Hüquq mühafizə fəaliyyəti :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

19.08.2018

USD - 1.7000

EUR - 1.9343

GBP - 2.1630

IRR - 0.0040

RUR - 0.0254

TRY - 0.2909

Hüquq mühafizə fəaliyyəti

  2017-ci il  ərzində görülmüş işlər 

 

Muxtar respublika gömrük orqanları tərəfindən hüquqpozmalara, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri 2017-ci ildə də davam etdirilmiş, əməliyyat fəaliyyəti bir qədər də genişləndirilmişdir. İl ərzində qeydə alınmış 4 cinayət tərkibli faktın 3-ü narkotik qaçaqmalçılığı ilə bağlı olmuş,  93 kq 609 qram narkotik vasitə olan heroin, 79,4 qram metamfetamin, 119 ədəd güclü təsirə malik “Tramadol” adlı psixotrop tərkibli dərman aşkar edilmişdir. 

Belə ki, Türkiyə Respublikası vətəndaşı, Uçakçıoğlu Ramazan Mürsəl oğlu 20 aprel 2017-ci il tarixdə İran İslam Respublikasına gedərək oradan özünə məlum olan mənbədən əldə etdiyi  119  ədəd “Tramadol” adlı güclü təsir edən maddəni ayağına geyindiyi corabların içərisində gizlədib ölkə ərazisinə keçirmək istəyərkən əməliyyat tədbirləri nəticəsində saxlanılmışdır.

Digər bir cinayət faktı üzrə Azərbaycan Respublikası vətəndaşı, Yasamal rayon sakini Xakipur Jalə Mikayıl qızı 17 may 2017-ci il tarixdə Türkiyə Respublikasından İran İslam Respublikasına gedərək oradan özünə məlum olan mənbədən əldə etdiyi çəkisi 79,40 qram təşkil edən metamfetamin maddəsini daxili orqanında gizlədərək ölkə ərazisinə və buradan da Türkiyəyə keçirmək istəyərkən gömrük nəzarəti zamanı saxlanılmış və narkotik vasitənin aparılmasının  qarşısı alınmışdır.

Daha bir cinayət xarakterli fakt üzrə isə Türkiyə Respublikası vətəndaşı, Büyükaslan Celal Hamit oğlu 18 iyun  2017-ci il tarixdə  Türkiyə Respublikasından İran İslam Respublikasına gedərək oradan özünə məlum olan mənbədən əldə etdiyi  çəkisi 93 kq 609 qram  təşkil edən narkotik vasitə olan heroini idarə etdiyi “VOLVO” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun arxa hissəsinin döşəməsində süni yaradılmış gizli saxlanc yerində gizlədib muxtar respublika ərazisindən tranzit keçməklə Türkiyəyə hərəkət etmək istəyərkən gömrük nəzarəti zamanı saxlanılmış və müvafiq tədbirlər görülmüşdür. Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılan X-ray tipli rentgen nəzarəti qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus həmin nəqliyyat vasitəsindən 93 kq 609 qram narkotikin aşkarlanması ilə transmilli cinayətkarlığın qarşısı alımışdır. Bu fakt Naxçıvan Muxtar Respublikası gömrük orqanlarının indiyə qədərki fəaliyyətində ən böyük nəaliyyət olmaqla yanaşı, texniki nəzarət vasitələrindən səmərəli istifadənin də göstəricisidir.

Hər üç faktla bağlı Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işləri açılmış və cinayət işlərinin istintaqı yekunlaşmışdır.  

2017-ci ildə hüquqpozma faktlarının qarşısının alınması istiqamətində muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr vermişdir.  Belə ki, birgə həyata keçirilmiş 6 əməliyyat-axtarış tədbiri nəticəsində 374,45 qram qızıl, 11,7 qram heroin, 6 qram marixuana, 418 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınmış və qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülmüşdür.

 “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəqledilməsinə və istehsalına lisenziya (xüsusi  razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarxli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin muxtar respublikaya gətirilməsi məhdudlaşdırılmışdır. 2017-ci il ərzində gömrük orqanları tərəfindən muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 min 148 ədəd müxtəlif adda dərman vasitələri saxlanılmışdır ki, bunların da 50 min 547 ədədi psixotrop tərkibli dərmanlar olmuşdur.

İl ərzində psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılmışdır. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün sərhəd gömrük buraxılış məntəqələrində dərman vasitələrinin adını yazmaqla idxalının məhdudlaşmış olub-olmadığını müəyyənləşdirmək üçün proqram təminatı hazırlanmışdır. Eyni zamanda, narkotik vasitələr, psixotrop maddələr və onların perekursorlarının gömrük sərhədindən keçirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbir kimi bu halların cinayət məsuliyyəti yaratması barədə kütləvi informasiya vasitələrindən və sərhəd gömrük buraxılış məntəqlərindəki elektron məlumat lövhələrindən istifadə etməklə vətəndaşların maarifləndirilməsi işi aparılmışdır.

2017-ci ildə gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına gömrük orqanları tərəfindən nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə VAİS proqram təminatının “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” bölməsinin və gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin təkmilləşdirilməsi üçün “Risklərin avtomatlaşdırılmış idarəedilməsi” sisteminin tətbiqinə başlanılmış, nəqliyyat vasitələri barədə Daxili İşlər Nazirliyi ilə elektron məlumat mübadiləsi təmin olunmuşdur. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə işində səmərəliliyi artırması məqsədilə Azərbaycan Respublikasının digər sərhəd keçid məntəqələrində aşkar olunan narkotik vasitələr, onların keçirilmə yolları barədə məlumatların şəxsi heyətə çatdırılmış, X-ray tipli rentgen nəzarət qurğuları vasitəsilə əldə olunan gizli saxlanc yerlərinin görüntüləri təhlil olunmuşdur. Aşkar olunan maddələrin narkotik vasitə olmasını müəyyənləşdirmək üçün gömrük orqanları ekspres analizatorlarla təmin edilmişdir.

May ayının 31-də Naxçıvanda Azərbaycan və Türkiyə Gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilmişdir.  Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyən olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və tabeli gömrük orqanları tərəfindən 2017-ci il ərzində 778 inzibati xəta faktı aşkar edilmiş və inzibati məsuliyyətə cəlb olunanlara 50 min 502 manat cərimə alınmışdır. Aşkar edilmiş inzibati xətalara dair işlərin nəticələri təhlil edilmiş və qəbul edilmiş qərarların icra vəziyyəti yoxlanılmışdır.

İl ərzində kinoloji xidmətin səviyyəsinin yüksəldilməsi və kinoloqların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinə müsbət təsir göstərmişdir. Əsasən narkotik vasitə, siqaret, silah və valyuta axtarışı üzrə ixtisaslaşmış 19 baş müxtəlif cinsli kinoloji itin təlimi və baxımı həyata keçirilmiş, xidməti itlər sərhəd keçid məntəqələrimizdə qeydə alınan bir çox hüquqpozma faktının aşkarlanmasında yaxından iştirak etmişlər.

Hüquqpozmalara qarşı mübarizə şöbə və bölmələri bundan sonra daha səmərəli nəticələr əldə etmək üçün bütün səy və bacarıqlarını mütəşəkkil qaydada səfərbər edəcək, öz fəaliyyətini muxtar respublikamızda əldə olunmuş sabitliyin, sağlam və firavan həyat şəraitinin qorunmasına, əməliyyat-axtarış işinin genişləndirilməsinə, gömrük sahəsində hüquqpozma hallarının qarşısının alınmasına yönəldəcəkdir.
Komitənin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin məlumatı

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

19.08.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.