə daxil ola biləcək.
    Yeni TIR parkının istifadəyə verilməsi sürücülərin də işini asanlaşdıracaq, onların rahatlığı təmin olunacaq. Təhlükəsizlik və nəzarət məqsədilə ərazidə müasir kameralar quraşdırılacaqdır.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi