• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Naxçıvan Muxtar Respublikasının mədəniyyəti

    Heydər ƏLİYEV: Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: ”Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Qədim Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi mədəniyyət nümunələri və tarixi abidələrlə ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüffat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir. Naxçıvan ərazisində yaşamış və yaratmış ulu əcdadlarımızın özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür.

    Muxtar respublika ərazisindəki Qazma, Əshabi-Kəhf və Kilit mağaraları, Batabat yaylağında, Naxçıvançay və Əlincəçay vadilərində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. IV minilliyin sonu – II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qalaşəhər məntəqələri yaranmışdır.

    Naxçıvan daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən bu abidə ziyarətgahıdır. Qədim tariximizin yadigarı olan, xalqımızın bir sıra inanclarını özündə yaşadan bu abidə barədə müqəddəs dini kitablarda bəhs edilməsi, ”Quran”da ayrıca surənin olması onun daha əvvəllər də tanınmasının sübutudur.

    Naxçıvan ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Qayaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi qədim əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər qalereyasıdır.

    Naxçıvan qədim və orta memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan atabəyləri dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar vermişdir.

    Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan qülləvari türbələrin yaradılmasında naxçıvanlı memarların böyük xidmətləri olmuşdur. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrin ikinci yarısında Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu və Mömünə Xatun türbələri orta əsrlər mədəniyyətinin insan xatirəsini monumental ölçülərlə əbədiləşdirən ən uğurlu nümunələridir. Haqlı olaraq bu dövrü monumental sənət yaradıcılığının, Azərbaycan mədəniyyətinin qızıl dövrü adlandırırlar. Əcəmi Naxçıvani öz əsərlərində təkcə bədii təfəkkürün dərinliyini və təkrarolunmazlığını deyil, eləcə də geniş riyazi biliyə əsaslanan mühəndislik dühası göstərmiş, XII əsr Azərbaycan elminin tükənməz imkanlarını nümayış etdirmişdir.

    Tədqiqatlar göstərir ki, XII əsrdən başlayaraq Naxçıvanda 3-4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, məscidlər, zəngin tərtibatlı hamamlar inşa olunurdu. Burdakı qədim dövrlərə və orta əsrlərə aid yaşayış məskənləri, siklop tikililəri, qalalar, istehkamlar, memarlıq abidələri inşaat materiallarının və tikinti texnikasının zənginliyi ilə diqqəti cəlb edir.

    Bu qiymətli abidə və tikililərdə Yusif Küseyr oğlu (1162) və Mömünə Xatun (1186-1187) türbələrini, Gülüstan türbəsini (XII-XIIIəsrlər), Qarabağlar memarlıq kompleksini (XIII-XIVəsrlər), Xanəgah (XIII-XV əsrlər), Buzxana (XVI əsr), Xan evi (XVIII əsr), İamamzadə kompleksi (XVIII əsr), Şərq hamamı (XVIII-XIX əsrlər), Zaviyyə məscidi (XVIII-XIX əsrlər), Cümə məscidi (XIX əsr) və sair tarixi memarlıq abidələrini göstərmək olar.

    Qədim Azərbaycanın Naxçıvan ərazisinə gəlmiş Övliyə Çələbi, Tavariye, Şarden, Dübuye de-Mopere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçiləri, coğrafiyaşünaslar, səyyahlar, missionerlər bu qədim diyarda tikilmiş abidələr, mədəniyyət ocaqları haqqında qiymətli məlumatlar, xatirələr qoyub getmişlər. Məşhur sənətşünas M.V.Alpanov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəçəri təravəti biz “Naxçıvan abidələrində görürük”. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını “İkinci Altay” adlandırmışdır.

    Naxçıvan orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilmiş və yazılmışdır: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”.

    Təbii ki, hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Bu baxımdan muxtar respublika ərazisindəki tarixi abidələr - qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır.

    Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilmiş, 1200-dən çox dünya, respublika və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq qeydiyyata alınmışdır.

    2018-ci ildə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olmuşdur. Naxçıvanın İslam Mədəniyyət Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan tarixən İslam sivilizasiyanın, Türk-İslam mədəniyyətinin əsas mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaqdır.

     “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı ­sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, tanıdılması ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir.

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi