Xəbərlər :: Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti müzakirə olunub :: Naxçivan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
AZ
EN
RU

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Valyuta məzənnəsi

16.07.2019

USD - 1.7000

EUR - 1.9142

GBP - 2.1277

IRR - 0.0040

RUR - 0.0271

TRY - 0.2974

Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti müzakirə olunub

09.07.2019

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində 2019-cu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib. 
Vurğulanıb ki, dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Gömrük İdarəsi üçün 18 hektar ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir kompleksin inşasının qısa vaxta başa çatdırılması üçün işlər sürətləndirilib. Gömrük orqanlarında 8 ədəd Almaniya istehsalı olan yeni rentgen-nəzarəti qurğusunun, vətəndaşların üzərlərində olan malların aşkarlanmasına imkan verən 2 ədəd müasir “B-skan”ın quraşdırılması gömrük nəzarətinin sürətli və mükəmməl formada həyata keçirilməsinə imkan yaradıb. 
Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, bütün gömrük orqanlarında “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” tətbiq olunmağa başlanılıb. Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş vaxtının 16 saata çatdırılması xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradıb. 
Komitə sədri qeyd edib ki, 2019-cu ilin birinci yarısında muxtar respublika gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 108 % əməl edilib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13 faizini təşkil edib. 
Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 47 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları əsasən Türkiyə Respublikası, Gürcüstan, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Qətər Əmirliyi ilə həyata keçirilib. 
2019-cu ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 2 cinayət faktı üzrə ümumilikdə 8,2 kq narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.  
İclasda vurğulanıb ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətində də fəaliyyət davam etdirilib. Belə ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. 2019-cü ilin muxtar respublikamızda “Ailə təsərrüfatları” ili elan olunması ilə əlaqadar xaricdən ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub. 
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu vurğulayan komitə sədri bu məqsədlə 6,8 ton ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını, 14 tondan artıq malın isə yandırma üsulu ilə məhv edildiyini qeyd edib. 
Muxtar respublika gömrük sistemində peşəkar inkişaf proqramının uğurla icra olunduğunu önə çəkən Səhət Həbibbəyli gömrük əməkdşalarının bilik və bacarıqlarının artırılması, təkmilləşdirmə kurslanın təşkili istiqamətində görülən işlərdən də danışıb. Əsas məqsəd gömrük sistemini xarici fəaliyyət iştirakşılarına və vətəndaşlara xidmət edən orqana çevirməkdir,-deyən komitə sədri gömrük orqanlarında nizam-intizama nəzarətin gücləndirildiyini, öz vəzifələrini layiqincə yerinə yetirməyən əməkdaşlar barəsində lazımi tədbirlərin görüldüyünü, şəffaflığın artırılması üçün ciddi islahatların həyata keçirildiyini önə çəkib. Qeyd olunub ki, altı ay ərzində 13 əməkdaş işdən azad olunub, 53 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 
Kollegiya iclasında Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi  bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədovun Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması istiqamətində, Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Anar Hacıyevin hüquqpozmalara qarşı mübarizə sahəsində, Audit bölməsinin rəisi, gömrük xidməti mayoru Məmməd Adıgözəlovun aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı 2019-cu ilin birinci yarısında görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib. 
Çıxışlardan sonra beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında gömrük orqanlarına verilmiş tapşırıqların icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.  Qeyd olunub ki, dövlət büdcəsinin formalaşdırılması üçün müəyyən olunmuş proqnoz-tapşırıq artıqlaması ilə yerinə yetiriləcək, daxili bazarın qorunması istiqamətində tədbirlər davam etdiriləcək, sahibkarlıq subyektləri ilə rübdə bir dəfə görüşlər keçiriləcək, onların gömrük işinə dair qarşılaşdıqları çətinliklərin öyrənilməsi, araşdırılaraq aradan qaldırılması, yerli istehsalın ixrac potensialının artması üçün gömrük rəsmiləşmələrinin sadələşdirilməsi təmin ediləcəkdir. Komitə sədri gömrük işinin keyfiyyətinin artırılması, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, nizam-intizama ciddi əməl edilməsi, qarşıya qoyulmuş vəzifələrin vaxtında icra olunması ilə bağlı konkret tapşırıqlar verib. 
Sonda kollegiya iclasının qərar hissəsi oxunaraq qəbul edilib. 

Komitənin Mətbuat xidməti


Xəbərlər arxivi

Virtual qəbul

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə birbaşa əlaqə.

Virtual qəbula keç

Faydalı informasiya

Bütün məlumatlar

Keçidlər

Valyuta məzənnəsi

16.07.2019
AR Mərkəzi Bankının valyuta məzənnəsi arxivi ilə burada tanış ola bilərsiz.