• NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
  • Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
    “Naxçıvanterminalkompleks” Birliyi

    “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikanın xarici iqtisadi əlaqələrində mühüm rol oynayan gömrük orqanlarındandır. Çar Rusiyası dövründə, daha dəqiq desək, 1905-1907-ci illərdə fəaliyyətə başlayan bu gömrük orqanı Sovet İttifaqı yarandıqdan sonra Rusiya Xarici Ticarət İqtisadi Birliyinin yerli şöbəsi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra “Azərterminalkompleks” Birliyinin Naxçıvan şöbəsi kimi fəaliyyət göstərmiş, 2002-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilmişdir.“Naxçıvanterminalkompleks” Birliyi 2015-ci ilin sonlarına qədər Çar Rusiyası dövründə tikilən binada fəaliyyət göstərmişdir. Həmin ilin dekabr ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə “Naxçıvanterminalkompleks” Birliyi üçün müasir kompleks istifadəyə verilmiş, yüksək iş və xidmət şəraiti yaradılmışdır.

    Birliyin ərazisində qurulan anbar bir açıq və yeddi qapalı hissəyə bölünmüş, xüsusi şərait tələb edən məhsulların saxlanılması üçün iki ədəd soyuducu anbar quraşdırılmışdır. Qatarla və avtomaşınlarla daşınan yüklərin yoxlanılması, yüklənib-boşaldılması üçün anbarın hər iki tərəfində platforma mövcuddur. Qeyd edək ki, “Naxçıvanterminalkompleks” Birliyi muxtar respublikamızda dəmir yolu ilə daşınacaq yüklərə gömrük nəzarətini həyata keçirmək imkanına malik yeganə gömrük orqanıdır. 

    Kompleksin ərazisində yüklərin çəkilməsi üçün 60 tonluq tərəzi quraşdırılmış, əvvəlki dəmiryol xətti yenidən qurulmuşdur.

    Təsərrüfathesablı formada fəaliyyət göstərən bu qurum tərəfindən mal və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi üzrə gömrük təmsilçiliyi xidməti göstərilir, yüklü avtonəqliyyat vasitələrinin gömrük nəzarəti məqsədilə yoxlama tərəzilərində çəkilməsi təmin olunur. Xarici dövlətlərə yüklərin daşınmasının təşkili, avtomaşınlara beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin yazılması, muxtar respublika ərazisində gömrük və müvəqqəti saxlanc anbarlarının yaradılması Birlik tərəfindən həyata keçirilməkdədir. Rüsumsuz ticarət və firma mağazalarının təsis və fəaliyyətinin təmin edilməsi, qanunvericiliyə uyğun olaraq müsadirə edilmiş malların gömrük hərracları vasitəsilə realizəsi də Culfa şəhərində yerləşən bu gömrük orqanının əsas fəaliyyət istiqamətlərindəndir.

     





    © 2019 dgk.nmr.az | Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi