Haqqımızda :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.11.2019

USD - 1.7000

EUR - 1.8744

GBP - 2.1898

IRR - 0.0040

RUR - 0.0266

TRY - 0.2954

Tarix

Qədim Naxçıvan diyarının əlverişli coğrafi mövqedə - Şərqlə Qərbin qovşağında yerləşməsi burada ticarət və gömrük münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Tarixi ticarət yollarının bu ərazidən keçməsi, Naxçıvanın tarixən mövcud olmuş güclü Azərbaycan dövlətlərinin əsas mərkəzlərindən biri olması bu bölgənin əhəmiyyətini artırmışdır. 
Naxçıvanda aparılan gömrük işi özünəməxsus ənənə və prinsiplərə malik olmuşdur. Xanlıqlar dövründə burada müstəqil gömrük siyasəti həyata keçirilmişdir. Naxçıvan xanlığının (1747-1828) maliyyə strukturunun əsas və aparıcı hissələrindən birini vergi və gömrük xidməti təşkil etmişdir. Naxçıvanın əlverişli geosiyasi mövqedə, ticarət yolları üzərində yerləşməsi, geniş ticarət infrastrukturlarının mövcudluğu, bir neçə böyük dövlətlə qonşu olması burada gömrük işini çox aktual bir xidmət növünə və dövlətin gəlirlər hissəsinin əsas elementinə çevirmişdir. 
Azərbaycan torpaqları uğrunda Rusiya və İran arasında baş vermiş müharibələrin (1806-1813 və 1826-1828-ci illər) hüquqi nəticəsi olan Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən, Araz çayı hər iki dövlət arasında sərhəd xətti müəyyən edildiyindən bu çayın sahilində yerləşən yaşayış məntəqələrinin ticarət və mədəni əlaqələrində yeni dövr başlamışdır. 1829-cu ildən Culfa şəhəri ərazisində -  Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilmişdir. Bu gün də uğurla fəaliyyət göstərən Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulmuşdur.
Rus imperiyası tərəfindən İran və Türkiyə ilə həmsərhəd olan əraziləri tam nəzarətə götürmək üçün hazırlanmış təcili tədbirlər planında əsas məsələlərdən biri də xüsusən İranla sərhəddə yerləşən ərazilərdə gömrükxanaların açılması olmuşdur. Rusiya üçün İranla ticarətin əhəmiyyəti və bu ticarətdə Naxçıvanın rolu Azərbaycan tarixinin ümumiləşdirilmiş nəşrlərində də öz əksini tapmışdır. Əvvəllər nəşr edilmiş üçcildlik "Azərbaycan tarixi"nin ikinci cildində yazılır: "İranla ticarət yalnız dənizlə deyil, Rusiya–İran sərhədindəki gömrükxana zastavaları vasitəsilə də aparılırdı. Naxçıvan bölgəsi yalnız İranla deyil, Mərkəzi Rusiya ilə ticarətdə də iştirak edirdi”.
XIX əsrin əvvəllərində Qafqazdakı bütün gömrük orqanları birbaşa imperiyanın paytaxtı Sankt-Peterburqda yerləşən Maliyyə Nazirliyinin Xarici Ticarət Departamentinə tabe etdirilmiş, bütün sərəncam və direktivlər mərkəzdən  alınmışdır. 1828-ci ilin yanvarında bütün Qafqazın sərhəd perimetrini əhatə edən Gürcüstan Gömrük İdarəsi yaradılmış və Azərbaycan ərazisində fəaliyyət göstərən bütün gömrük orqanları bu idarəyə tabe etdirilmişdir. Naxçıvan və İrəvan xanlıqları Rusiyaya birləşdirildikdən sonra onların ərazilərinin sərhəd perimetlərində - İran və Osmanlı İmperiyası hüdudlarında yerləşən gömrük orqanları da Gürcüstan Gömrük İdarəsindən asılı olmuşdur. 
1830-cu ildə Şahtaxtı kəndi ərazisində Araz çayı üzərində Şahtaxtı-Ərəblər (Ərəblər Poldəşt şəhərinin qədim adıdır) körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilməyə başlanmışdır. Bu gün də uğurla fəaliyyət göstərən Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsinin əsası məhz həmin ildə qoyulmuşdur.
1831-ci il iyun ayının 3-də Rusiya Senatı tərəfindən qəbul edilmiş "Cənubi Qafqaz ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında" Əsasnaməyə əsasən, Azərbaycan ərazisində gömrük sahələri, o cümlədən Naxçıvan gömrük sahəsi yaradılmış, Xarici Ticarət Departamentinin 1 sentyabr 1831-ci il tarixli əmri ilə Azərbaycan ərazisində fəaliyyət göstərən gömrük orqanları Zaqafqaziya Gömrük Dairəsinə tabe etdirilmişdir.
Yaranmış zərurətlə əlaqədar olaraq 1835-ci ildə Ordubadda da gömrük xidməti təşkil olunmuşdur. Lakin sonralar bu gömrük məntəqəsinin effektli olmadığı əsas gətirilərək Qafqaz canişininin fərmanı ilə 1844-cü ildə bağlanmışdır. Ümumiyyətlə, Ordubad gömrük məntəqəsi 1935-ci ilədək bir neçə dəfə bərpa və ləğv edilmişdir.
Qafqaz canişini Aleksandr Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin-Gömrük Hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”nin 4-cü paraqrafına görə Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı İmperiyası ilə sərhəd olan Ağrı dağına qədərki məntəqələr (Naxçıvan gömrükxanası, Culfa gömrükxanası, Şahtaxtı keçidi, Ordubad keçidi, Baş Noraşen keçidi, Nehrəm keçidi) Naxçıvan gömrükxanasının ixtiyarına verilmişdir. Naxçıvan Karantin-Gömrük Kontoru 1885-ci ildə Culfa şəhərinə köçürülmüş və XX əsrin 20-ci illərinə qədər orada fəaliyyət göstərmişdir. 
Rusiya Maliyyə Nazirliyinin Gömrük Yığımları Departamentinin 28 may 1912-ci il tarixli qərarına əsasən, 1913-cü il yanvar ayının 1-dən yeni gömrük sahələri yaradılmışdır. Bu gömrük sahələrindən biri də mərkəzi Tiflisdə yerləşən Qafqaz Gömrük Sahəsi idi. Əsasnaməyə görə, Qafqaz Gömrük Sahəsi Novorossiysk gömrükxanasından Qara dənizin şərq sahillərinə tərəf, Türkiyə ilə İran sərhədləri, Xəzər dənizinin qərb sahilləri Həştərxan gömrükxanası da daxil olmaqla böyük bir gömrük ərazisini əhatə edirdi. Naxçıvan ərazisində fəaliyyət göstərən bütün gömrük orqanları da  bilavasitə bu gömrük sahəsinə aid edilmişdi. 
1915-ci ildə Sankt-Peterburqda dərc edilmiş “Rusiya gömrük xidmətinin strukturu və şəxsi heyəti” kitabında Qafqaz Gömrük Sahəsinə aid olan Alışar, Bulqan (əvvəllər Naxçıvan adlanırdı), Ordubad gömrük zastavalarının, Culfa gömrükxanasının, Culfa gömrük postunun adları qeyd olunmuş və gömrükxanaların şəxsi heyətləri barədə məlumatlar öz əksini tapmışdır.  Culfa gömrükxanası 1-ci dərəcəli gömrükxana olmuşdur. 
Azərbaycan Dövlət Bankının direktoru olmuş M.H.Baharlı “Azərbaycan” əsərində I Dünya Müharibəsindən əvvəlki dövrdə Azərbaycanın xarici ticarətində Naxçıvan gömrük orqanlarının roluna da toxunmuşdur: “Bizim xarici ticarətimizdə Rusiyadan sonra ikinci yeri İran tuturdu. ...İranla ticarət quru yolla Culfa, Ordubad, Cəbrayıl gömrükxanaları və başqa kiçik gömrükxana zastavaları vasitəsilə həyata keçirilir...”.
1908-ci ildən Culfa dəmiryol qovşağının Zaqafqaziya dəmiryolları şəbəkəsinə qoşulması ilə Rusiya ilə İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. 1915-ci ildə Culfadan Təbrizə ilk dəmir yolu çəkilmiş, Naxçıvan dəmir yolu ticarətində mühüm mərkəzə çevrilmişdir. Dəmir yolunun çəkilişindən sonra ticarət dövriyyəsi və iş həcmi artdığından Rusiya Maliyyə Nazirliyinin Gömrük Yığımları Departamentinin icazəsi ilə Culfa gömrükxanasına yeni bina tikilmişdir.
