Xəbərlər :: Muxtar respublika gömrük orqanlarının illik fəaliyyəti müzakirə olunub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

24.02.2018

USD - 1.7001

EUR - 2.0914

GBP - 2.3714

IRR - 0.0038

RUR - 0.0301

TRY - 0.4488

Muxtar respublika gömrük orqanlarının illik fəaliyyəti müzakirə olunub

12.01.2018

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2017-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclası keçirilib. Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib. 
Gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir-bərpa ve yenidənqurma işlərinin aparıldığını qeyd edən komitə sədri Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə “bir dayanacaq” prinsipinə uyğun müasir gömrük kompleksinin tikintisinin davam etdirildiyini bildirib. 
Vurğulanıb ki, büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 milyon 500 min manatlıq proqnoz-tapşırığa 101,07 % əməl olunub. Gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar  Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 8,37 %-ni təşkil edib.
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən Komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1 % artıb. İxrac əməliyyatları əsasən İran İslam Respublikası, Türkiyə Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib. İxracın strukturunda sənayə məhsullarının payı 76 % olub. 
2017-ci ildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub.  Faktlar üzrə 93 kq 609 qram heroin, 79,40 qram narkotik vasitə olan metamfetamin və 119 ədəd güclü təsirə malik “Tramadol” adlı psixotrop tərkibli dərman saxlanılıb. Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində aşkarlanmış külü miqdarda narkotik vasitə - heroin qaçaqmalçılığı faktı Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.
Muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, birgə həyata keçirilmiş 6 əməliyyat-axtarış tədbiri nəticəsində 374,45 qram qızıl, 11,7 qram heroin, 6 qram marixuana, 418 ədəd psixotrop tərkibli dərman vasitəsinin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 
Ötən il psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılıb. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün sərhəd gömrük buraxılış məntəqələrində dərman vasitələrinin adını yazmaqla idxalının məhdudlaşmış olub-olmadığını müəyyənləşdirmək üçün proqram təminatı hazırlanıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 min tabletkadan çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da  50 min tabletkadan çoxu psixotrop tərkibli olub.
İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 min 502 manat cərimə ödənişi təmin olunub. 
Daxili bazarın qorunması istiqamətində görülmüş işlər və gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mövzusunda çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində fəaliyyət davam etdirib. Belə ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, istehlakçıların mənafeyi naminə yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. 
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub.  Hesabat dövrü ərzində  keyfiyyət göstəricilərinin təyini ilə bağlı ümumilikdə 42 min 260 ton məhsuldan alınan prob və nümunələrin ekspertizası həyata keçirilib. Ekspertizası aparılmış mallardan 8,55 ton ərzaq və qeyri-ərzaq məhsulunun keyfiyyət göstəriciləri normalara cavab vermədiyindən, o cümlədən tərkibində qadağan olunmuş qatqı maddəsinə rast gəlindiyindən, həmçinin, markalanma və qablaşması tələblərə uyğun olmadığından muxtar respublika ərazisinə buraxılmayıb.
O da vurğulanıb ki, il ərzində gömrük sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi arealının genişləndirilməsi diqqətdə saxlanılıb, iş prossesində səmərəliliyi artırılması və xidmətinin keyfiyyətini yüksəldilməsi üçün əlavə tədbirlər görülüb. 
Kollegiya iclasında gömrük orqanlarında həyata keçirilən audit yoxlamalarının nəticələri müzakirə olunub və  Naxçıvan Gömrük Ekspertizası İdarəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib. 
Tədbirə yekun vuran Komitə sədri nizam-intizamın və işə tələbkarlığın artırılmasının,  qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılmasının, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rahil TAHİRLİ,
Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovla birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

24.02.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.