Görüşlər :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

19.04.2018

USD - 1.7000

EUR - 2.1043

GBP - 2.4138

IRR - 0.0037

RUR - 0.0280

TRY - 0.4229

Görüşlər

Azərbaycan və Türkiyə Gömrük xidmətləri hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır

 31.05.2017
 
 Azərbaycan və Türkiyə Gömrük xidmətləri hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır
May ayının 31-də Naxçıvanda Azərbaycan və Türkiyə Gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində baş tutan görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev qeyd edib ki,  son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlər görülüb. 
Birgə əməkdaşlıq nəticəsində hüquqpozma hallarının azaldığını qeyd edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyinin Gömrüklərin Mühafizəsi İdarəsinin rəisi Abudallah Soylu bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini önə çəkib. 
Tərəflər qarşılıqlı görüşün Naxçıvanda keçirilməsinin həm də rəmzi məna kəsb etdiyini vurğulayaraq iki qardaş ölkənin məhz bu qədim türk yurdu vasitəsilə bir-birinə birləşdiyini qeyd ediblər. 
Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyən olunub.
        Sonda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 

 
GUAM  ölkələrinin  Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclası keçirilib
02.06.2017
 
  İyun ayının 2-də Naxçıvan şəhərində GUAM ölkələrinin Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclası keçirilib. Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə GUAM Katibliyi proqramlarının əlaqələndiricisi Səbuhi Təmirov Ticarət və Nəqletməyə yardım layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, adıçəkilən layihə gömrük və sərhəd sahəsində fəaliyyətin təkmilləşdirilməsində və müasirləşdirilməsində etibarlı platformaya çevrilib. Vurğulanıb ki, sözügedən layihə üzrə ardıcıl şəkildə görülən işlər indiyədək istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə mühüm töhfələr verib. 
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat olan GUAM-ın Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin növbəti iclasının Naxçıvanda keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. Naxçıvanın qədim tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ticarət əlaqələri, gömrük orqanlarının fəaliyyəti barədə məlumat verən Komitə sədri müstəqillik illərində muxtar respublikada bütün sahələrdə intibaha, tərəqqiyə nail olunduğunu önə çəkib. Qeyd olunub ki, kənd təsərrüfatı və sənayenin dinamik inkişafı, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq öz növbəsində ticarət əlaqələrinin artmasına da münbit şərait yaradıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ilə dünyanın 56 ölkəsi arasında ticarət əlaqələri qurulub. 
Muxtar respublikanın sosial-iqtisadi inkişafı və maqroiqtisadi göstəriciləri barədə məlumat verən İqtisadiyyat naziri Famil Seyidov Azərbaycan Respublikasının on iqtisadi rayonundan biri olan Naxçıvanın öz inkişaf səviyyəsinə görə ilk sıralarda olduğunu önə çəkib.  Qeyd olunub ki, 25 il bundan qabaq Naxçıvanda 40 sənayə müəssisəsi fəaliyyət göstərirdisə, indi onların sayı 442-ə çatıb. Muxtar respublikanın ixrac potensialını qeyd edən nazir Naxçıvan məhsullarının dünya bazarında öz keyfiyyəti, ekoloji cəhətdən təmizliyi və sağlamlığı ilə seçildiyini vurğulayıb. 
Gürcüstan Respublikasının Gəlirlər Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, Moldova Respublikası Maliyyə Nazirliyinin Menecment İdarəsinin Xarici Əlaqələr Menecmenti Şöbəsinin rəisi Dimitriy Volovey, Ukrayna Respublikası Dövlət Fiskal Xidməti yanında Beynəlxalq Məsələlər üzrə Məsləhət Şurasının üzvü Oleq Semeninko, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev ticarət və nəqletməyə yardım çərçivəsində görülən işlərin üzv ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrdən, gömrük nəzarəti və rəsmiləşdirilməsinin asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qonaqlar görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ediblər.
GUAM ölkələrinin Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclasının Protokolunu imzalayan tərəflər hava nəqliyyatında gömrük hüquqpozmalarına qarşı birgə mübarizə, üzv ölkələrin gömrük sərhədlərindən keçirilən mal və nəqliyyat vasitələri haqqında məlumatların əvvəlcədən ötürülməsi ilə məlumat mübadiləsinin həyata keçirilməsinin test rejimində davam etdirilməsi, mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı elektron imzanın qarşılıqlı tanınması və tətbiqi kimi məsələlərdə razılığa gəliblər. Tərəflər ümumilikdə 10-dan artıq məsələ ilə bağlı razılaşıblar.   
İslasda Estoniya-Azərbaycan Ticarət Palatasının sədri Yana Krimpe mal və nəqliyyat vasitələrinin rəsmiləşməsi zamanı elektron imzaların qarşılıqlı tanınması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı Zaur Qardaşov Azərbaycan Rəqəmsal Ticarət Qovşağı layihəsi və ondan istifadə imkanları barədə təqdimatla çıxış ediblər. 
GUAM ölkələrinin Ticarətə və Nəqletməyə yardım layihəsinin Rəhbəredici Komitəsinin 26-cı iclasında Naxçıvanda fəaliyyət göstərən biznes subyektləri də iştirak edib. Muxtar respublikanın xarici iqtisadi fəaliyyət iştirakçıları GUAM-a üzv ölkələrlə ticarət əməliyyatları zamanı qarşıya çıxan çətinlikləri aidiyyəti üzrə gömrük xidməti nümayəndələrinin diqqətinə çatdırıblar. 
GUAM ölkələrinin Ticarətə və Nəqletməyə Yardım Layihəsi üzrə Rəhbəredici Komitəsinin növbəti iclasının cari ilin ikinci yarısında Gürcüstanda keçirilməsi qərara alınıb.

