• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Sədərək Gömrük İdarəsi

    “Qeyrət qalası” hesab olunan Sədərək rayonu nəyinki Naxçıvan Muxtar Respublikasının, ümumilikdə Azərbaycanın qardaş Türkiyə ilə yeganə sərhəd bölgəsidir. Tarixdən məlumdur ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Paşa ötən əsrin 20-ci illərində öz ölkəsi üçün yaranmış  şəraitdən məharətlə istifadə edərək 11 kilometlik sahəni Azərbaycana çıxış əldə etmək üçün İrandan satın almışdır. Məhz böyük Atatürkün bu uzaqgörənliyi iki qardaş xalqı bir-birindən ayrı düşməyə qoymamışdır.

    “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,- deyən Atatürk İstiqlal müharibəsi illərində Şərq komandanlığına Ərzurum, Qars, Ərdəhan və Ağrı ilə bərabər Naxçıvanla bağlı sərəncamlar vermiş, bu sərəncamlarda Naxçıvanın erməni işğalından, amerikan-ingilis hegamonluğundan qorunması ilə bağlı konkret göstərişlər öz əksini tapmışdır. Məhz türk dünyasının o böyük oğlunun ciddi təkidləri nəticəsində Naxçıvan Qars və Moskva müqavilələrini imzalayan dövlətlər tərəfindən Azərbaycan torpağı kimi qəbul olunmuş, Azərbaycanın tərkibində Naxçıvan Vilayəti yaradılmışdır. Mustafa Kamal Paşa Naxçıvanla bağlı fikirlərini belə ifadə etmişdir: “Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır”.

    Əfsuslar olsun ki, 1920-1990-cı illərdə Azərbaycanda mövcud olan sovet hakimiyyəti hər vəchlə iki qardaş xalqın bir araya gəlməsinə mane olmuş, bu ərazidən körpü salınmasına və gediş-gəlişə imkan verilməmişdir. Nəhayət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvana rəhbərlik edərkən bu məhrumiyyətin aradan qaldırılmasına nail olmuşdur. Sədərəkdəki zastava Naxçıvan sərhəd dəstəsinə tabe edilmiş, sonra isə burada Azərbaycanın ilk milli sərhəd dəstəsi təşkil olunmuşdur.

    Ötən əsrin 90-cı illərinin əvvəllərindən söz düşmüşkən qeyd etmək lazımdır ki, həmin illər mənfur Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əsas ərazi vahidindən ayrı düşmüş və blokadaya salınmış  Naxçıvan üçün son dərəcə məşəqqətli dövr kimi tarixə düşmüşdür. Sovetlər birliyi ilə həmahəng olaraq iqtsadi mexanizmlərin dağılması, yenisinin isə yaranmaması bütün istehsal sahələrinə öz mənfi təsirini göstərmişdir. Dəmir yolunun fasilələrlə işləməsi və 1992-ci ilin aprel ayının 14-dən tamamilə dayanması, 1991-ci ilin dekabr ayından muxtar respublikaya qaz nəqlinin, o cümlədən elektrik enerjisinin tamamilə kəsilməsi onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırmışdır. Sənaye, tikinti təşkilatları lazımi xammal və avadanlıqlarla, inşaat materialları ilə təmin olunmadığından onların əksəriyyətinin fəaliyyəti dayanmış, qısa vaxta sənaye məhsullarının ümumi həcmi 50,3 faiz, xalq istelak malları 51,9 faiz azalmış, heç bir obyekt tikilib istifadəyə verilməmişdir.

    Naxçıvanın blokadada olmasının ən təhlükəli cəhəti həm də ondan ibarət idi ki, əhalinin ən zəruri ərzaq məhsullarına - una, çörəyə olan tələbatının ödənilməsi minimuma enmiş, çörək ehtiyatı iki-üç günə yetəcək qədər azalmışdı. Eyni zamanda, muxtar respublika Ermənistan tərəfdən silahlı təcavüzə məruz qalmış, informasiya blokadası dərinləşmiş, mənfur düşmənlə sərhəddə yerləşən yaşayış məntəqələrində yaşayış səviyyəsi dözülməz vəziyyətə düşmüşdü.

    Həmin dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvanda olması və muxtar respublikaya rəhbərlik etməsi bu qədim diyarı üzləşdiyi ağır vəziyyətdən və mənfur düşmənin əlinə keçməkdən xilas etdi. Taleyüklü məsələrinin həllində 70 il aradan sonra qardaş Türkiyə ilə qurulan qarşılıqlı münasibətlər həyati önəm kəsb edirdi. Ardıcıllıqla aparılan danışıqlar, qəbul edilən qərarlar tarixi Türkiyə-Azərbaycan birliyinin bərpasına və blokadaya düşmüş Naxçıvan Muxtar Respublikasının xilasına yönəlmişdi.

    1991-ci il oktyabr ayının 29-da Azərbaycanla Türkiyə arasında, Sədərək rayonu ərazisində Araz çayı üzərində salınmış müvəqqəti körpünün açılışı oldu. Açılış mərasimində möhtərəm Heydər Əliyev, Türkiyə hökumət dairələrinin nümayəndələri, Bakıdan gəlmiş Azərbaycanın elm və mədəniyyət xadimləri çıxış etdilər. Bu tarixi hadisədən sonra Türkiyə-Naxçıvan, o cümlədən Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoydu. Qardaş ölkə möhtərəm Heydər Əliyevin ciddi cəhdləri və siyasi səyləri nəticəsində faciədən və məşəqqətdən xilas olmağa çalışan muxtar respublikaya maddi və mənəvi dəstəyini əsirgəmədi.

    Bu həyati tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyə Respublikası Hökumətinin dəvəti ilə 1992-ci ilin mart ayının 22-dən 25-ə qədər qardaş ölkədə rəsmi səfərdə oldu. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış dostluq, əməkdaşlıq və yaxın qonşuluq müqaviləsi və Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında tarixi və mədəni qardaşlıq əlaqələri əsas götürülərək bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında razılıq əldə olundu. Bu məqsədlə Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Ankarada Türkiyə Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsini nəzərdə tutan birgə əməkdaşlıq protokolu imzaladılar.

    1992-ci il may ayının 28-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya  vasitələri nümayəndələri ilə birgə Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr olan yeni körpünün - “Ümid körpüsu”nün açılışını etmək üçün Naxçıvana gəldi. S.Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla olmuşdur və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.

    Minlərlə türk və azərbaycanlının iştirakı ilə keçirilən tarixi açılış mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev xalqlarımız arasında uzun illərdən bəri davam edən həsrət və intizarın sona çatmasına işarə edərək dedi: “Bu gün arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki,  bu günü gözləyirdik və arzularımız həyata keçdi”. Bu körpünün təkcə hər iki ölkəni coğrafi cəhətdən birləşdirmədiyini önə çəkən Süleyman Dəmirəl “Ümüd körpüsü”nün əhəmiyyətini geniş şərh edərək yüksək qiymət verdi: “Bu körpü təkcə Azərbaycanla Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında da körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər”.

    Ulu öndər Heydər Əliyev “Ümüd körpüsü”nün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarla Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etdi. Qeyd edək ki, fəaliyyət göstərdiyi dövrdə bu körpü iki qardaş xalqı bir-birinə daha sıx birləşdirməklə yanaşı, hər iki tərəfdən insanların həyat səviyyəsinin yaxşılaşmasına da böyük töhfə vermişdir.

    Dövlətimiz tərəfindən Naxçıvan üçün böyük siyasi-iqtisadi əhəmiyyət kəsb edən Sədərək keçid məntəqəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və normal iş şəraitinin yaradılması istiqamətində məqsədyönlü  işlər görülmüşdür. 2005-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Sədərək Gömrük İdarəsi üçün iki korpusdan ibarət gömrük kompleksi istifadəyə verilmiş,  gömrük nəzarəti və rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə aparılması, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə effektli mübarizə tədbirlərinin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. 2008-ci ilin iyun ayının 2-dən Sədərək-Dilucu Sərhəd Keçid Məntəqəsi 16 saatlıq iş rejimindən 24 saatlıq iş rejiminə keçirilmişdir.  

    Sonrakı illərdə gömrük infrasturkturunun yenilənməsi üçün işlər görülmüş, maddi-texniki baza möhkəmləndirilmişdir. Gömrük sahəsində hüquqpozmalara qarşı daha effektiv mübarizə aparılmasına nail olmaqdan ötrü ən müasir texniki nəzarət vasitələri, o cümlədən əl yüklərinin və avtonəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen nəzarət qurğuları, şübhəli şəxslərin müayinəsi üçün “body-scan” alınıb quraşdılırmış, kinoloji xidmətin fəaliyyəti təmin olunmuşdur.

    Muxtar respublikamızın digər gömrük orqanları kimi, Sədərək gömrük sərhəd buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılmış, avtonəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” qurulmuşdur. Xarici ölkələrdə qeydə alınan yoluxucu xəstəliklərin muxtar respublikamıza keçməsinin qarşısının alınması üçün dezinfeksiya baryeri yaradılmış, gömrük nəzarət zonasında radiasiya əlehinə qurğular quraşdırılmışdır.

    Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək gömrük sərhəd buraxılış məntəqəsi üçün yeni kompleks qurulur. 18 hektara yaxın ərazidə inşa olunan yeni infrastruktur yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət müasir gömrük kompleksidir.

    Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla avtobus və minik nəqliyyat vasitələri, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək. Bir zolaq isə sürətli keçid üçün istifadə olunacaq.

    Sərnişin keçid zalı iki hissədən – giriş və çıxış zallarından ibarətdir. Keçid zallarında DUTY FREE, kafe, gömrük əməliyyatları və sərhəd nəzarətinin həyata keçirilməsi üçün xidməti otaqlar yerləşir. Avtonəqliyyat vasitələrinin və sərnişinlərin keçidi üçün nəzərdə tutulan binanın ikinci mərtəbəsində xidməti otaqlar, üçüncü mərtəbədə isə iclas zalı və görüş otağı vardır.

    Tikintisi başa çatdırılan Yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Burada xüsusi saxlanc şəraiti tələb edən malların saxlanması üçün də ayrıca anbar vardır. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü X-Ray tipli rentgen nəzarət quruğusu mövcuddur.

    Qeyd edək ki, Sədərək gömrük sərhəd buraxılış məntəqəsində xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni gömrük kompleksinin istifadəyə verilməsi ilə Naxçıvanın Qərbə açılan qapısı modern görkəmə qovuşacaq, burada gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsi təmin olunacaq, muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadə imkanları üçün əlavə stimul yaranacaqdır.

     

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi