• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

    Gömrük sistemində peşəkar inkişaf proqramının həyata keçirilməsinə başlanılıb

    07 May 2019

    Muxtar respublika gömrük əməkdaşları üçün xidmətin təkmilləşdirilməsinə dair təlimlərə start verilib. Bu məqsədlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə gömrük orqanlarında həyata keçirilən genişmiqyaslı infrastruktur və struktur islahatlarından danışıb. Qeyd olunub ki, yaradılan şərait gömrük orqanlarının vətəndaşlara, turistlərə, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçılarına xidmət edən bir quruma çevrilməsinə imkan verir. Bunun üçün iş prosesində avtomatlaşmanın tətbiqi arealı genişləndirilir, maddi-texniki bazadan daha səmərəli istifadə olunması üçün gömrük orqanlarında iş fəaliyyətinin texnoloji sxemi yenidən formalaşdırılır. Gömrük xidmətinin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də gömrükçülərin bilik və bacarıqları ilə yanaşı peşə vərdişləri də günün tələblərinə cavab verməli, hər bir gömrük əməkdaşı dövrün çağrışlarına uyğun şəkildə formalaşmalı, muxtar respublika gömrük orqanlarının faəliyyəti “bir gömrükçü - bir buraxılış” sistemi üzrə qurulmalıdır. Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə birgə keçirilən təlimlərin məqsədi gömrük orqanı əməkdaşlarının praktik bacarığının artırılmasından, xidmətin keyfiyyətinin yüksəldilməsindən, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsindən ibarətdir.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov təlimlərinin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, qloballaşan dünyada baş verən müxtəlif tendensiyalar gömrük xidmətinin xarakterinə, formalaşmasına birbaşa təsir edir. Qarşıda duran əsas hədəflərdən biri gömrük işi sahəsində müasir inkişafa, yeniliklərə tez bir zamanda uyğunlaşmaq, rahat və təhlükəsiz gömrük modeli formalaşdırmaqdır. Akademiya rəisi təlim çərçivəsində əldə edilən bilik və bacarıqların, praktik vərdişlərin gündəlik iş fəaliyyətində yararlı olacağına əminliyini ifadə edib.

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində praktik biliklərinin artırılmasının əhəmiyyətini vurğulayıb.

    Tədbirdə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri də iştirak edib.

    Qeyd edək ki, muxtar respublika gömrük orqanları üzrə ilk dəfədir keçirlən təlimlərə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasından müəllimlər də dəvət edilib. İki həftə davam edəcək təlimin tədris proqramında gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən praktik istifadənin təmin edilməsi, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə biliklərin artırılması, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarının praktik olaraq göstərilməsi, etik davranış qaydalarının izahı və iş prosesində qarşıya çıxan digər mühüm məsələlər öz əksini tapıb.

    Təlim müddətində nəzəri və praktik məşğələlərin təşkili, sonda isə dəyərləndirmə aparılması nəzərdə tutulub.

    Komitənin Mətbuat xidməti





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi