• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Hüquq mühafizə fəaliyyəti

    2019-cu ildə görülmüş işlər  

    Gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizə tədbirləri 2019-cu ildə də qətiyyətlə davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının tədbirlər planına əsasən gömrük orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işləri təkmilləşdirmək məqsədilə digər dövlət orqanları ilə birgə fəaliyyət planı müəyyənləşdirilmiş, gömrük qanunvericiliyinin pozulması hallarının, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlanılmış, məlumat mübadiləsi həyata keçirilmişdir. Hüquq-mühafizə orqanlarından alınan məlumatlar vaxtlı-vaxtında diqqətə alınmış və araşdırılması üçün müvafiq tədbirlər görülmüşdür.
    Hesabat dövründə 2 cinayət xarakterli fakt üzrə 8 kq 170 qram tiryək, 47 qram həşiş, 21 qram marixuana, 4,7 qram metamfetamin aşkar edilərək qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülmüş, faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işləri açılmışdır.
    Belə ki, Azərbaycan Respublikası vətəndaşı, Culfa rayonunun Əbrəqunus kəndində doğulan, Bakı şəhərində yaşayan Həsənova Nəzakət Qafar qızı 16 fevral 2019-cu il tarixdə İran İslam Respublikasından Culfa gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə gələrkən xaricdə özünə məlum olan mənbədən əldə edərək üzərində gizlətdiyi bir bükümdə 47 qram həşiş, 21 qram marixuana və 4,7 qram psixotrop maddə - metamfetamini ölkə ərazisinə keçirmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır.
    Digər cinayət xarakterli fakt isə 16 fevral 2019-cu il tarixdə İran İslam Respublikası vətəndaşı, Tehran şəhər sakini Gülsənəmlou Peyman Məhərrəm oğlunun idarə etdiyi “RENAULT” markalı 15 A 827 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilən zaman aşkarlanmışdır. Belə ki, tranzit olaraq Hollandiyaya aparılan qranit və mərmər daşları ilə yüklənmiş nəqliyyat vasitəsi Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsindən keçən zaman X-RAY tipli rentgen-nəzarət qurğusu vasitəsilə aşkarlanmış şübhəli təsvirlər əsasında yoxlanılmış, mərmər daşının işərisində süni sürətdə yaradılmış və aşkarlanması xüsusilə çətinləşdirilmiş gizli saxlanc yerindən 4 ədəd plastik butulkada olan 8 kq 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür.
    Qeyd etmək yerinə düşər ki, Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində quraşdırılan X-RAY tipli rentgen nəzarəti qurğusunun köməyi ilə muxtar respublikadan tranzit hərəkət edən nəqliyyat vasitəsindən aşkarlanan narkofakt transmilli cinayətkarlığa qarşı muxtar respublika gömrük orqanlarının qətiyyətli mübarizəsinin və texniki nəzarət vasitələrindən səmərəli istifadənin daha bir göstəricisidir.
    Hesabat dövründə psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılmışdır. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunmuş, narkotik vasitələr, psixotrop maddələr və onların perekursorlarının gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbir kimi bu halların cinayət məsuliyyəti yaratması barədə vətəndaşlarla maarifləndirmə işi aparılmışdır. 2019-cu il ərzində gömrük orqanları tərəfindən muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 68 min 894 ədəd müxtəlif adda dərman vasitələri saxlanılmışdır ki, bunların da 53 min 948 ədədi psixotrop tərkibli dərmanlar olmuşdur.
    2019-cu il ərzində gömrük sərhədindən müvəqqəti keçirilən mal və nəqliyyat vasitələrinin müəyyən edilmiş müddət ərzində geri qaytarılmasına gömrük orqanları tərəfindən nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə VAİS proqram təminatının “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı” bölməsinin və gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin təkmilləşdirilməsi üçün “Risklərin avtomatlaşdırılmış idarəedilməsi” sisteminin tətbiqi genişləndirilmiş, nəqliyyat vasitələri barədə Daxili İşlər Nazirliyi ilə elektron məlumat mübadiləsi aparılmışdır. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə işində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının digər sərhəd keçid məntəqələrində aşkar olunan narkotik vasitələr, onların keçirilmə yolları barədə məlumatlar mütəmadi olaraq şəxsi heyətə çatdırılmış, X-RAY tipli rentgen nəzarət qurğuları vasitəsilə əldə olunan gizli saxlanc yerlərinin görüntüləri təhlil olunmuşdur. Aşkar olunan maddələrin narkotik vasitə olmasını müəyyənləşdirmək üçün gömrük orqanları ekspres analizatorlarla təmin edilmiş, fiziki şəxslərin üzərində və ya bədən daxilində gizlin keçirmək istədiyi hər hansı bir predmetin aşkarlanması üçün Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi və Culfa Gömrük İdarəsində B-skan aparatları quraşdırılmışdır.
