• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Daxili bazarın qorunması

    Dövlət Proqramlarının icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin səmərəliliyinin artırılması istiqamətində 2020-ci ilin birinci yarısı ərzində görülmüş işlər

     

    Gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin təmin olunması və daxili bazarın qorunması istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf dinamikasının qorunub saxlanmasına öz müsbət təsirini göstərmişdir. Muxtar respublikamızda qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası, daxili bazarın qorunması və gömrük nəzarətinin günün tələbləri səviyyəsində təşkili istiqamətində fəaliyyət hesabat dövründə də davam etdirilmişdir.

    “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xaricdən idxal edilən üzvi və qeyri-üzvi vasitələrin keyfiyyət göstəricilərinə, toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarət gücləndirilmişdir. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı dəstəklənmiş, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının qarşısı alınmışdır.

    “Naxçıvan Muxtar Respublikasının 2020-2025-ci illərdə baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar gömrük keçid məntəqələrində baytar-karantin nəzarəti tədbirlərinin aparılması üçün aidiyyəti dövlət orqanları ilə işlərin təşkili təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikasına idxal edilən bütün növ diri heyvanlar üçün xarici baytarlıq sertifikatı tələb olunmuş və karantinə alınması üçün aidiyyəti rayon baytarlıq xidmətlərinə əvvəlcədən məlumat verilmişdir. Həmçinin, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən xarici dövlətlərdə qeydə alındığı təsdiqlənmiş xəstəliklərin muxtar respublika ərazisində yayılmasının qarşısını almaq məqsədilə həmin ölkələrdən heyvan və heyvan mənşəli malların idxalı məhdudlaşdırılmışdır.

    "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası da diqqətdə saxlanılmışdır. Belə ki, muxtar respublikadan yerli xalçaların aparılmasına şərait yaradılmış, xalçaçılıq üçün istifadə olunan xammalın, avadanlıqların və alətlərin gətirilməsi qanunvericilik çərçivəsində asanlaşdırılmışdır. Əllə toxunan yerli xalçaların təbliği və ixracı ilə əlaqədar mütəmadi olaraq xarici ticarət iştirakçıları ilə təbliğat və maarifləndirmə işləri həyata keçirilmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 mart 2020-ci il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracına əlverişli şərait yaradılmış, ailə təsərrüfatlarının fəaliyyəti üçün muxtar respublikaya gətirilən bütün növ xammal, avadanlıq, qablaşdırma ləvazimatları və materialların güzəştli şərtlərlə və sadələşmiş qaydada buraxılışının təmin olunması muxtar respublikada keyfiyyətli məhsul istehsalının və onların ixrac imkanlarının artmasına səbəb olmuş, rəqabətədavamlı məhsul istehsalının dəstəklənməsi istiqamətində müvafiq işlər görülmüşdür. Yaradılan şərait muxtar respublikada yeni istehsal sahələrinin və ailə təsərrüfatlarının yaradılmasına, istehsal müəssisələrinin öz fəaliyyətini genişləndirməsinə səbəb olmuşdur.

    Hesabat dövründə xarici ticarət iştirakçılarının işinin daha da asanlaşdırılması, ticarət dövriyyəsinin artırılması və şəffaflığın təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanına əsasən “Yaşıl Dəhliz” buraxılş sisteminin tətbiqi biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaqla yanaşı, könüllü riayət mədəniyyətinin formalaşdırılmasına, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətinin və rəsmiləşdirilməsinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə, fiziki gömrük yoxlamalarının minimuma endirilməsinə, ixrac potensialının gücləndirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilməsinə və mövcud resurslardan daha optimal istifadənin təmin edilməsinə münbit zəmin yaratmışdır. 2020-ci ilin birinci yarısı ərzində “Ləzzət Biskivit və Şokolad Fabriki”, “Naxçıvan Sement Zavodu” və “Gəmiqaya Bellissa Mebel Fabriki ” hüquqi şəxslərinə ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilməsi ilə bağlı müvafiq işlər yerinə yetirilmişdir.

    Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən yerli istehsalın qorunmasına, istehlak bazarının keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasına nəzarət gücləndirilmiş, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi işi həyata keçirilmişdir. Xaricdən gətirilən və yerli istehsala əks təsir göstərən mallara qarşı qanunvericiliyə uyğun olaraq tarif və qeyri-tarif tədbirləri tətbiq olunmuşdur. Bu məqsədlə yerli istehsal məhsullarının daxili tələbatı ödəmə miqdarı vaxtaşırı olaraq öyrənilmiş, əldə edilən məlumatlar əsasında daxili bazarın qorunmalı olan sahələri müəyyənləşdirilmişdir. Kənd təsərrüfatı məhsullarının kütləvi çıxım dövründə eyniadlı malların idxalı tamamilə məhdudlaşdırılmışdır.

