• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    Culfa Gömrük İdarəsi

    Qədim Naxçıvan diyarının əlverişli coğrafi mövqedə - Şərqlə Qərbin qovşağında yerləşməsi burada ticarət və gömrük münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Tarixi ticarət yollarının bu ərazidən keçməsi, Naxçıvanın tarixən mövcud olmuş güclü Azərbaycan dövlətlərinin əsas mərkəzlərindən biri olması bu bölgənin əhəmiyyətini artırmışdır. Bu qədim yurdun iqtisadi həyatında Araz çayı sahilində yerləşən Culfa şəhərinin mühüm rolu olmuşdur. Vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçmiş, bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılmışdır.

    Azərbaycan torpaqları uğrunda Rusiya və İran arasında baş vermiş müharibələrin (1806-1813 və 1826-1828-ci illər) hüquqi nəticəsi olan Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən, Araz çayı hər iki dövlət arasında sərhəd xətti müəyyən edildiyindən bu çayın sahilində yerləşən Culfa şəhərinin ticarət və mədəni əlaqələrində yeni dövr başlamışdır. 1829-cu ildən Culfa şəhəri ərazisində -  Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilmişdir. Bu gün də uğurla fəaliyyət göstərən Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulmuşdur.

    Qafqaz canişini Aleksandr Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin-Gömrük Hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”nin 4-cü paraqrafına görə Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı İmperiyası ilə sərhəd olan Ağrı dağına qədərki məntəqələr (Naxçıvan gömrükxanası, Culfa gömrükxanası, Şahtaxtı keçidi, Ordubad keçidi, Baş Noraşen keçidi, Nehrəm keçidi) Naxçıvan gömrükxanasının ixtiyarına verilmişdir. Naxçıvan Karantin-Gömrük Kontoru 1885-ci ildə Culfa şəhərinə köçürülmüş və XX əsrin 20-ci illərinə qədər orada fəaliyyət göstərmişdir.

    XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin İranla ticarətdəki mövqeyi daha da artmışdır. Culfa gömrükxanası xüsusən də İrandan Avropaya və əks istiqamətdə tranzit yüklərin daşındığı əsas məntəqələrdən birinə çevrilmişdir.

    1908-ci ildən Culfa dəmiryol qovşağının Zaqafqaziya dəmiryolları şəbəkəsinə qoşulması ilə Rusiya ilə İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. 1915-ci ildə Culfadan Təbrizə ilk dəmir yolu çəkilmiş, Naxçıvan dəmir yolu ticarətində mühüm mərkəzə çevrilmişdir. Dəmir yolunun çəkilişindən sonra ticarət dövriyyəsi və iş həcmi artdığından Rusiya Maliyyə Nazirliyinin Gömrük Yığımları Departamentinin icazəsi ilə Culfa gömrükxanasına yeni bina tikilmişdir. 1990-cı ilə qədər Culfa gömrükxanası həmin binada fəaliyyət göstərmişdir.

    İrəvan quberniyasının 1914-cü ilə aid icmalında qeyd olunur ki, həmin il İrandan gətirilən malların 84,7 faizi Culfa gömrükxanasının payına düşmüşdür.

    1920-ci ilin aprelində Rusiyanın Azərbaycanı işğal etməsindən sonra sovet respublikalarının sərhədindəki gömrük məntəqələrinin ləğv edilməsi prosesi başlanılsa da, İranla geniş sərhəd xəttinə malik Naxçıvanda gömrük xidmətinin fəaliyyətinə diqqət artırılmışdır. Naxçıvan ərazisindəki gömrük orqanlarının işinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Naxçıvan İnqlab Komitəsinin 22 dekabr 1920-ci il tarixli qərarı ilə Naxçıvan Rayon Gömrük İdarəsi yaradılmışdır.

    SSRİ Xarici Ticarət Xalq Komissarlığı tərəfindən 26 yanvar 1925-ci ildə təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısına nəzər saldıqda görürük ki, Azərbaycan ərazisində birinci dərəcəli 3 gömrükxana fəaliyyət göstərmişdir ki,  onlardan biri də Culfa gömrükxanası olmuşdur (digərləri Bakı və Astara idi). Həmin dövrdə İrəvan (ikinci dərəcəli gömrük orqanı) və Mehri (üçüncü dərəcəli gömrük orqanı) gömrükxanaları  hüquqi cəhətdən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisindəki Culfa Gömrük İdarəsinə tabe etdirilmişdir.

    1925-cı ildən başlayaraq Qərbi Avropadan Batumiyə gətirilən malların tranziti üçün vahid lisenziya əsasında çox aşağı tariflər tətbiq olunmuşdur. Poti limanından  dəmir yolu ilə Bakıya gətirilən mallar Culfadan keçməklə İrana daşınmışdır. Culfada SSRİ Xarici Ticarət Komissarlığının “Raznoeksport” adlı ümumittifaq ixrac-idxal birliyinin qəbul məntəqəsi, İranla ticarət əməliyyatlarında mühüm rola malik olan  “Eksportxleb” adlı ümumittifaq birliyinin agentliyi fəaliyyət göstərmişdir. Sovet respublikaları ərazisindən quru yolu ilə daşınan mallar da İran bazarına Culfa gömrükxanasından keçməklə daxil olmuşdur.

    Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli qərarı ilə Culfa gömrükxanasının səlahiyyətinə sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin müayinəsi və onların buraxılması, xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət,  qaçaqmalçılığın müəyyən edilməsi və tutulması, qaçaqmalçılıq barədə işlərin həll edilməsi, yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və tutulması kimi vəzifələr aid edilmişdir. Culfa gömrükxanasında İrandan qəbul edilən və həmin ölkəyə yola salınan tranzit yüklərə gömrük baxışının sürətləndirilməsi sahəsində görülən tədbirlər mərkəzi aparatın diqqətini cəlb etmişdir. Zaqafqaziya Gömrük İdarəsi tərəfindən 29 sentyabr 1927-ci il tarixdə yerli gömrük orqanlarına göndərilən məktubda Culfa gömrükxanasında əldə edilən müsbət təcrübədən istifadə edilməsi tövsiyə olunmuşdur.

    1930-cu illərdə Azərbaycan sərhədlərindən keçməklə İrandan üçüncü ölkələrə göndərilən tranzit yüklərin 74 faizi Culfa gömrükxanasında qeydiyyata alınaraq Batumi limanına göndərilmişdir. 1935-ci il avqustun 13-də SSRİ ilə İran arasında ticarət müqaviləsinin imzalanması iqtisadi-ticarət əlaqələrinin həcminin artmasına səbəb olmuşdur.

    1940-cı ildə Tehranla Təbriz şəhərləri arasında dəmir yolu əlaqəsinin yaradılması, Bakı-Culfa dəmiryolu xəttinin tikintisinin başa çatdırılması, 1941-ci ildə Culfa-Mincivan və Osmanlı-Astara dəmir yolu xətlərinin istismara verilməsi ilə yük və sərnişin daşımaları daha da artmışdır.

    İkinci dünya müharibəsi illərində həyati əhəmiyyət daşıyan yüklər, o cümlədən müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi bu gömrük orqanında yoxlanılmış və rəsmiləşdirilmişdir.

    Müharibədən sonrakı illərdə də Culfa gömrkxanası xarici ticarət dövriyyəsində və tranzitdə öz əhəmiyyətli mövqeyini qoruyub saxlamışdır.

    Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra xarici ticarət əlaqələrinin genişləndirilməsi, gömrük nəzarəti və dövlət sərhədinin mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu öndər 1970-80-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanda gömrük işinin inkişafına, bu sahədə ixtisaslı milli kadrların hazırlanmasına diqqətlə yanaşmış, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərilmişdır. Dahi rəhbər Heydər Əliyev 1980-ci ildə Azərbaycanın bütün cənub dövlət sərhədi boyu yerləşən sərhəd və gömrük-buraxılış məntəqələrinə səfəri çərçivəsində Culfa gömrükxanasının əməkdaşları ilə də görüşmüşdür. Arxiv sənədləri ilə tanışlıq zamanı aydın olmuşdur ki, istər çar Rusiyası, istərsə də Sovet İmperiyası dövründə digər gömrük orqanlarımız kimi, Culfa gömrükxanasında da əsas vəzifələrdə azərbaycanlıların xidmət etməsinə imkan verilməmiş, mərkəz tərəfindən hər vəchlə yerli peşəkar kadrların yetişməsinin qarşısı alınmışdır. 1970-ci ildən başlayaraq azərbaycanlı məmurlar Culfa gömrükxanasında yüksək vəzifələrə irəli çəkilmişdilər.

    190 yaşlı Culfa sərhəd keçid məntəqəsi əsl inkişaf dövrünü məhz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan üçün, xüsusən də odlar yurdunun qədim parçası olan Naxçıvan üçün son dərəcə ağır və məşəqqətli dövr kimi tarixə düşmüşdür. Mənfur Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşərək məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim yurd yerinin xilası ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.