Komitənin Mətbuat xidməti 
 
 
 
İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin 
üçüncü müştərək görüşü keçirilib
04.07.2017
 
  Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib. Səfərin ilk günündə Azərbaycan gömrük xidməti nümayəndələri İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb. Vali bütün sahələrdə qarşılıqlı əlaqələrin, o cümlədən gömrük münasibətlərinin arzuolunan səviyyəyə çatdırılmasının hər iki ölkənin və xalqlarımızın maraqlarına xidmət etdiyini önə çəkərək müştərək görüşlərin əhəmiyyətindən danışıb. Azərbaycan gömrük xidməti nüməyəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İran İslam Respublikasının yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında ildən-ilə inkişaf edən münasibətlərin iki ölkənin qarşılıqlı əlaqələrinə müsbət təsir etdiyini vurğulayıb.  
İyul ayının 3-də Urmiya şəhərində keçirilən İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşündə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan Vilayətləri Gömrüklərinin rəisləri, rəis müavinləri, Biləsuvar, Astara,  Ərdəbil, Culfa, və Poldəşt Gömrük İdarələrinin rəisləri, Urmiya Yol İdarəsinin Tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak ediblər.
Azərbaycan gömrük xidməti nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, Astara, Culfa, Şahtaxtı Gömrük İdarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini “Naxçıvanterminalkompleks” Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıblar. 
Qərbi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Pərviz Təqəvi gömrük xidməti nümayəndələri arasında keçirilən müştərək görüşlərin qarşılıqlı olaraq gömrük orqanlarının fəaliyyətinin daha da yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və asanlaşdırılması istiqamətində müzakirələrin aparılması və mövcud çətinliklərin aradan qaldırılması yollarının tapılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan gömrük xidməti nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin, o cümlədə digər gömrük orqanlarının  fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin  intensivləşdirilməsinin vacibliyini qeyd edib.
İranın Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Ələsgər Abbaszadə iki ölkə arasındakı münasibətlərin gömrük əlaqələrinin də inkişafına müsbət təsir etdiyini, ticarətin və gediş-gəlişin ildən-ilə artdığını vurğulayıb.  
Sonra İran gömrüyündə üç ildir ki, tətbiq edilən “bir pəncərə” prinsipi ilə bağlı təqdimat olub. Qeyd olunub ki, bu sistem üzərindən 22 dövlət təşkilatının onlayn qaydada birgə fəaliyyəti təmin edilib. 
Görüşdə hər iki tərəfdən gömrük idarələrinin rəislərinin iştirakı ilə qarşılıqlı şəkildə keçidin daha da sadələşdirilməsi və asanlaşdırılması, ticarət əməliyyatlarının və tranzitin artırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin iş vaxtının 12 saatdan 16 saata çatdırılması, avtonəqliyyat vasitələrinin gömrük sərhədində yubanması hallarının qarşısının alınması, sığorta işinin səmərəli təşkili, gömrük nəzarətinin “bir dayanacaq” prinsipi əsasında həyata keçirilməsi, xüsusən də minik avtonəqliyyat vasitələri üçün gömrük sərhəd buraxılış məntəqələrində tələb olunan sənədlər və ödənişlər baradə əvvəlcədən elektron qaydada məlumat verilməsi imkanlarının dəyərləndirilməsi və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər. 
Hər iki tərəf gömrük prosedurlarının asanlaşdırlması və sadələşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib. 
Görüşdə iştirak edən İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrom gömrük idarələri arasındakı əlaqələrin kordinasiyası üçün hər iki ölkədə gömrük katibliyinin yaradılmasını, Türkiyə gömrük xidməti nümayəndələrinin də iştirakı ilə üçtərəfli formatda görüşlərin təşkil olunmasını təklif edib.
Gömrük xidməti nümayəndələrinin müştərək görüşlərinin ildə bir dəfə olmaqla davam etdirilməsi qərara alınıb və növbəti görüşün gələn ilin may ayında Azərbaycanın Biləsuvar şəhərində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.


Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti 
 

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

19.04.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.