“Naxçıvanterminalkompleks” Birliyi də o dövrdə yaradılmışdır. Solfraxt adı ilə fəaliyyət göstərən bu gömrük orqanında İrana gedib-gələn qatarların, aparılıb-gətirilən yüklərin qeydiyyatı aparılmışdır. Solfraxt Moskvaya tabe olmuş, qapalı şəkildə fəaliyyət göstərmiş, bütün məlumatlar birbaşa mərkəzə ötürülmüşdür.
Əsrin əvvəllərində Naxçıvan gömrükxanalarının Rusiyanın xarici ticarət dövriyyəsindəki rolu xeyli artmışdı. XIX əsrin 40-cı illərində Culfa gömrükxanası vasitəsiylə İrandan Rusiyaya il ərzində 1200-1300 gümüş manat həcmində ticarət edildiyi halda, XX əsrin əvvəllərində bu ölkələr arasında mal dövriyyəsi 800 min manata yaxın olmuş, Birinci Dünya müharibəsindən əvvəlki illərdə isə 7 mln manata çatmışdır. İrəvan quberniyasının 1914-cü ilə aid icmalında qeyd olunur ki, həmin il İrandan gətirilən malların 84,7 faizi Culfa gömrükxanasının payına düşmüşdür.
XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi və tədqiqatçı K.A.Nikitin özünün “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində Naxçıvan ərazisində fəaliyyət göstərən gömrüklərin işini belə xatakterizə etmişdir: “Araz çayının axdığı yerdə, uyezdin qurtaracağında Şahtaxtı kəndində Şərur  gömrük–karantin zastavası yerləşir. Maku, Xoy və Səlmasdan fars-İran malları gətirən karvan yolu bu zastavadan keçir. Bu yolla bizə ildə 200.000 manata qədər əmtəə gətirilir. Burada artıq Araz çayını keçmək üçün  bərə vasitəsi quraşdırılıb. ...Araz çayının şərqə əyildiyi yerdə... Culfa bərə keçidi var ki, İrandan Zaqafqaziyaya gedən ən əsas karvan yolu da buradan keçir. Bu yoldan bizim ərazilərimizə indi hər il 80–90 və daha artıq karvan keçir. Bu karvanların hər birində isə İran malları ilə yüklənmiş 100 və daha artıq dəvə və at olur. Burada ticarət Naxçıvan gömrükxanası vasitəsilə aparılır”.
1925-1927-ci illərdə Naxçıvan MSSR Xalq Komissarları Şurasının sədri işləmiş Həmid Sultanov “Naxçıvan diyarı və onun iqtisadiyyatı” adlı əsərində bu qədim yurd yerində ticarətin və xarici iqtisadi əlaqələrin tarixinə nəzər salaraq qeyd edir ki, “Özünün coğrafi vəziyyətindən asılı olaraq Naxçıvan Respublikası həm müharibədən əvvəl (Birinci Dünya müharibəsi nəzərdə tutulur), həm də müharibədən sonra Zaqafqaziya üzrə, eyni zamanda bütün ittifaqın - Rusiyanın ticarətində tranzit ərazini təşkil edir. Hərçənd diyar həm Türkiyənin, həm də İranın sərhədində yerləşir, yalnız əsas halda ticarət İran Azərbaycanı və Maku xanlığı ilə edilir. Türkiyə ilə isə Naxçıvan vasitəsilə heç bir ticarət edilmir”.
Qeyd olunanlardan aydın olur ki, çar Rusiyası dövründə gömrük məntəqələri Naxçıvanın iqtisadi həyatında çox mühüm rol oynamışdır. 
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvanda qurulmuş Araz-Türk Cümhuriyyəti dövründə Naxçıvanın İranla sərhəddə yerləşən gömrük məntəqələri öz fəaliyyətini davam etdirmiş, hətta Türkiyə ilə gömrük əlaqələrinin qurulmasına da nail olunmuşdu. 29 oktyabr 1919-cu ildə tərtib olunmuş Azərbaycanın sərhəd mühafizəsinin sxematik xəritəsində göstərilir ki,  Naxçıvanın Türkiyə ilə sərhədində Nuraşen (indiki Sədərək) məntəqəsi yerləşirdi. Naxçıvan ərazisində İranla sərhəd boyu isə Alışarı, Şahtaxtı, Nehrəm, Yaycı, Ordubad, Culfa, Əlidərə məntəqələri var idi.
Xəritədə Ermənistanla sərhəd boyu bütün sərhəd məntəqələri bağlı şəkildə göstərilmişdir.
1920-ci ilin aprelində Rusiyanın Azərbaycanı işğal etməsindən sonra sovet respublikalarının sərhədindəki gömrük məntəqələrinin ləğv edilməsi prosesi başlanılsa da, İranla geniş sərhəd xəttinə malik Naxçıvanda gömrük xidmətinin fəaliyyətinə diqqət artırılmışdır. Naxçıvan ərazisindəki gömrük orqanlarının işinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Naxçıvan İnqlab Komitəsinin 22 dekabr 1920-ci il tarixli qərarı ilə Naxçıvan Rayon Gömrük İdarəsi yaradılmışdır.
SSRİ Xarici Ticarət Xalq Komissarlığı tərəfindən 26 yanvar 1925-ci ildə təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısına nəzər saldıqda görürük ki, Azərbaycan ərazisində birinci dərəcəli 3 gömrükxana fəaliyyət göstərmişdir ki,  onlardan biri də Culfa gömrükxanası olmuşdur (digərləri Bakı və Astara idi). Həmin dövrdə İrəvan (ikinci dərəcəli gömrük orqanı) və Mehri (üçüncü dərəcəli gömrük orqanı) gömrükxanaları  hüquqi cəhətdən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisindəki Culfa Gömrük İdarəsinə tabe etdirilmişdir.
1925-ci ildən başlayaraq Qərbi Avropadan Batumiyə gətirilən malların tranziti üçün vahid lisenziya əsasında çox aşağı tariflər tətbiq olunmuşdur. Poti limanından  dəmir yolu ilə Bakıya gətirilən mallar Culfadan keçməklə İrana daşınmışdır. Sovet respublikaları ərazisindən quru yolu ilə daşınan mallar da İran bazarına Culfa gömrükxanasından keçməklə daxil olmuşdur.
Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli qərarı ilə Culfa gömrükxanasının səlahiyyətinə sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin müayinəsi və onların buraxılması, xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət,  qaçaqmalçılığın müəyyən edilməsi və tutulması, qaçaqmalçılıq barədə işlərin həll edilməsi, yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və tutulması kimi vəzifələr aid edilmişdir. Culfa gömrükxanasında İrandan qəbul edilən və həmin ölkəyə yola salınan tranzit yüklərə gömrük baxışının sürətləndirilməsi sahəsində görülən tədbirlər mərkəzi aparatın diqqətini cəlb etmişdir. Zaqafqaziya Gömrük İdarəsi tərəfindən 29 sentyabr 1927-ci il tarixdə yerli gömrük orqanlarına göndərilən məktubda Culfa gömrükxanasında əldə edilən müsbət təcrübədən istifadə edilməsi tövsiyə olunmuşdur.
1930-cu illərdə Azərbaycan sərhədlərindən keçməklə İrandan üçüncü ölkələrə göndərilən tranzit yüklərin 74 faizi Culfa gömrükxanasında qeydiyyata alınaraq Batumi limanına göndərilmişdir. 1935-ci il avqustun 13-də SSRİ ilə İran arasında ticarət müqaviləsinin imzalanması iqtisadi-ticarət əlaqələrinin həcminin artmasına səbəb olmuşdur.
1940-cı ildə Tehranla Təbriz şəhərləri arasında dəmir yolu əlaqəsinin yaradılması, Bakı-Culfa dəmiryolu xəttinin tikintisinin başa çatdırılması, 1941-ci ildə Culfa-Mincivan və Osmanlı-Astara dəmir yolu xətlərinin istismara verilməsi ilə yük və sərnişin daşımaları daha da artmışdır.
İkinci dünya müharibəsi illərində həyati əhəmiyyət daşıyan yüklər, o cümlədən müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi bu gömrük orqanında yoxlanılmış və rəsmiləşdirilmişdir.
Müharibədən sonrakı illərdə də Naxçıvan gömrükxanaları xarici ticarət dövriyyəsində və tranzitdə öz əhəmiyyətli mövqeyini qoruyub saxlamışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra xarici ticarət əlaqələrinin genişləndirilməsi, gömrük nəzarəti və dövlət sərhədinin mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu öndər 1970-80-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanda gömrük işinin inkişafına, bu sahədə ixtisaslı milli kadrların hazırlanmasına diqqətlə yanaşmış, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərilmişdır. Dahi rəhbər Heydər Əliyev 1980-ci ildə Azərbaycanın bütün cənub dövlət sərhədi boyu yerləşən sərhəd və gömrük-buraxılış məntəqələrinə səfəri çərçivəsində Culfa gömrükxanasının əməkdaşları ilə də görüşmüşdür. Arxiv sənədləri ilə tanışlıq zamanı aydın olmuşdur ki, istər çar Rusiyası, istərsə də Sovet İmperiyası dövründə Naxçıvan gömrükxanalarında da əsas vəzifələrdə azərbaycanlıların xidmət etməsinə imkan verilməmiş, mərkəz tərəfindən hər vəchlə yerli peşəkar kadrların yetişməsinin qarşısı alınmışdır. 1970-ci ildən başlayaraq azərbaycanlı məmurlar gömrük işində yüksək vəzifələrə irəli çəkilmişdilər.
Naxçıvan gömrüyü əsl inkişaf dövrünü məhz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan üçün, xüsusən də odlar yurdunun qədim parçası olan Naxçıvan üçün son dərəcə ağır və məşəqqətli dövr kimi tarixə düşmüşdür. Mənfur Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşərək məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim yurd yerinin xilası ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.
1991-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin şəxsi təşəbbüsü  və qətiyyəti sayəsində İran İslam Respublikası ilə əldə olunmuş razılığı əsasən, bu ölkənin ərazisindən keçməklə Azərbaycan Respublikasının əsas ərazi vahidi ilə əlaqə yaradılmışdır. Culfa gömrük sərhəd buraxılış məntəqəsi blokada vəziyyətində yaşayan Naxçıvan üçün Azərbaycanın əsas ərazi vahidinə açılan rəmzi qapıya çevrilmişdir.
Ulu Öndər əhalinin təhlükəsizliyinin qorunmasına, iqtisadi çətinliklərin və sosial problemlərin aradan qaldırılmasına nail olmaq məqsədilə gömrük işinin təşkilinə və gömrük orqanlarının vahid mərkəzdən idarə olunmasına xüsusi diqqət yetirmişdir. 1991-ci ilin oktyabr ayının 29-da Naxçıvanla Türkiyə arasında müvəqqəti körpü açılmış, 11 noyabr 1991-ci il tarixdə Sədərək  gömrükxanası yaradılmış, 70 ildən sonra qardaş Türkiyə ilə əlaqələr bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 yanvar 1992-ci il tarixli Qərarında xarici ölkələrlə iqtisadi və digər əlaqələrin, gömrük xidmətinin səviyyəsinin, gömrük işinin həcminin artması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin yaradılması məqsədəmüfaviq hesab olunmuş,  dahi rəhbər Heydər Əliyevin 138–XII saylı Qərarı ilə 24 fevral 1992–ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır.
İran İslam Respublikası ilə müxtəlif sahələrdə, o cümlədən gömrük işi sahəsində əlaqələr quran ümummilli lider Heydər Əliyev Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə apardığı danışıqların və əldə olunmuş razılıqların nəticəsində Naxçıvana ikinci həyat yolunun açılmasına da nail olmuşdur. 1992-ci ilin may ayının 28-də “Ümid körpüsü“ adlandırılan Sədərək-Dilucu körpüsünün açılmasından sonra ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin 9 iyul 1992-ci il tarixli qərarı ilə Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında  rəsmi sərhəd keçid qapısı elan edilmişdir. Həmin ilin iyul ayının 13-də Naxçıvan Muxtar Respublikasının səlahiyyətli nümayəndə heyəti ilə Türkiyə Cümhuriyyətinin Qars vilayətinin səlahiyyətli nümayəndə heyəti arasında Sədərək–Dilucu keçid qapısının istifadə olunması haqqında protokol imzalanmışdır.
Sosial-iqtisadi ploblemlərin aradan qaldırılması istiqamətində xarici iqtisadi əlaqələrin rolunu və əhəmiyyətinin nəzərə alan ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə 244 km-lik sərhəddə daha bir sərhəd gömrük orqanının yaradılmasına, daha doğrusu bərpasına da nail olmuşdur. 22 noyabr 1992-ci il tarixdə Şahtaxtı gömrük postu yaradılmış, İran İslam Respublikası ilə aparılmış danışıqların nəticəsi olaraq bağlanmış protokola əsasən, Araz çayı üzərində yeni körpünün inşasına başlanılmışdır. Tikinti-quraşdırma işləri qısa vaxtda başa çatdırılmış və həmin ilin dekabr ayının 3-də Şahtaxtı-Poldəşt körpüsü istifadəyə verilmişdir. Ulu öndər Heydər Əliyev körpünün açılışında iştirak etmişdir.
22 oktyabr 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Şahtaxtı keçid məntəqəsində gömrük xidmətinin təşkil edilməsi haqqında 203 saylı qərar qəbul etmişdir. Əlavə olaraq qeyd edək ki, hələ 16 aprel 1991-ci il tarixdə Nehrəm kəndi ərazisində İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında sadələşdirilmiş gediş-gəliş üçün  gömrük keçid postunun yaradılması da muxtar respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına  xidmət etmişdir.
Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyev iqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyətə malik olan gömrük orqanlarının fəaliyyətinə yüksək qiymət  vermiş və onların  imkanlarından  məharətlə istifadə etmişdir.
Ulu Öndər xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra özünün Naxçıvanda müəyyənləşdirdiyi müstəqil dövlətçilik prinsiplərini ümumrespublika mənafeləri baxımından həyata keçirməyə başlamışdır. Dahi rəhbər blokada vəziyyətində olan Naxçıvana diqqət və qayğısını əsirgəməmiş, xarici iqtisadi əlaqələrin dərinləşməsi istiqamətində tədbirlər davam etdirilmişdir.
Sonrakı mərhələdə Naxçıvan gömrüyünün qanunvericilik bazasının təkmilləşdirilməsi, kadırların peşəkarlıq səviyyəsinin artırılması, xarici ticarət əlaqələrinin tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.  7 yanvar 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən təsdiq olunmuş  55-1 N-li Fərmanla Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətini tənzimləyən Əsasnamə qəbul edilmişdir. Əsasnaməyə əsasən, Naxçıvan Muxtar Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək, Azərbaycan Respublikası gömrük siyasətini Naxçıvan Muxtar Respublikası ərazisində həyata keçirmək kimi məsələlər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyalarına aid edilmişdir.
2000-ci ildən Naxçıvan gömrük sistemi sürətli inkişaf və təkmilləşmə mərhələsinə qədəm qoymuş və böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini vermiş, qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişləndirmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq status verilmiş, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrinin iş rejimi 24 saata, Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş vaxtı 16 saata çatdırılmışdır. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin fasiləsiz olaraq fəaliyyət göstərməsi Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasının digər bölgələrinə və əks istiqamətdə yük və minik maşınlarının, o cümlədən avtobus reyslərinin müntəzəm hərəkətinə şərait yaratmışdır. 
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə muxtar respublika gömrük sistemində müasir infrastruktur və möhkəm maddi-texniki baza formalaşdırılmışdır. 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi üçün yeni inzibati bina, 2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün yeni inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun şəkildə inşa olunan müasir kompleksin tikinti işləri böyük ölçüdə yekunlaşdırılmışdır. Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki körpülərin müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq 2007-ci ilin oktyabrında yeni Şahtaxtı-Poldəşt və 2011-ci ilin iyun ayında yeni Culfa-Culfa körpüsü istifadəyə verilmişdir. 
Özünün şanlı tarixi və mütərəqqi ənnənələri ilə öyünən Naxçıvan gömrüyü əsrlərin sınağından çıxaraq, püxtələşərək bu günlərə gəlib çatmışdır. Müstəqillik dövründə maddi texniki bazanın ildən ilə möhkəmləndirilməsi, işdə mütərəqqi metodlardan, müasir texniki nəzarət vasitələrindən geniş istifadə, informasiya kommunikasiya texnologiyalarının uğurlu tətbiqi, gömrük nəzarəti və rəsmiləşdirilməsinin sadələşdirilərək təkmilləşdirilməsi, hüquq mühafizə fəaliyyətinin artırılması bu gün muxtar respublika gömrük orqanlarının timsalında Naxçıvanın iqtisadi və milli təhlükəsizliyinin, maraqlarının qorunmasına etibarlı təminat yaratmışdır. 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.11.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.