    1991-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin şəxsi təşəbbüsü  və qətiyyəti sayəsində İran İslam Respublikası ilə əldə olunmuş razılığa əsasən, bu ölkənin ərazisindən keçməklə Azərbaycan Respublikasının əsas ərazi vahidi ilə əlaqə yaradılmışdır. Culfa gömrük sərhəd buraxılış məntəqəsi blokada vəziyyətində yaşayan Naxçıvan üçün Azərbaycanın əsas ərazi vahidinə açılan rəmzi qapıya çevrilmişdir.

    1993-cü ildə Culfa rayonu ərazisində Azərbaycan-İran müştərək bazarının açılması ilə Culfa gömrük sərhəd buraxılış məntəqəsinin muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolu artmış, bu gömrük orqanının xidmətindən istifadə edən vətəndaşların sayı çoxalmışdır.

    Azərbaycanın ən qədim gömrük orqanlarından olan Culfa Gömrük İdarəsi daim dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2007-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Culfa gömrük sərhəd buraxılış məntəqəsi üçün yeni kompleks istifadəyə verilmiş, yüksək iş və xidmət şəraiti yaradılmışdır. İnzibati bina ilə sərhəd-keçid məntəqəsinin vahid kompleks halında inşa olunması ilə idarəetmə təkmilləşdirilmişdir. Sərnişinlər üçün giriş-çıxış zalları, yük xətti, platforma və anbar binaları müasir formada qurulmuş, Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının və minik nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük baxışı üçün ayrıca xətt formalaşdırılmışdır. Sonrakı illərdə gömrük infrasturkturunun yenilənməsi üçün işlər görülmüş, maddi-texniki baza möhkəmləndirilmişdir. Gömrük sahəsində hüquqpozmalara qarşı daha effektiv mübarizə aparılmasına nail olmaqdan ötrü ən müasir texniki nəzarət vasitələri, o cümlədən əl yüklərinin və avtonəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen nəzarət qurğuları, şübhəli şəxslərin müayinəsi üçün “body-scan” alınıb quraşdılırmış, kinoloji xidmətin fəaliyyəti təmin olunmuşdur.

    Muxtar respublikamızın digər gömrük orqanları kimi, Culfa gömrük sərhəd buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılmış, avtonəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” qurulmuşdur. Xarici ölkələrdə qeydə alınan yoluxucu xəstəliklərin muxtar respublikamıza keçməsinin qarşısının alınması üçün dezinfeksiya baryeri yaradılmış, gömrük nəzarət zonasında radiasiya əlehinə qurğular quraşdırılmışdır. Culfa gömrük sərhəd buraxılış məntəqəsinin ərazisində rüsumsuz ticarət mağazasının da fəaliyyəti təmin olunmuşdur.

    Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə yeni körpü salınmışdır. Qeyd edək ki, tarixən bu ərazidə ticarət əlaqələri müxtəlif vasitələrlə həyata keçirilmişdir. Əvvəllər burada 300 puda qədər yük götürən bərələr olmuşdur. Sonra bu istiqamətdə taxta körpü salınmış, Böyük Vətən Müharibəsi illərində taxta körpü dəmir körpü ilə əvəz olunmuşdur. 2007-ci ilin avqust ayında Bakı şəhərində imzalanmış Anlaşma Momerandumuna əsasən, bu vaxta qədər Araz çayı üzərində mövcud olmuş dəmir körpüyə paralel olaraq eni 12 metr, uzunluğu isə 250 metr olan yeni körpü tikilimiş və 2011-ci ilin iyun ayında istifadəyə verilmişdir.

    Bu gün muxtar respublikamızın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikası ilə Azrərbaycan Respublikasının əsas ərazi vahidi arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində Culfa gömrük sərhəd buraxılış məntəqəsinin xüsusi rolu vardır. Muxtar respublikamızın İran İslam Respublikası ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və və digər Asiya ölkələri ilə ticarət əlaqələri bu gömrük orqanı vasitəsilə aparılır. Dəmir yolu ilə daşınan yüklərlə yanaşı, elektrikötürücü xətlər və boru kəməri vasitəsilə nəql edilən elektrik enerjisi və mavi yanacaq  üzərində gömrük nəzarəti də Culfa gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilir. Bu gömrük orqanı 24 saatlıq iş rejimində fəaliyyət göstərir.     

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi