“Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

29.07.2017

USD - 1.7009

EUR - 1.9877

GBP - 2.2238

IRR - 0.0047

RUR - 0.0286

TRY - 0.4811

“Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə

 
Azərbaycan Respublikasının
1999-cu il, 7 dekabr tarixli,
768-IQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
 

Bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I fəsil
 
ÜMUMİ MÜDDƏALAR

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir.

Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.

4. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

5. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqələr verilir.

6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatının siyahısını müəyyən edir.

7. Gömrük orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir (bundan sonra “xüsusi rütbə” adlanacaq):

1) gömrük xidməti giziri; tibb xidməti giziri;

2) gömrük xidməti baş giziri; tibb xidməti baş giziri;

3) gömrük xidməti kiçik leytenantı; tibb xidməti kiçik leytenantı;

4) gömrük xidməti leytenantı; tibb xidməti leytenantı;

5) gömrük xidməti baş leytenantı; tibb xidməti baş leytenantı;

6) gömrük xidməti kapitanı; tibb xidməti kapitanı;

7) gömrük xidməti mayoru; tibb xidməti mayoru;

8) gömrük xidməti polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı;

9) gömrük xidməti polkovniki; tibb xidməti polkovniki;

10) gömrük xidməti general-mayoru; tibb xidməti general-mayoru;

11) gömrük xidməti general-leytenantı;

12) gömrük xidməti general-polkovniki;

13) Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri.

8. Gömrük orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik heyət (gömrük xidməti giziri, gömrük xidməti baş giziri; tibb xidməti giziri, tibb xidməti baş giziri); 

2) orta rəis heyəti (gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı; tibb xidməti kiçik leytenantı, tibb xidməti leytenantı, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı);

3) baş rəis heyəti (gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, gömrük xidməti polkovniki; tibb xidməti mayoru, tibb xidməti polkovnik-leytenantı, tibb xidməti polkovniki);

4) ali rəis heyəti (gömrük xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, tibb xidməti general-mayoru).

Gömrük orqanlarının vəzifəli şəxsləri pensiya almaq hüquqi ilə xidmətdən azad edildikdə xüsusi rütbəyə "istefada olan" sözü əlavə olunur.

II fəsil


GÖMRÜK ORQANLARINDA XİDMƏTƏ QƏBUL

9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.

10. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə və Azərbaycan Respublikasının dövlət dilini sərbəstbilən vətəndaşlar gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

11. Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi, müsabiqə və şəffaflıq əsasında həyata keçirilir.

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

12. Vətəndaş gömrük orqanlarına xidmətə qəbul olunarkən aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;

2) şəxsiyyətini təsdiq edən sənəd;

3) əmək kitabçası;

4) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

5) sağlamlığının vəziyyəti haqqında tibbi arayış;

6) tərcümeyi-hal;

7) ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar; 

8) hərbi bilet və ya digər hərbi uçot sənədi.

13. Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən, bu Əsasnamənin 12-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

14. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində yazılı formada məlumat verilir.

15. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edilə bilməzlər.

 Bir qayda olaraq,  yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmirlər. 

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Gömrük orqanlarının kiçik heyət vəzifələrinə xidmətə ən azı tam orta və orta ixtisas təhsilli, orta, baş və ali rəis heyəti vəzifələrinə isə yalnız müvafiq ali təhsilə malik olan şəxslər qəbul edilirlər. 

16. Gömrük orqanlarının vəzifəli şəxslərinin:

1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa;

1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 

2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə;

4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə;

5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə;

6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə;

7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə;

8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

17. Gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

18. Sınaq müddətinin müəyyən edilməsi gömrük orqanına işə qəbula dair əmrdə göstərilir. Sınaq müddəti Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qısaldıla bilər.

19. Gömrük orqanının vəzifəli şəxsi sınaq müddətində tutduğu vəzifəyə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxslərinə aid olan bütün hüquqlardan istifadə edir.

Sınaq müddəti gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

20. Gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

Sınağın keçirilməsi qaydası və şərtləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, o cümlədən əlavə təhsili Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təhsil müəssisəsində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində, habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilir.

III fəsil
 
XÜSUSİ RÜTBƏLƏRİN VERİLMƏ QAYDASI

22. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada (bu Əsasnamənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), təhsilləri, olduqları xüsusi rütbədə xidmət müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir.

23. Gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Gömrük orqanlarının kiçik, orta rəis və baş rəis heyəti üçün nəzərdə tutulan və tibb xidməti polkovniki xüsusi rütbələri (gömrük xidməti polkovniki xüsusi rütbəsi də daxil olmaqla) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən verilir. 

24. Gömrük orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbәlәrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Gömrük orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

26. Kiçik, orta rəis və baş rəis heyəti gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:

gömrük xidməti giziri, tibb xidməti giziri - 5 il;

gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı - 1 il;

gömrük xidməti leytenantı, tibb xidməti leytenantı - 2 il;

gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı - 2 il;

gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 3 il;

gömrük xidməti mayoru, tibb xidməti mayoru - 4 il;

gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 5 il.

Gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti polkovniki, tibb xidməti polkovniki və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.

27. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edirlər:

gömrük xidməti giziri, tibb xidməti giziri, gömrük xidməti baş giziri, tibb xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti kapitanı, tibb xidməti kapitanı - 50 yaş;

gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı - 55 yaş;

gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti general-mayoru, tibb xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki - 60 yaş.

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətin orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün son yaş həddi müəyyən edilməmişdir.

Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə, bu maddənin birinci hissəsində nəzərdə tutulan müddәtlәrdәn 5 il az olmaqla xidmәt edə bilərlər. 

28. Gömrük orqanının vəzifəli şəxsi tibbi cəhətdən yararlı olduqda, bu Əsasnamənin 27-ci maddəsində göstərilən yaş hədləri Azәrbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər müddətə artırıla bilər.

29. Xüsusi şəxsi xidmətlərinə görə gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, lakin tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı verilməsinə gömrük orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

Kiçik heyət vəzifələrində olan gömrük orqanlarının vəzifəli şəxsləri orta və baş rəis heyəti vəzifələrinə təyin olunduqda, onlara mövcud xüsusi rütbədə xidmət müddətindən asılı olmayaraq həmin rəis heyətinin ilk xüsusi rütbəsi verilir.

30. Təhsil müəssisələrinin dinləyiciləri, adyunktları və doktorantları olan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbələr onlar tədrisə başlayandan əvvəl ştat üzrə tutduqları vəzifələrə, təhsil müəssisəsini, adyunkturanı və doktoranturanı bitirdikdən sonra isə onlar ştat üzrə təyin olunduqları vəzifələrə uyğun olaraq verilir.

31. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

Növbəti xüsusi rütbədə xidmət illəri əvvəlki xüsusi rütbədə xidmət illəri bitdiyi gündən başlayaraq hesablanır.

32. Gömrük orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 69-cu maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

Barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.

33. Gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbənin verilməsinin əsassız gecikdirilməsi müəyyən olunduqda, həmin şəxsin növbəti xüsusi rütbə alması üçün xidmət illəri onun əvvəlki xüsusi rütbədə xidmət illərinin bitdiyi vaxtdan başlayaraq hesablanır.

34. Gömrük xidməti polkovniki, tibb xidməti polkovniki, gömrük xidməti polkovnik-leytenantı, tibb xidməti polkovnik-leytenantı, gömrük xidməti mayoru və tibb xidməti mayoru, habelə gömrük xidməti kapitanı, tibb xidməti kapitanı, gömrük xidməti baş leytenantı, tibb xidməti baş leytenantı, gömrük xidməti leytenantı, tibb xidməti leytenantı xüsusi rütbələri olan gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər. 

35. Xüsusi rütbənin aşağı salınması haqqında qərar yol verilmiş pozuntular üzrə xidməti araşdırmanı aparmış müvafiq orqanın rəyi əsasında qəbul edilir.

36. Xüsusi rütbəsi aşağı salınmış gömrük orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq, öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

Bu maddənin birinci hissəsində göstərilmiş gömrük orqanının vəzifəli şəxsinin əvvəlki xüsusi rütbəsinə bərpası məsələsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

37. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

38. Xüsusi rütbə gömrük orqanlarının vəzifəli şəxsinə ömürlük verilir və o, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rütbədən məhrum oluna bilər.

39. Gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vәzifәlәrә uyğun xüsusi rütbәlәrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

40. Gömrük orqanlarının kiçik heyət, orta rəis heyəti və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vәzifәlәrə uyğun xüsusi rütbәlәrin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

41. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrə görə əlavələri Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələrə görə müvafiq maaşlarına bərabər müəyyən edilir. 

IV fəsil


GÖMRÜK ORQANLARINDA XİDMƏT

42. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

43. Gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:

gömrük orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmağa;

müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almağa;

xidməti vəzifələrini yerinə yetirmək üçün mülkiyyət formasından asılı olmayaraq müəssisələrə getməyə;

xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etməyə və ya onların hazırlanmasında iştirak etməyə;

xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və gömrük orqanlarında xidmət üzrə irəliləməyə;

şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə əlavə etməyə;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının saxlanılması üçün nəzərdə tutulan vəsaitlər hesabına əlavə təhsil almağa;

xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;

şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etməyə;

həmkarlar ittifaqlarına birləşməyə;

gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etməyə;

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etməyə.

Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək;

fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;

gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək;

xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;

gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;

dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

45. Gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

46. Vəzifə təlimatlarının hazırlanması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

47. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrasına həmçinin aşağıdakılar daxildir:

gömrük orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək;

xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq;

müalicədə olmaq, müalicə yerinə getmək və qayıtmaq;

xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətinin qorunması, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə hərəkətlər.

48. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

49. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. 

51. Gömrük orqanlarında xidmətə qəbul edilmiş vətəndaşlar ilk xüsusi rütbəni aldıqdan sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulan məzmunda and içirlər. 

Andiçmə mərasimi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

52. Gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir.

53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:

1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi;

2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şәxslәrin, həmin təhsilmüəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 

4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə:

səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda;

attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə;

intizam tənbehi qaydasında. 

54. Gömrük orqanının vəzifəli şəxsinin xidmət üzrə başqa işə keçirilməsi, keçirilməyə əsas göstərilməklə əmr ilə rəsmiləşdirilir. Əmr gömrük orqanının vəzifəli şəxsinə imza etdirməklə elan olunur.

55. (Çıxarılıb)

56. Barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.

57. Vəzifədən müvəqqəti kənar edilən gömrük orqanının vəzifəli şəxsinin həmin müddət ərzində əmək haqqı saxlanılmır.

58. Gömrük orqanlarının vəzifəli şəxsləri digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına xidmətə keçirilərkən onların gömrük orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir və daşıdıqları rütbələr saxlanılır.

Digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarından gömrük orqanlarına xidmətə qəbul edilmiş vәzifәli şəxslərin həmin orqanlarda xidmət illəri və daşıdıqları rütbәlәr saxlanılır.

59. Gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.

60. Müharibə dövründə və fövqəladə vəziyyət elan olunan yerlərdə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətlərinin xüsusiyyətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

61. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam oluna bilərlər.

62. Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

63. (Çıxarılıb)

V fəsil


XİDMƏTİ İNTİZAM

64. Gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

65. Gömrük orqanlarının nümunəvi daxili intizam qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

66. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə və digər nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə barədə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) pul və ya qiymətli əşya verilməsi;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) təltif silahının verilməsi;

6) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

7) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi;

8) döş nişanı ilə təltif edilmə. 

67. Təltif silahı ilə mükafatlandırma Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.

68. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunmasında xüsusi xidmətlərinə, qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə, habelə sair fərqlənmələrə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.

69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:  

1) irad;

2) töhmət;

3) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

4) aşağı vəzifəyə keçirilmə; 

5) xüsusi rütbənin bir pillə aşağı salınması;

6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 

7) gömrük orqanlarından xaric etmə;  

8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə.

69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.

70. İntizam tənbehinin qüvvədə olduğu müddətdə gömrük orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 66-cı maddəsində nəzərdə tutulan (7-ci bəndi istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər. 

73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelә törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətdə daxil edilmir. 

74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir.

75. Gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

77. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur.

Birbaşa rəislər gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir.

78. Həvəsləndirmə tədbirlərini və intizam tənbehi tətbiq etmək hüquqları olan şəxslərin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Gömrük orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gələrsə, bu zaman Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

79. Gömrük orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil


GÖMRÜK ORQANLARINDA XİDMƏTİN ŞƏRTLƏRİ

80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər.

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

84. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsil almaqla və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət.

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

85. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

86. Xidmətin birinci ili üçün gömrük orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətdən sonra əmələ gəlir.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.

87. Gömrük orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

88. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir.

89. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə ödənişli əlavə mәzuniyyәt verilir:

1) 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə - 5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə - 10 təqvim günü;

4) 20 il və daha çox xidmət illərinə görə - 15 təqvim günü.

90. Gömrük orqanının vəzifəli şəxsinin arzusu ilə əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

91. Gömrük orqanının vəzifəli şəxsi müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 85-ci maddəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.

 92. Gömrük orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilmə qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. 

94. Gömrük orqanlarının vəzifəli şəxslərinə hər il onların aylıq əmək haqqının iki qat həcmində maddi yardım göstərilə bilər.

95. Gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pul mükafatları verilə bilər. 

96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.

Verilən tapşırıqların yerinə yetirilməməsi, işin keyfiyyətinin aşağı düşməsi və habelə xidməti intizamın pozulması halları zamanı bu əlavələr götürülə və ya azaldıla bilər.

97. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı xidmətdə əldə etdikləri nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə onların vəzifə maaşlarının 25 faizi həcmində əlavələr müəyyən edə bilər.

98. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının əvəzinə, onların dəyəri məbləğində pul kompensasiyasının ödənilməsinə yol verilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

99. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələr Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə görə verilən haqqın məbləğlərinə bərabər müəyyən edilir. 

100. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

101. Gömrük orqanlarının vəzifəli şəxslərinin sosial-məişət və tibbi təminatı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir.

102. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar, həmçinin gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailələrinə tibb müəssisələrində tibbi komissiyalar tərəfindən tibbi xidmətin göstərilməsi kompensasiya əsasında həyata keçirilir və çəkilən xərclər Azərbaycan Respublikasının gömrük işin aparan icra hakimiyyəti orqanı tərəfindən ödənilir.

103. Gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. 

104. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsi həlak olduqda (vəfat etdikdə), xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, əmlakına zərər vurulduqda ona birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

105. Ali təhsil müəssisələrində təhsilini qiyabi formada davam etdirən gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştlər verilir. 

106. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin gömrük orqanlarının tibb müəssisələrində, eləcə də Azərbaycan Respublikasının digər hüquq mühafizə orqanlarının tibbi müəssisələrində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük sisteminin müvafiq fondunun vəsaitləri hesabına tibbi təminat almaq hüquqları vardır.

107. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət etdikləri və ya yaşadıqları yerlərdə Azərbaycan Respublikasının gömrük sisteminin tibb müəssisələri olmadığı hallarda onlara və onların ailələrinə dövlət tibb müəssisələrində tibbi yardım göstərilir.

108. Müalicəyə sərf olunan vəsaitlər səhiyyə müəssisələrinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına ödənilir.

109. Gömrük orqanının vəzifəli şəxsinə sanatoriya-kurort yollayışının qiymətinin 75 faizi, onun hər bir ailə üzvü üçün isə yollayışın qiymətinin 50 faizinə qədər məbləğdə pul kompensasiyası ödənilir.

Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara biraylıq əməkhaqqı həcmində müavinət ödənilir.  

110. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquq mühafizə orqanları üçün nəzərdə tutulmuş qaydada mənzillə, habelə müraciət etdikdə mənzil telefonu ilə təmin olunurlar.

111. (Çıxarılıb) 

112. (Çıxarılıb)

113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.

VII fəsil


GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN
ATTESTASİYASI VƏ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Attestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

115. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Hər bir gömrük orqanının vəzifəli şəxsinin üç ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.

116. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının nəzdində attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi və səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

Attestasiya komissiyası öz fəaliyyətini bu Əsasnaməyə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan attestasiya komissiyası haqqında Əsasnaməyə uyğun olaraq təşkil edir.

117. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.

118. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.

119. Attestasiya komissiyası bütün baxılan məsələlər üzrə əsaslandırılmış qərar qəbul edir və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təsdiqinə təqdim edir.

Attestasiya komissiyası gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı, attestasiya komissiyası bu qərarında gömrük orqanının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə tövsiyә verə bilər.

VIII fəsil


GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XİDMƏTİNƏ
XİTAM VERİLMƏSİ ÜÇÜN ƏSASLAR

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:

1) öz təşəbbüsü ilə;

2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə;

3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;

4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə;

5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;

6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə;

7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qərarı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;

8) gömrük orqanlarından xaric edildikdə;

9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;

10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə.

11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 

12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;

13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. 

Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. 

121. Gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvәqqәti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

122. Gömrük orqanlarında pensiya almaq hüququ ilə xidmətlərinə xitam verilmiş gömrük orqanlarının vəzifəli şəxslərinə geyim formasını daşımağa icazə verilir.

123. Gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı sürətdə xəbərdar etməlidir.

124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir;

1) 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində;

2) 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində;

3) 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində;

4) 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində.

Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır.

125. (Çıxarılıb) 

126. (Çıxarılıb) 

IX fəsil


GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN
GÖMRÜK ORQANLARINDA XİDMƏTƏ VƏ VƏZİFƏYƏ BƏRPA EDİLMƏSİ

127. Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

128. Gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.

Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

129. Gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında vəzifəyə bərpa edilməsi barədə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı dərhal icra olunmalıdır.

130. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir.

X fəsil


YEKUN MÜDDƏALAR

131. Gömrük orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş mənbələrdən yaranan gömrük sisteminin büdcədənkənar inkişaf fondu və dövlət büdcəsi ilə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir.

132. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar həlak olan vəfat edən, yaxud xidməti başa vurduqdan sonra gömrük orqanlarında xidmət zamanı aldıqları xəsarət (yaralanma, travma, kontuziya) və xəstəlik nəticəsində vəfat edən, həmçinin 20 il və daha çox (təqvim ili hesabı ilə) xidmət etmiş gömrük orqanlarının vəzifəli şəxslərinin dəfni və bununla əlaqədar xərclər Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən aparılır.

133. Gömrük orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.


Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

29.07.2017
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.