    Gömrük orqanları tərəfindən mülki dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan, milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan vasitələrə, o cümlədən gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gətirilən digər mallara qarşı da mübarizə tədbirləri davam etdirilmişdir. Bu məqsədlə idxalına rəsmi razılıq olmadığı üçün 745 ədəd dini kitab saxlanılmış və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə göndərilmişdir. Bundan əlavə, idxalına xüsusi icazə və razılıq tələb olunan 122 min 256 ədəd pirotexniki vasitə, 188 min 400 ədəd siqaret, 3 ədəd pnevmatik tapança, 85 ədəd pnevmatik tapança mərmisi, 12 ədəd odlu silah mərmisi, 254 ədəd ov silahı mərmisi, 1 ədəd tir silahı, 1000 ədəd tir gülləsinin qırması, 1 ədəd silah hissəsi, 30 ədəd beşbarmaq, 24 ədəd elektroşok, 6 ədəd gözyaşardıcı qaz, 19 ədəd ov bıçağı, 4 ədəd qılınc, 2 ədəd dəyənək, 2 ədəd qandal, 1 ədəd səsyazan aparat, 2 ədəd səsyazan aparat kaseti saxlanılmışdır. 192 ədəd spirtli içki etiketi, 6 ədəd yüzlük ABŞ dolları, 4267 kq yuyucu vasitə, 491 litr yağ saxta olduğundan saxlanılmış, 200 ədəd erməni pulu, gömrük ödənişlərindən yayınmaqla keçirlən 63 ədəd mobil telefon, idxalı məhdudlaşdırlmış 198 ədəd közərmə lampası, bir neçə gizlin keçirmə faktı üzrə ümumilikdə 200 litr spirtli içki barəsində də qanuna müvafiq tədbirlər görülmüşdür.
    Gömrük orqanları tərəfindən 2019-cu il ərzində ümumilikdə 81 inzibati xəta faktı aşkar edilmiş və inzibati məsuliyyətə cəlb olunanlardan 10 min 960 manat cərimə alınmışdır. İnzibati məsuliyyətə cəlb olunanlar barədə işlərin 6-na inzibati icraat qaydasında, 75-nə isə sadələşmiş qaydada baxılmışdır. Məsuliyyətə cəlb olunanların 79-u fiziki şəxs, 2-si hüquqi şəxs olmuşdur. Məsuliyyətə cəlb olunan fiziki şəxslərin 57-si Azərbaycan Respublikası vətəndaşı, 22-si isə xarici ölkə vətəndaşları olmuşdur. Aşkar edilmiş inzibati xətalara dair işlərin nəticələri təhlil olunmuş və qəbul edilmiş qərarların icra vəziyyəti yoxlanılmışdır.
    Əməliyyat-axtarış fəaliyyəti sahəsində peşəkarlığının artırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları və Dövlət Gömrük Komitəsinin Akademiyasının ixtisaslı müəllimləri ilə birgə kurslar təşkil olunmuş, kursların yekun nəticələri ilə bağlı keçirilən yoxlama imtahanlarında əməkdaşlarımız yüksək nəticə göstərmişlər. Gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə işinin təkmilləşdirilməsi, əməkdaşların ayıq-sayıqlığının test edilməsi məqsədilə keçirilən praktik yoxlamalar, gömrük sərhədindən malların və narkotik vasitələrin qanunsuz keçirilməsi yolları barədə müvafiq istiqamətləndirici seminarlar da əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olmuşdur.
    2019-cu il ərzində kinoloji xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər də hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinə müsbət təsir göstərmişdir. Əsasən narkotik vasitə, siqaret, silah, pirotexniki vasitə və valyuta axtarışı üzrə ixtisaslaşmış müxtəlif cinsli kinoloji itlərin təlimi və baxımı həyata keçirilmiş, kinoloqların peşəkarlıq səviyyəsi və xidməti itlərin axtarış qabiliyyətləri yoxlanılmışdır.
    Gömrük orqanları bundan sonra daha səmərəli nəticələr əldə etmək üçün bütün səy və bacarıqlarını mütəşəkkil qaydada səfərbər edəcək, öz fəaliyyətini muxtar respublikamızda əldə olunmuş sabitliyin, sağlam və firavan həyat şəraitinin qorunmasına, əməliyyat-axtarış işinin genişləndirilməsinə, gömrük sahəsində hüquqpozma hallarının qarşısının qətiyyətlə alınmasına yönəldəcəkdir.


    Komitənin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi