• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    İqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı praktik məşğələ keçirilib

    10 Aprel 2019

    Naxçıvan Muxtar Respublıkasının Dövlət Gömrük Komitəsində “Gömrük xidmətinin təkmilləşməsi və iş prosesinin sürətlənməsində avtomatlaşmanın rolu” mövzusunda praktik seminar keçirilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri iştirak edib.

    Qeyd edək ki, sözügedən sərəncamdan irəli gələn məsələlərin həlli üçün Naxçıvan Muxtar Respublıkasının Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında birgə tədbirlər planı təsdiq olunub və qarşılıqlı faydalı əməkdaşlıq təmin edilib. Tədbirlər Planına əsasən muxtar respublikamızda iqtisadi sahədə startap hərakatına start verilməsi üçün dörd mərhələdə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hər iki qurumun nəzdində müvafiq idaredici mərkəzlərin formalaşdırılması, startap layihələrinin hazırlanması üçün gömrük işinə dair innovasiyalar və yeniliklər barədə tələbələrin maarifləndirilməsi, startap layihələrinin qəbulu, təkmilləşdirilməsi və təqdimatı üçün tədbirlərin görülməsi, innovativ layihələrin seçilməsi, onların respublika və beynəlxalq səviyyəli müsabiqələrdə iştirakının təmin olunması və dəstəklənməsi qərara alınıb.

    “İdeyadan başlanğıca” devizi altında startap layihələrinin hazırlanmasına köməklik göstərmək və onların dəyərləndirməsini həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində yaradılmış İnnovasiya Mərkəzinin rəhbəri, Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən startap layihələri barədə məlumat verib. Slaydlar vasitəsilə startapçılıq üçün tələb olunan keyfiyyətlər sadalanıb, bunun üçün muxtar respublikamızda əlverişli mühitin formalaşdırıldığı önə çəkilib. Bob Proktorun “Uğursuz olmaq bizi uğursuz bir insan etməz, ancaq bir işdən tamamilə əl çəkərsək uğursuz bir insan olarıq” fikrini xatırladan məruzəçi hər startapın ideyadan başladığını, uğurlu ideyaların isə bütün insanlarara xidmət etdiyini deyib.

    Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin gömrük xidmətinin inkişafında rolundan danışaraq, gömrük xidmətində tətbiq olunan innovativ layihələr barədə məlumat verib. Qeyd olunub ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşdirilməsinə və ticarətin asanlaşdırılmasına gətirib çıxarıb. Vurğulanıb ki, Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) gömrük işinin əsas sahələri üzrə bütün gömrük orqanlarında fəaliyyət göstərir. Müxtəlif idarəetmə modullarını özündə ehtiva edən VAİS dövlət orqanları, xarici iqtisadi fəaliyyət iştirakçıları, daşıyıcılar və digər operatorlara dair əməliyyatların vahid mərkəzdən inteqrə olunmuş şəkildə idarə olunmasını təmin edir.

    Bildirilib ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi ildən-ilə daha da genişləndirilir. Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artır.

    Gömrük xidmətində tətbiq olunan innovativ layihələrə misal olaraq kargüzarlıq işinin avtomatlaşdırılmasını, gömrük sistemində elektron sənəd dövriyyəsinin təmin edilməsi və kadr uçotu işinin idarə olunmasını, mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi işinin avtomatlaşdırılmasını, risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinin, sərhədkeçmə vaxtının ölçülməsini, elektron gömrük xidmətlərini və Hədəf Mərkəzini göstərmək olar. Gömrük xidmətində yeni texnoloji innovasiya layihələrinin tətbiqi üçün geniş imkanlar və böyük potensial vardır.

    Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisası üzrə hamilik işinin təşkili və innovasiyaların dəstəklənməsi üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlər barədə məlumat verən Komitənin Hüquqşünası, gömrük xidməti mayoru Vüsal Həsənov Gömrük sistemində startap layihələrinin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması və uğurlu layihələrin sonacan dəstəklənməsi istiqamətində geniş və məzmunlu tədbirlər planının hazırlandığını deyib. Qeyd olunub ki, həyata keçiriləcək tədbirlər sırasında startapların real iş prosesinə uyğunlaşdırılması üçün layihə müəllifi olan tələbələrin gömrük orqanlarında “Könüllü gömrükçü” kimi işləməsinə şərait yaradılması, uğurlu startap layihələrinin investorlara təqdim edilməsinə köməklik göstərilməsi, investor və startapçı münasibətlərinin qurulmasında əlaqələndirici qismində iştirak kimi məsələlər də nəzərdə tutulub.

    Naxçıvan Dövlət Universitetinin İqtisad fakultəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Naxçıvan Dövlət Universiteti tərəfindən görüləcək işlər haqda məlumat verib. Qeyd olunub ki, İnnovasiya Laboratoriyasının qurulması tələbələr üçün səmərəli innovasiya mühitinin formalaşması və innovativ təkliflərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb.

    Praktik seminardan sonra tələbələr Komitənin Hədəf Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Gömrük xidmətində tətbiq olunan innovativ layihələrdən biri olan Hədəf Mərkəzi tabeli gömrük orqanlarındakı iş prosesinin kameralar vasitəsilə izlənilməsi və əldə olunan məlumatların analizi nəticəsində çatışmazlıqların operativ qaydada aradan qaldırılması, gömrük sahəsində hüquqpozma hallarının aşkarlanması, iş prosesinə ikili nəzarətin təmin olunması, gömrük əməkdaşlarına xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq istiqamətlərin verilməsi və səmərəliliyin artırılması funksiyasını yerinə yetirir. Komitə də daxil olmaqla bütün gömrük orqanlarına kameralarla nəzarət təhlükəsizliyinin təmin olunması baxımından da əhəmiyyətlidir.

    Mərkəzdə gömrük nəzarəti altında yerləşdirilmiş mal və nəqliyyat vasitələrinin hərəkətini məsafədən izləmək və gömrük prosedurlarının başa çatmasına tam nəzarət etmək mümkündür. Nəqliyyat vasitələrinin hərəkət marşrutu onlarda quraşdırılan qlobal mövqetəyinetmə sistemi, yəni GPS vasitəsilə mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin təyinat gömrük orqanlarına vaxtında çatdırılmasına nəzarət məqsədilə vizual gömrük müşayiətinə imkan yaratmaqla risklərin idarəedilməsini və risklilik dərəcəsinin minimuma endirilməsini təmin edir.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi