Yeniliklər :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

29.07.2017

USD - 1.7009

EUR - 1.9877

GBP - 2.2238

IRR - 0.0047

RUR - 0.0286

TRY - 0.4811

Yeniliklər

Muxtar respublika gömrük sistemi modernləşdirilir
“Naxçıvanterminalkompleks” Birliyi üçün müasir infrastruktur yaradılıb
 20.10.2015
Muxtar respublika gömrük sistemində modern infrastrukturun qurulması, xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin yüksək diqqət və qayğısıyla görülən bu məqsədyönlü işlər gömrük sisteminin timsalında dövlət orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitin nümunə və ifadəsidir. Muxtar respublika gömrük sisteminin modernləşməsi prosesi “Naxçıvanterminalkompleks” Birliyi üçün həyata keçirilən yeni infrastruktur layihəsinin  timsalında da özünü göstərir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda təsərrüfathesablı şəkildə fəaliyyət göstərən bu qurum dövlətin iqtisadi maraqlarının qorunması istiqamətində geniş səlahiyyətlərə malikdir. Birlik tərəfindən gömrük prosedurları altında yerləşdirilməli olan mal və nəqliyyat vasitələrinin bəyan edilməsi və gömrük bəyannamələrinin tərtib edilməsi üzrə gömrük brokeri xidməti göstərilir, idxal, ixrac və tranzit yüklərin tərəzilərdə çəkilməsi təmin olunur. Hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərə, o cümlədən xarici dövlətlərin ərazisindən keçməklə Azərbaycan Respublikasının digər bölgələrinə yüklərin daşınmasının təşkili və bu işin təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlərin görülməsi, avtomaşınlara beynəlxalq yük qaiməsinin yazılması, qanunvericiliklə müəyyən olunmuş qaydada muxtar respublika ərazisində gömrük və müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət və firma mağazalarının təsis və fəaliyyətinin təmin edilməsi, müvafiq dövlət orqanları tərəfindən müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərracları vasitəsilə realizəsi də birliyin əsas fəaliyyət istiqamətlərindəndir.
“Naxçıvanterminalkompleks” Birliyi üçün yeni infrastrukturun qurulması xidmətlərin keyfiyyətlə yerinə yetirilməsinə, gömrük əməkdaşları üçün əlverişli iş şəraitinin yaradılmasına xidmət edir. Yeni infrastruktur zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan inzibati bina və anbar kompleksindən ibarətdir. Gömrük brokeri xidmətinin göstərildiyi rəsmiləşdirmə zalı birinci mərtəbədə yerləşir. Burada həmçinin xarici iqtisadi fəaliyyət iştirakçılarına və digər şəxslərə hüquqi dəstək göstərilir. Bəyanetmə Azərbaycan gömrük sisteminin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi üzərindən aparılır. Burada elektron növbə sistemi mövcuddur. 
Növbətçinin xidmət yerində barmaq izi və ya üz tanıma ilə qeydiyyat aparılmaqla əməkdaşların işə davamiyyətinə elektron qaydada nəzarət olunur. Muxtar respublika gömrük sistemində formalaşdırılmış işə davamiyyətə elektron nəzarət sistemi imkan verir ki, birliyin digər gömrük orqanlarında xidmət edən əməkdaşlarının da işə davamiyyətinə nəzarət edilə bilsin. Anbarlar da daxil olmaqla ərazidə quraşdırılmış kameraların görüntülərinə də növbətçi hissədə qoyulmuş müşahidə monitorunda baxılır. 
İnzibati binanın ikinci mərtəbəsində 40 yerlik iclas zalı və digər xidməti otaqlar yerləşir. Foyedə gündəlik məlumatların və mühüm yeniliklərin gömrük orqanı əməkdaşlarına operativ qaydada çatdırılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən idarə olunan elektron məlumat və qəzet guşələri vardır.
Birliyin ərazisində qurulan anbar kompleksi muxtar respublikamızda gömrük anbarı işinin müasir tələblər səviyyəsində təşkilinə və xidmətin təkmilləşdirilməsinə imkan verir. Anbar kompleksi bir açıqtipli, yəni istənilən şəxslər tərəfindən istifadə oluna bilən və yeddi qapalıtipli, yəni müəyyən şəxslərin mallarının saxlanması üçün nəzərdə tutulan gömrük anbarlarından, o cümlədən xüsusi şərait tələb edən məhsulların saxlanılması üçün iki ədəd soyuducu anbardan ibarətdir. Anbar kompleksinin hər iki tərəfində platforma mövcuddur. Platformalar istər qatarla, istərsə də avtomaşınlarla daşınan yüklərin yoxlanılması, yüklənib- boşaldılması üçündür. Qeyd edək ki, “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikamızda dəmir yolu ilə daşınacaq yüklərə gömrük nəzarətini həyata keçirmək imkanına malik yeganə gömrük orqanıdır. 
Platformanın yaxınlığında inşa olunmuş birmərtəbəli binada isə xidməti otaqlar və yeməkxana vardır. 
Ərazidə yüklərin çəkilməsi üçün 60 tonluq tərəzi quraşdırılmış, mövcud dəmiryol xətti yenidən qurulmuşdur.
Kompleksin həyətində yaşıllaşdırma və abadlıq işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuş, 12 ədəd təhlükəsizlik kamerası quraşdırılmışdır. 
Təbii ki, “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni gömrük kompleksinin qurulması muxtar respublikaya gələn, tranzit keçən və bu ərazidən çıxan yüklərə və nəqliyyat vasitələrinə həyata keçirilən gömrük nəzarətinin səmərəliliyini artıracaqdır. Yaradılmış yüksək iş şəraiti göstərilən xidmətlərin keyfiyyətinin artmasına, həmçinin gömrük rəsmiləşdirilməsinin daha da sürətlənməsinə şərait yaradacaqdır.
 Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 
 
Avro-4 ekoloji normasına uyğunluğu
Naxçıvanda da müəyyən etmək olur
02.09.2015
 

Ölkə ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrinə ötən ilin aprel ayının 1-dən Avro-4 ekoloji normaları tətbiq olunur. Məqsəd avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılmasından və ekoloji vəziyyətin yaxşılaşdırılmasından ibarətdir. Avro-4 standartlarının tətbiqi, həmçinin ölkənin avtomobil parkının yenilənməsinə və daha yeni avtomobillərlə təchiz olunmasına şərait yaradır.
Ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunluğu gömrük rəsmiləşdirilməsi zamanı müəyyən olunur.  Qeyd edək ki, ölkə üzrə avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi iki yerdə - Bakıda və Naxçıvanda həyata keçirilir. Bu vaxta qədər muxtar respublikada rəsmiləşdirilən avtonəqliyyat vasitələrinə Avro-4 ekoloji normasına uyğunluqla bağlı sertifikat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi  Gömrük Ekspertizası İdarəsinə müraciət əsasında təmin olunurdu. Lakin bu günlərdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən  akkreditasiya olunan Naxçıvan Gömrük Ekspertizası İdarəsi indi avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının təyini analizlərini apararaq onlara uyğunluq sertifikatı vermək səlahiyyətinə malikdir. 
Naxçıvan Gömrük Ekspertizası İdarəsi üçün alınıb quraşdırılmış “BOSCH” markalı analizator cihazı həm benzin, həm də dizel yanacağı ilə işləyən avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantı qazlarında karbon qazı, dəm qazı, karbohidrogenlər, oksigen və azot oksidinin miqdarını müəyyən etməyə imkan verir. Ölçmələrin dəqiq aparılması üçün cihaz avtonəqliyyat vasitəsinə qoşulur və bu yolla texniki göstəricilərlə bağlı lazımi məlumatlar cihaza ötürülür.  Ölçmə prosesi cihazın verdiyi komandalara görə aparılır.  Çap olunan nəticələrə əsasən, avtonəqliyyat vasitəsinin hansı ekoloji sinfə mənsub olması asanlıqla və operativ şəkildə müəyyən olunur.  Bəzən  avtonəqliyyat vasitəsinin mühərriki Avro-4 standartına cavab versə də, avtomobildəki hər hansı nasazlıq ucbatından tullantı qazlarının normalara uyğun olmadığı aşkarlanır. Bu zaman avtonəqliyyat vasitəsi sahibindən nasazlığın yerində aradan qaldırılması istənilir, bu mümkün olmadıqda isə, o cür nasaz avtonəqliyyat vasitələri ölkə ərazisində dövriyyəyə buraxılmır.
Avtonəqliyyat vasitələrinin hansı ekoloji sinfi mənsub olmasının müəyyənləşdirilməsi və Avro 4 standartlarına uyğunluqla bağlı sertifikatın verilməsi elektron qaydada həyata keçirilir. Belə ki, sərhəd gömrük orqanları tərəfindən sərhədi keçən avtonəqliyyat vasitələri ilə bağlı gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) üzərindən verilmiş elektron sorğu Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən dəyərləndirilərək dərhal cavablandırılır. Uyğunluq sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə elektron qaydada həyata keçirilən məlumat mübadiləsi əsasında verilir. 
Sertifikatlaşdırma orqanı kimi akkreditasiyadan keçən Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən nəinki ölkəyə gətirilən, həmçinin daxili bazarda istismar, satış və ya digər məqsədlər üçün istifadəsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin standartlara uyğunluğu müəyyən olunur, həmçinin buraxılış tarixindən bir il ötməmiş avtonəqliyyat vasitələrinin tipinin təsdiqi üzrə sertifikatlaşdırma işi həyata keçirilir. Bu isə Naxçıvan Muxtar Respublikasında dövriyyəyə buraxılan bütün avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji sinfinə uyğunluğunun yerindəcə yoxlanılmasına, atmosfer havasına atılan zərərli maddələrin miqdarını tənzimləyən ekoloji standartların tətbiqinə daha ciddi nəzarət etməyə imkan verir. 
Rahil TAHİRLİ
Komitənin Mətbuat xidməti
 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

29.07.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.