    Muxtar respublikamızda yerli istehsalın dəstəklənməsi və məhsul bolluğunun yaradılması məqsədilə idxal olunan toxumluq kənd təsərrüfatı məhsulları, quşçuluğun və arıçılığın inkişafı üçün müxtəlif növ quşlar və arı ailələri gömrük ödənişlərindən tam azad olunmuş, xaricdən gətirilən xammala güzəştli tarif dərəcələri tətbiq edilmişdir.

    Gömrük orqanları daxili bazarın qorunması və yerli istehsalın stimullaşdırılması ilə yanaşı, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyətini davam etdirmişdir. Sərhəddən keçirilən kənd təsərrüfatı ərzaq və digər məhsulların istehsal və istehlak tarixlərinə, qablaşdırma və daşınma standartlarına nəzarət edilmiş, keyfiyyət göstəriciləri aşağı olan, əmtəə görünüşü pozulmuş malların, tərkibində nitratın miqdarı normadan artıq olan meyvə-tərəvəz məhsullarının idxalına imkan verilməmişdir. Belə ki, 2020-ci ilin birinci yarısı ərzində keyfiyyəti standartlara cavab vermədiyinə görə 6168 ədəd elektirik lampası, 59 ədəd qaz pilətəsi, 32 ədəd qazla işləyən su qızdırıcısı saxlanılmışdır. Həmçinin, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyinin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərdən idxal istiqamətində gətirilən 60 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar geri qaytarılmışdır.

    Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə gömrük orqanları arasındakı əlaqələrin gücləndirilməsi, elektron gömrük xidmətlərindən istifadəsinin daha da təkmilləşdirilməsi diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük komitəsinin yeni internet saytının və 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyasının istifadəyə verilməsi gömrük-biznes əməkdaşlığına yeni töhfə olmuşdur. Gömrük orqanlarının internet resursları vasitəsilə göstərilən elektron xidmətlərin keyfiyyəti artmış, bəyanetmə və gömrük ödənişlərinin elektronlaşması ilə rəsmiləşmə prosesi daha da sürətlənmişdir.

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronovirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Sədərək, Culfa və Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri müntəzəm şəkildə aparılmış, muxtar respublika ərazisinə daxil olan bütün nəqliyyat vasitələri dezobaryerlərdən keçirilmişdir. Culfa və Sədərək gömrük keçid məntəqələrində nəqliyyat vasitələri üçün iki yeni dezinfeksiyaedici qurğu quraşdırılmışdır. Məsafədən hərarətin ölçülməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin sərnişin keçid zallarına yeni termal kameralar qoyulmuş, əməkdaşlar portativ məsafədən ölçmə termometrlərlə, tələb olunan tibbi ləvazimat və dezinfeksiyaedici məhlullarla təmin olunmuş, sərnişin zalları mütəmadi olaraq dezinfeksiya məhlulları ilə silinmişdir.

    İş prosesində informasiya-kommunikasiya texnologiyalarından və texniki nəzarət vasitələrindən geniş istifadə gömrük nəzarətinin kefiyyətinin artması ilə nəticələnmişdir. Gömrük orqanlarında vizual nəzarətin və müşahidənin artırılması məqsədilə yüksək görüntü keyfiyyətinə malik 40 ədəd yeni kamera və onların yaddaş qurğuları alınaraq quraşdırılmış və görüntülərin Hədəflərin Müəyyənləşdirilməsi Mərkəzinə ötürülməsi təmin edilmişdir. Sədərək gömrük sərhəd buraxlış məntəqəsi üçün inşa edilən yeni komplek üçün alınmış kompüter avadanlıqlarının, TRS, elektron növbə, sürətli keçid üçün elektron növbə sistemlərinin quraşdırılması üçün müvafiq işlər görülmüşdür.

    Həmçinin, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsində iki yeni baxış-rentgen qurğusu quraşdırılmış, Sədərək Görmük İdarəsinin yeni gömrük kompleksi üçün tələb olunan sayda rentgen-nəzarət qurğuları, rabitə cihazları və digər texniki nəzarət vasitələri alınmışdır.

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında cənab Ali Məclisin Sədri vurğulamışdır ki, daxili bazarın qorunması istiqamətində tədbirlər davam etdirilməli, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələr gücləndirilməlidir.

    Cari ilin ikinci yarasında gömrük nəzarətinin səmərəli təşkili ilə daxili bazarın qorunması və ərzaq təhlükəsizliyinin təmin olunması, xarici ticarət iştirakçıları olan sahibkarlıq subyektləri ilə əlaqələrin gücləndirilməsi üçün səylər artırılacaq, Dövlət Proqramlarının uğurlu icrası diqqət mərkəzində saxlanılacaqdır.

     

     

    Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi  bölməsinin məlumatı





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi