Xəbərlər :: Standartlara uyğun olmayan elektrik və qaz cihazlarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə icazə verilmir :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

19.12.2018

USD - 1.7000

EUR - 1.9423

GBP - 2.2312

IRR - 0.0040

RUR - 0.0257

TRY - 0.3158

Standartlara uyğun olmayan elektrik və qaz cihazlarının gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə icazə verilmir

28.09.2018

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyatı qurumlar tərəfindən icra edilir. Avqust ayının 4-də keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsindən, eləcə də bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.  
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi ilk növbədə məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı,  ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş və ya tanınmış uyğunuq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.
Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənməmiş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi  məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bunula bağlı sərhəd keçid məntəqələrində vətəndaşlara yazılı, şifahi və elektron qaydada xəbərdarlıqlar olunur, xaricdən qaz sobası gətirmək istəyən hüquqi və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan  idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd keçid məntəqələrində saxlanılır. Ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi aidiyyatı dövlət qurumunun əməkdaşları tərəfindən yerindəcə yoxlanılır və müsbət rəy verildikdən sonra  buraxılışına icazə verilir. 
Təbii ki, gömrük orqanları insanların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi malların standartlara uyğunluğunu, təhlükəsizliyini vizual şəkildə müəyyənləşdirə bilməz. Bunun üçün aidiyyatı dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı olmalıdır. 
Xaricdən uyğunluq sertifikatı olmadan gətirilən və standartlara uyğunluğuna dair müsbət rəy verilməyən qaz sobalarının gömrük orqanları tərəfindən saxlanılması təhlükəsizliyin təmin olunmasına, vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir. Muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşaması fərdi yaşayış evlərində qazla işləyən cihazlara tələbatı artımaqla yanaşı, onlardan istifadə zamanı təhlükəzisliyin təmin olunmasını da aktual edir. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin olunmadıqda bədbəxt hadisələr qaçılmaz olur. 
Yeri gəlmişkən, qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansısa bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar  avtomatik qaz kıranı, yəni qaz requlyatoru ilə təchiz edilir. Sınaq yoxlamalarının nəticələri göstərir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən xaricdəki mağazalardan alınıb gətirilən sobaların heç də hamısı standartlara cavab vermir.  Xarici uyğunluq sertifikatı olan qaz sobalarında bir çox hallarda müəyyən olunur ki, maya dəyərinin aşağı salınması və ya hər hansısa başqa bir səbəbdən onların üzərində bu qurğular olmur və ya sonradan açılıb çıxarılır.  Məhz təkcə ötən il ərzində fiziki şəxslər tərəfindən gətirilmiş 197 sobanın 88-nin standartlara uyğun olmamasının müəyyən edilməsi və buraxılışına  icazə verilməməsi bu sahədəki vəziyyəti əks etdirir.  
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasıyla əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən daxili bazarda birgə reydlər də təşkil olunur. Məqsəd standartlara uyğun olmayan  və  sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz cihazlarının istismarına yol verilməməsindən və satış dövriyyəsindən çıxarılmasının təmin edilməsindən, o cümlədən sahibkarlıq subyektlərinin hüquqi cəhətdən maarifləndirilməsindən ibarətdir. Bütün bunlar əhalinin təhlükəsizliyi, yanğın, partlayış, zəhərlənmə və ölüm hallarına aparıb çıxaran hadisələrin qarşısının əvvəlcədən alınması baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçılarının hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə xaricdən gətirilən və milli sertifikatlaşmadan keçməyən elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən bu tip cihazların gətirilməsinə icazə verilməsi üçün yeganə əsas aidiyyatı dövlət orqanı tərəfindən aparılmış müayinədən sonra verilmiş və ya tanınmış uyğunluq sertifikatıdır. 

Rahil TAHİRLİ,
Komitənin mətbuat xidməti

























Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

19.12.2018
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.